Saat:06:28
Haqqımızda

Azərbaycanda çörəyin qiyməti qaldırılır? - ÇÖRƏK ZAVODUNUN RƏSMİSİ DANIŞDI

2021-07-30 16:25:00

Azərbaycanda çörəyin qiyməti qaldırılır? - ÇÖRƏK ZAVODUNUN RƏSMİSİ DANIŞDI

Azərbaycanda hökumət rəsmiləri və çörək zavodu direktorlarının birgə toplantı keçirməsiylə bağlı məlumat vermişdik. Özəl mənbədən Hurriyyet.az-a daxil olan məlumata görə, toplantıda ölkədə çörəyin qiymətinin qaldırılmasıyla bağlı qərar verilib. Qeyd edilib ki, çörəyin hazırkı satış qiyməti zavodların gəlir əldə etməsini təmin edə bilmir. Bu baxımdan, çörəyin satış qiymətinin qaldırılması ilə bağlı yekdil fikrə gəlinib.

Məsələylə bağlı ölkənin ən böyük çörək müəssisələrindən olan “NUR" çörək zavodu ilə əlaqə saxladıq. Zavodun şöbə müdiri Zöhrab Cabbarov Hurriyyet.az-ın suallarını cavablandırdı. O, çörəyin qiymətinin qalxması ilə bağlı məlumatsız olduğunu, lakin unun qiymətinin gündən-günə artdığını vurğuladı:

"Bizdə bununla bağlı heç bir məlumat yoxdur. Aldığımız məlumata görə, unun qiyməti günü-gündən artır. Demək olar ki, unun qiymətində hər gün fərq olur. Əvvəlki günlərə nisbətən hər gün daha yuxarı qiymətə un almalı oluruq. Özünüz də müştəri qismində dəyirmanlara zəng vurub qiymətləri öyrənə bilərsiniz. Unun qiymətinin qalxmasının çörəyin qiymətinə təsir edəcəyini deyə bilmərik. Yəqin ki, bunu zaman göstərəcək".

Zavod rəsmisi digər problemli məsələlərə də toxundu. O qeyd edti ki, bir il yeddi aydır həftə sonları nəqliyyatla bağlı olan qadağalar işçilərin işə gedib-gəlməsində çətinliklər yaradıb: 

"Bu gün çətin sahələrdən biri də çörək sahəsidir. Çörək sahəsində işləyənlərin çoxu fəhlə sinifidir. Onlar altıncı və bazar günləri işə gəlməkdə çətinlik çəkirlər. Artıq bir il yeddi aydır ki, zavod tərəfdən işçilərin gediş-gəlişi təmin edilir. Elə aylar olur ki, 10-15 gün ərzində gediş-gəlişi təmin etmək məcburiyyətindəyik. Böyük müəssisə olduğuna görə hər gün çətinliklərlə üzləşirik. Bu da zavodun gəlirlərinə təsir edir. Qanunla altı-bazar günləri dövlət idarələri işləmir. Biz bu sahədə olduğumuza görə, həftə sonu da işləməli oluruq. Elə işçi var ki, avtomobili var. Amma avtomobili olmayan işçilər də çoxluq təşkil edir. Onlar çətinliklə üzləşiblər. Çünki, həftə sonları işlərinə rahat gedib-gələ bilmirlər. Bizim idarəmiz Nərimanovda yerləşir. İşçilər isə hərəsi bir yerdə yaşayır. Bu baxımdan, həftə sonları onların işə gəlməsində çətinlik olur. Aldıqları əmək haqqını da yola sərf etmək məcburiyyətindədirlər.

Biz müəssisə olaraq işçilərə dəstək oluruq. Bunun müvəqqəti çətinlik olduğunu düşünsək də, təəssüf ki, hər ay həftə sonu qadağaları müşahidə olunur. Ümid edirik ki, bu qadağaların da sonu olacaq. Bu sahə çox çətindir. Bu sahəyə diqqət edilmir. Ancaq çörəklə bağlı nöqsanları müşahidə edirik. Bu işin çətinliyindən isə heç kim danışmır. Gündəlik 10 milyonluq əhali üçün hər adama 350 qram standart çörək götürdükdə 4 milyon çörək istehsal etmək lazımdır. 4 milyon çörəyi bişirmək üçün də minumum 400 000 işçi işləyir. Buna görə də çox böyük çətinliklə üzləşmişik".

QEYD: Mövzunu davam etdirəcəyik.

 

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR