Saat:05:21
Haqqımızda

Azərbaycanda da dəhşətli yanğınlar törədilə bilər?

2021-08-03 11:53:00

Azərbaycanda da dəhşətli yanğınlar törədilə bilər?

Ümumiyyətlə, müvafiq qurumlarımız bu cür yanğınların qarşısını almaq iqtidarındadır?

Qardaş ölkəmiz olan Türkiyədə günlərdir ki, meşə yanğınları davam edir. Son günlər ərzində 100-dən çox meşə ərazisində yanğınlar geniş vüsət alıb. İyulun 28-dən bəri davam edən yanğınlar nəticəsində 8 nəfər həlak olub, 400-dən çox insan zərər çəkib. Ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri Bekir Pakdemirlinin sözlərinə görə, iyulun 28-dən bu yana ölkədə 125 yanğından 117-si ya söndürülüb, ya da nəzarət altına alınıb. Ən böyük yanğınların turizm bölgələrində baş verməsi bunun məqsədli şəkildə törədildiyi ehtimalını artırır. Bundan əlavə, yanğınların bir-birindən uzaq məsafədə yerləşən ərazilərdə eyni vaxtda baş verməsi bunun qardaş ölkəyə qarşı ekoloji terror ehtimalı olmasını ortaya qoyur. 

Hadisənin konkret olaraq necə baş verdiyi məlum olmasa da, türk mediasında meşəlik ərazilərin bilərəkdən yandırılması ehtimalları səsləndirilir. Ekoloqların fikrincə, istənilən yanğın hadisəsi atmosferə mənfi təsirlərini göstərir. Xüsusən, bu cür yanğınlar tərkibində kimyəvi maddələr olan məmulatlar üzərində baş verərsə, bu da hava qatının zəhərli maddələrə məruz qalması deməkdir.

Adətən, ilin ən isti ayı avqust ayı hesab olunur. Məhz bu ay həm də əksər ölkələrdə meşə yanğınları ilə müşayiət olunmasıyla fərqlənir. Xatırladaq ki, 2019-cu ildə Rusiya, Yunanıstan, Gürcüstan, Türkiyə, nəhayət, Cənubi Amerika ölkələri meşə yanğınları ilə mübarizə aparırdı. Həmin vaxtı da yanğınların müxtəlif ərazilərdə baş verməsi bunun terror aktı olması ehtimalını atırmışdı. Ən böyük yanğın isə Amazon meşələrində qeydə alınmışdı. Amazon meşələrində qarşısı alına bilməyən yanğın hadisələri dünyanın da diqqət mərkəzində olub. Adətən belə çoxsaylı meşə yanğınları quraqlıq dövrdə qeydə alınır. Hətta, vəziyyət o həddə çatmışdı ki, yanğınlarla mübarizə Böyük Yeddilik ölkələrinin Fransada keçirilən zirvə görüşündə də müzakirə olunub.

Şöbhəsiz ki, Türkiyənin əsas gəlir mənbələrindən olan turizm sektoruna bu mövsüm ciddi zərbə vurulub. Görünür ki, Türkiyəni istəyəmənlərin əsas planı iqtisadiyyata zərbə vurmaq olub və buna da nail oldular desək, heç də yanılmarıq. İqtisadiyyata zərbə vurulmaqla yanaşı çox sayda insanın evinə və təsərrüfatın da külli miqdarda ziyan dəyib. Bu da hakimiyyətə qarşı kütləvi etirazlara gətirib çıxaracağına əsas yaradır.

Bəs Azərbaycanın meşələri necə qorunur? Şübhəsizdir ki, cəmiyyətimizdə Türkiyədəki məlum meşə yanğınlarından sonra "Azərbaycanda da dəhşətli yanğınlar törədilə bilərmi və əgər törədilərsə bunun qarşısını ala bilərikmi?" kimi suallar dolaşır.

Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevlə danışdıq. Nazirliyin rəsmisi "Hürriyyət"ə müsahibəsinə dedi ki, yanğının söndürülməsi ilə bağlı "Samur-Yalama", "Hirkan" və "Şirvan" milli parklarında təlimlər keçirilir və bu təlimlər hazırda da davam etdirilir: "Ümumiyyətlə, yay mövsümündən əvvəl xüsusi mühafizə olunan təbiət ərazilərində yanğından mühafizə sahəsində gücləndirilmiş iş rejimi tətbiq olunur. Gücləndirilmiş iş rejiminin mahiyyəti ondan ibarətdir ki, şəxsi heyət manqalara bölünür və hərənin öz vəzifə təlimatları olur. Yanğın baş verəcəyi təqdirdə kimin hansı işlə məşğul olacağı təlimata uyğun olaraq öyrədilir. Bundan əlavə, yanğın baş verəcəyi anda xüsusi alətlərdən, yəni balonlardan və digər qurğulardan istifadə qaydaları öyrədilir. Onların sazlığına nəzarət olunur.

Həmçinin yaz mövsümündən başlayaraq, ərazilərdə süni su saxlayıcıları yaradılır. Su saxlayıcılar ona görə yaradılır ki, yanğın ehtimalı daha çox olan ərazilərdə rahat şəkildə istifadə oluna bilsin. Yanğının əkin sahələrinə və xüsusi mühafizə olunan təbiət ərazilərinə keçməsinin qarşısını almaq üçün mövsümün əvvəlində həmin ərazilərin sərhədi boyunca mineral zolaqlar salınır. Həmin ərazilər şumlanılır ki, rahat şəkildə yanğından mühafizə oluna bilinsin.

Bundan əlavə, 2021-ci ildən başlayaraq, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə ərazilərdə təlimlər başlanılıb. Təlimlərin əsas mahiyyəti həm şəxsi heyətin yanğının söndürülməsində daha praktik təcrübəyə malik olmaq, həm də yanğının söndürülməsi zamanı hansı tədbirlərin həyata keçirilməsindən ibarətdir. Hətta yanğının söndürülməsi təlimlərinə yerli kənd icmalarını və könüllüləri də cəlb etmişik. Belə tədbirlərdən biri də "Samur-Yalama", "Hirkan" və "Şirvan" milli parklarında keçirilib. Yay mövsümü boyunca maarifləndirici tədbirləri davam etdirəcəyik. Məlumat üçün qeyd edim ki, bu günlərdə nazir müavini "Hirkan" milli parkında yanğından mühafizə təlimləriylə bağlı səfərdədir. Bu cür tədbirlər digər xüsusi mühafizə olunan təbiət ərazilərində də nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, yanğın hadisəsi təbii üsulla da baş verə bilər".

Firuddin Əliyev əlavə edib ki, meşəlik ərazilərdə yanğınların baş verməsinin əsas səbəblərindən biri də insanların səhlənkar münasibətidir: "Hazırda araşdırmalar onu göstərir ki, baş verən yanğınların 90 faizi antropagen təsirlər nəticəsində əmələ gəlir. Vətəndaşların diqqətsizliyi səbəbindən də yanğınların baş verməsi mümkündür. Siqaretin söndürülmədən meşəlik ərazilərə atılması kütləvi yanğınlara gətirib çıxara bilər. Yaxud da şüşə qırıntılarının ərazilərə atılması və günəşin şüşə qırıntılarını qızdırması nəticəsində yanğın əmələ gələ bilər. Ən əsası isə xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın əkin sahələrinin yandırılmasıdır. Adətən biçilmiş ərazi yandırılaraq, həmin ərazinin təmizlənmilməsinə çalışılır. Külək nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinə od düşür. Sizin vasitənizdən istifadə edib, vətəndaşları diqqətli olmağa dəvət edirəm. Yekunda bildirmək istəyirəm ki, bizim təşkil etdiyimiz tədbirlər Fövqəladə Hallar nazirliyi ilə mütəmadi olaraq keçirilən təlimlərdir. Real yanğın ocaqları müəyyən olnduqdan sonra, operativ şəkildə söndürülməsi həyata keçirilir. Yanğın söndürülərəkən əməkdaşların hansı funksiyana həyata keiçrəcəyi müəyyənləşdirilir. Eyni zamanda, avadanlıqlardan istifadə edilməsi təcrübəsi  təkmilləşdirilir".

 

Hər halda meşələr bizim "ağciyərlərimiz"dir. Çünki orada bizi təmiz havayla təmin edilən minlərlə ağac var.

Onu da qeyd edək ki, dövlətin həyata keçirdiyi yaşıllaşdırma aksiyaları, yaşıllaşdırma proqramları ictimaiyyətin daim maraq dairəsindədir. Artıq bir neçə ildir ki, çirklənmiş ərazilər təmizləndikdən sonra orada yaşıllaşdırma zolaqları salınıb. Bu iş ənənəvi olaraq həm Bakıda, həm də bölgələrdə davam etdirilir.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR