Azərbaycanda çörək niyə bahalaşdı: “3-4 monopolisti qorumaq üçün...”

2022-08-19 17:17:00

Azərbaycanda çörək niyə bahalaşdı: “3-4 monopolisti qorumaq üçün...”

“Hamıya bəllidir ki, biz un istehsalı üçün ərzaq buğdasının 80 faizini idxal edir. Hökumət də bunu etiraf edir. İdxal da əsasən Rusiyadan gələn məhsullardır”. 

Bunu “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert, eyni zamanda un sektorunda iş adamı olaraq fəaliyyət göstərən Nazim Bəydəmirli deyib. Azərbaycanda unun və çörəyin qiymətinin qalxması ilə bağlı durumu şərh edən N. Bəydəmirli bildirib ki, keçən ilin əvvəlindən Rusiya Federasiyası ərzaq buğdasına aksiz vergisi tətbiq etdiyinə görə hamı bilirdi ki, get-gedə xammalın Azərbaycana gətirilməsi baha başa gələcək və qiymətlər artacaq: 

“Dünən, bu gün açıqlanan məlumata görə, Azərbaycana idxal olunan buğda 365 dollar maya dəyəridir. Çox təəssüf edirəm ki, iqtisadiyyatı idarə edənlər və Nazirlər Kabineti, bütövlükdə vergi və gömrük siyasətini müəyyən edənlər hələ də anlamırlar ki, hökumətin əlində olan resurslar gömrük tariflərini, vergi rüsumlarını götürməklə qiyməti optimal saxlaya bilərlər, nəinki indiki durumda mövcud bazar iqtisadiyyatına müdaxilə edib yuxarı hədd müəyyən etməklə”.

N. Bəydəmirli deyir ki, yuxarı hədd müəyyən etmək bazar iqtisadiyyatına müdaxilədir: “İyul ayının 1-dən çox təəssüf ki, Azərbaycan hökuməti un idxalına əlavə dəyər vergisini yenidən tətbiq edib və son qiymət artımının səbəbi də budur. 

Əslində, 3-4 monopolist, dəyirmanları üçün Rusiyada öz brendlərini daha çox istehsal etdirirdilər. Yəni öz markaları adı altında əslində Rusiya unu satırdılar. Çünki Rusiyada un ixracına aksiz vergisi yoxdur və un istehsalı ilə məşğul olan çoxlu sayda müəssisələr var. Orada rəqabətli mühit var. Bu baxımdan bu gün Rusiyada ekspert üçün unun satışı təqribən 20 min rubl, haradasa 310-320 dollar civarındadır. Unun idxalına gömrük rüsumu yoxdur, amma əlavə dəyər vergisi var. Bu da guya dayanıqlı istehsalçıları qorumaq məqsədi ilə edilir. Yəni gələn buğdaya Əlavə dəyər vergisi tətbiq etmirlər, ancaq una tətbiq edirlər”.

N. Bəydəmirli hesab edir ki, hökumət əlavə dəyər vergisini tətbiq etməsə, bu gün unun kisəsi 35 manatdan yuxarı olmazdı: “Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti yenə də monopolistləri qorumaq niyyəti güdərək bunu ləğv etmir. Əgər onlar 80 faiz ərzaq buğdasını xaricdən alırlarsa, bunun 20-si yerli istehsal ola bilər. Yerli istehsalın özünün yerli klassifikasiyası var. Yəni əz azı 70-80 faiz yerli xammaldan istifadə olunursa, bu yerli istehsal sayılır. Amma bu məsələdə əksinədir. 

Yerli istehsalçılara keçən il subsidiyalar verirdilər, onlar da mənimsənilirdi. Nəticə etibarı ilə Azərbaycan un istehsalçıları Rusiyadan 4-5-ci klass ucuz, keyfiyyətsiz buğda alırlar. Hansı ki, onlar heyvan yeminə bərabərdir və Rusiyada bunun üçün istifadə olunur. Məhz o buğdadan un düzəldirlər. Bunu dəfələrlə jurnalistlər, müstəqil ekspertlər ortaya faktlar qoyub sübut ediblər. 

Təəssüf edirəm ki, Azərbaycan hökuməti əlində olan vasitələrdən istifadə etmir, gömrük rüsumunu azaltmaqla unun qiymətini sabit saxlamaq mümkün olduğu halda, belə yol seçir. Bu bazar iqtisadiyyatına müdaxilə, onu inzibati yollarla tənzimləməyə cəhddir. Heç bir ölkə heç vaxt buna nail olmayıb. 

Azərbaycan hökumətinə məsləhətim ondan ibarətdir ki, Azərbaycanda istehsal olunmayan bütün məhsullara gömrük rüsumlarını və idxaldan əlavə dəyər vergisini azaltsınlar. Yaxud tamamilə götürsünlər. Necə ki, bunu bütün dünya  ölkələri edir. Türkiyənin təcrübəsindən yararlansınlar. 

Belə olan halda həm vətəndaşlar məmnun olacaq, həm də qiymət optimallaşacaq. Sadə iqtisadi məntiqi olan şəxs bunu bilməlidir. Təəssüflər olsun ki, Azərbaycan hökuməti bunu etmir”.   


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062282