Azərbaycanda bu məhsul bahalaşa bilər

2022-04-15 10:39:00

Azərbaycanda bu məhsul bahalaşa bilər

Ölkədə mart ayında ən çox bahalaşan ərzaq məhsulları sırasında quş əti də var

Rusiyanın Ukraynaya hücumu dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasına səbəb olub. BMT  Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən, 2002-ci ilin mart ayında qlobal ərzaq qiymətləri indeksi 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb. Belə ki, mart ayında indeks 159,3 bəndə yüksəlib. Bu, fevral ayından 12,6 faiz, 2021-ci ilin eyni dövründən isə 33,6 faiz çoxdur.

FAO bildirir ki, bu kəskin artım bitki yağlarının rekord səviyyədə, dənli bitkilər, ət, şəkər və süd məhsullarının isə əhəmiyyətli dərəcədə bahalaşmasının nəticəsində qeydə alınıb. Ukraynadakı müharibə üzündən çoxsaylı ölkələr taxıl, ələlxüsus da buğda qıtlığı ilə üzləşiblər. Buğdanın dünya bazar qiyməti 19,7 faiz, qarğıdalı 19,1 faiz, bitki yağları 23,2 faiz bahalaşıb. Bitki yağlarındakı bu artım dünya günəbaxan ixracının 80 faizini təmin edən Ukraynadan ixracın kəskin azalmasından irəli gəlir. Mart ayında şəkərin qiyməti 6,7 faiz artıb ki, bu da enerjidaşıyıcılarının qiymətindəki bahalaşma və şəkər xammalının əsas ixracatçısı olan Braziliyada milli valyutanın möhkəmlənməsinin nəticəsidir. Bahalaşmanın sürətini Hindistanda istehsal səviyyəsinin artması azaldıb.

Süd məhsullarındakı 2,6 faizlik bahalaşma Asiya ölkələrindən kərə yağı və quru südə olan tələbin kəskin artımından irəli gəlib.

FAO bildirir ki, mart ayında dünya ət qiymətləri də 4,8 faiz artmaqla rekord səviyyəni görüb. Bu artıma səbəb isə Qərbi Avropada kəsimlik donuzların sayının azalmasıdır. Belə ki, uzun müddət donuz ətinin ucuz olması fermerlərin donuz sayını azaltması ilə nəticələnib. Bu ildən başlanan bahalaşma isə həm də yem və yem əlavələrinin qiymətinin artması ilə müşayiət olunur. Bu səbəbdən də fermerlər donuzların sayını tələbatı qarşılayacaq qədər artıra bilmirlər.

Quş əti və yumurta istehsalı azalıb - 24.07.2021, Sputnik Azərbaycan

Xatırladaq ki, FAO-nun hesablamalarına əsasən, 2021-ci il ərzində dünya bazarında ətin qiyməti 2020-ci ilə nisbətən 12,7 faiz artıb. Bu zaman mal, qoyun və quş əti bahalaşıb, donuz əti isə ucuzlaşıb.

Qeyd edək ki, Ukraynadan taxıl və yem ixracının kəskin azalması qardaş Türkiyədə ət qiymətlərinin bahalaşmasına səbəb olub. Mart ayının sonlarında mal ətinin qiymətində 48 faizədək artım qeydə alınıb. Hətta prezident Rəcəb Tayyib Ərdoğan bu məsələyə reaksiya verərək, ölkənin Kənd Təsərrüfatı Nazirliyinin səbəbləri araşdıraraq bahalaşmanın qarşısının alınması üçün lazım olan addımları atacağını qeyd edib. Lakin  ət kəsimi qiymətlərində fermerlərə edilən güzəştlər artımın qarşısını ala bilməyib. Buna görə də yem və yem məhsullarının idxalının vergidən azad olunması təkliflərinin dəyərləndirilməsinə başlanıb.

Türkiyə Statistika Qurumunun açıqlamalarına əsasən, ölkədə adambaşına qırmızı ət - yəni mal ətinin istehlakı 2019-cu ildə 12 kq, 2021-ci ildə isə 7 kq təşkil edib. Bu dövrdə adambaşına makaron istehlakı 20 faiz artıb. Yerli ekspertlər bu prosesin mal ətinin bahalaşması, yüksək inflyasiya şəraitində əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlı olduğunu bildirirlər.

Azərbaycanda ətin bahalaşması yanvar ayında qeydə alınıb. Mal qoyun və toyuq ətinin qiymətində orta hesabla hər kiloqramda manat artım olub. FAO-nun qiymət indeksini açıqlamasından sonra isə Azərbaycanda da ətin bahalaşması ehtimalı müzakirə olunmağa başlayıb. Bu müzakirələri həm də Ukraynadakı müharibə üzündən bu ölkədən, həmçinin Qara dənizlə daşımaların dayanması üzündən digər ölkələrdən də yem və yem əlavələrinin idxalında yaranan problemlər aktuallaşdırır.

Возможно, это изображение (1 человек и сидит)

Mürvət Həsənli 

Rəsmi statistika Azərbaycanda mart ayında ən çox bahalaşan ərzaq məhsulları sırasında quş ətini qeyd edib. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında (APEPEA) hesab edirlər ki, ölkənin quş əti istehsalçılarının daxili tələbatı tam təmin etmək potensialı olsa da, müəyyən problemlər onun reallaşmasına imkan vermir. Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bir sıra amillər Azərbaycanda quşçuluq müəssisələrinin ət istehsalını artırmasına mane olur: “Birinci amil böyük ticarət şəbəkələrinin quş əti istehsalçılarına qarşı davranışlarıdır. Belə ki, şəbəkələr bizdən aldıqları məhsulların pulunu aylarla yubadırlar. Quş əti və yumurta istehsalçıları o qədər böyük sahibkar deyillər ki, bir neçə milyon manat vəsaitləri aylarla bir mənbədə qalsın və bu da onların fəaliyyətinə mənfi təsir göstərməsin. Satışdan pulunu vaxtında ala bilməyən istehsalçı vaxtında və zəruri həddə yem ehtiyatı yarada bilmir, yaxud aldığı yemin pulunu vaxtında ödəyə bilmir. Bu isə müəssisənin inkişafının qarşısını alır, bəzənsə onun kiçilməsinə gətirib çıxarır. Məsələn, hazırda Ukraynadakı müharibəyə görə yem və yem əlavələrinin idxalında çətinliklər yaranıb, qiymətlər bir həftədə 3 dəfə artım istiqamətində dəyişir. Biz şəbəkələrdən pulu vaxtında ala bilmirik deyə lazımi qədər yemi də tədarük edə bilmirik. Şəbəkələrlə bağlı digər problem onların satış nöqtələrində saxlama şəraitinin normalara cavab verməməsidir. Bunun üzündən bizim məhsulların geriqayıtma səviyyəsi 8-12 faizə çatır. Halbuki dünyada 2 faizdən yuxarı olmur”.

APEPEA İdarə Heyəti sədrinin müavini Vaqif Hüseynov bildirir ki, ticarət şəbəkələri ən müxtəlif adlar altında istehsalçılardan müqavilədə nəzərdə tutulmayan ödənişlər alırlar: “Yeni market açılırsa, əlavə pul, endirim kampaniyası istəyirlər. Hansısa yeni məhsul verirsənsə, yenə əlavə ödəniş etməlisən. Hətta şəbəkələr öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər: tələb qoyurlar ki, filan TV-də reklamımız gedəcək, 1 həftəsini sən maliyyələşdir. Yaxud deyirlər ki, məhsulunu, yaxşı satılmasını istəyirsənsə, bir işçinin maaşını ödə, qoy sənin məhsulunun satışı ilə məşğul olsun. Bunların hamısı şəbəkələrin bazardakı inhisarçı mövqeyindən irəli gəlməklə bizim xərclərimizi artırır”.

Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları -  MÜƏYYƏNLƏŞİR - FED.az

M.Həsənli quş əti və yumurta istehsalçılarının daha bir problemi kimi qaz və elektrik enerjisi şəbəkələrinə qoşulma zamanı çox böyük xərclərinin çıxmasını göstərir: “Bir müəssisənin enerji şəbəkəsinə qoşulması üçün təkcə texniki şərtə 40-50 min manat pul istənilir. Bir o qədər də qaza görə tələb olunur. Bu qədər xərclə yeni müəssisələr yaratmaq, quşçuluğu inkişaf etdirmək faktiki olaraq mümkün deyil. Çünki o xərcin hamısı istehsal olunan məhsulun maya dəyərinə oturur, bu isə onun satış həcmlərini artırmağa mane olur”.

Assosiasiya rəhbərinin sözlərinə görə, daha bir problem xaricdən quş əti və yumurta idxalıdır: “Keçən il Azərbaycana 31 min ton quş əti idxal olunub. Bu həcmin idxalı zamanı dövlət büdcəsinə ən yaxşı halda 11-12 milyon manat rüsum ödənilib. Amma bu qədər quş ətinin ölkədə istehsalı zamanı 22 min nəfər işlə təmin olunur, sosial ayırma, vergi və rüsum şəklində büdcəyə 18 milyon manat ödənilir. Hələ bu istehsal zamanı sərf olunan qaz, enerji, su, yemə görə ödənişlərdən büdcəyə çatan məbləğləri demirəm”. M.Həsənlinin fikrincə,  yerli istehsalçıları qorumaq üçün quş əti və yumurta  idxalının kvotalaşdırılması zəruridir: “Əksər ölkələrdə, o cümlədən Gürcüstan və Türkiyədə yerli istehsalçıları qorumaq üçün məhz bu üsuldan istifadə olunur”.

Quş əti istehsalçıları keçən ildən ölkəyə yem və yem əlavələrinin idxalının ƏDV-dən azad olunmasını təklif edirlər. M.Həsənlinin dediyinə görə, Ukraynadakı müharibə bunu zərurətə çevirib: “Biz istəyərdik ki, bu yem və yem əlavələrinin idxalı hökumət səviyyəsində həll edilsin. Bu idxalın ƏDV-dən azad olunması bizim istehsal etdiyimiz məhsulların qiymətində ucuzlaşmaya, ən pis halda bahalaşmanın qarşısının alınmasına səbəb olacaq”.

Azərbaycanın rəsmi ərzaq balansından aydın olur ki, son illərdə ölkədə ət istehsalı davamlı olaraq artsa da, 2020-ci ildə mal əti ilə özünütəminat səviyyəsi 87,4 faiz, qoyun və keçi əti ilə 97,3 faiz, quş əti ilə isə 79 faiz təşkil edib. Statistikaya görə, 2022-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 87,9 min ton ət, 318,8 min ton süd, 306,3 milyon ədəd yumurta istehsal edilib. Bu isə 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalının 3,0 faiz, süd istehsalının 1,5 faiz, yumurta istehsalının isə 1,6 faiz artması deməkdir. Həmçinin bu ilin yanvar-fevralında ölkəyə 3626 baş diri mal-qara, 11630 baş qoyun idxal olunub. Diri mal-qaranın 3516 başı Gürcüstandan, qoyunların isə 3785 başı Rusiyadan, 7330 başı Gürcüstandan idxal edilib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə azalmanı əks etdirir. Belə ki, ötən ilin 2 ayında diri mal-qara idxalı 5274 baş, diri qoyun idxalı isə 13810 baş təşkil etmişdi.

Yanvar-fevralda ölkəyə ət idxalına gəlincə, xaricdən alınan 7 185.04 ton ətin 5635,81 tonu quş ətidir. Ötən ilin 2 ayında 6 044.71 ton ət gətirilib ki, onu da 3796,36 tonu quş əti olub. Halbuki əlverişli şərtlər təmin olunarsa, quşçuluq müəssisələri daxili tələbatı tam təmin edəcək həcmdə məhsul istehsal edə bilərlər.

Mal-qoyun ətinə gəlincə, ekspertlər bildirirlər ki, ölkədə bu məhsulun yerli istehsalının artmasının əsasında xaricdən gətirilən diri mal-qara dayanır. Belə ki, hər il ölkəyə on minlərlə diri danalar, quzular idxal olunur, yerli şəraitdə kəsim yaşına qədər bəslənir.

Firdovsi Fikrətzadə: Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın  əsas yolu emal sənayesi vasitəsilə mümkündür - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Firdovsi Fikrətzadə

Bəs Azərbaycan nə zaman özünü ətlə tam təmin edə bilər? Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, ölkənin özünü ətlə tam təmin etməsinə nail olmaq üçün iki istiqamətdə tədbirlər həyata keçirilir: “Birincisi, intensiv ferma modelinin getdikcə genişləndirilməsidir. Burada da iki istiqamətdə iş aparılır: fermaların sayının artırılması, eyni zamanda ətlik və südlük cins mal-qaranın sayını artırmaq üçün süni mayalanma metodundan istifadənin genişləndirilməsi. Bütün dünyada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün məhz bu üsuldan istifadə olunur”.

KTN rəsmisi bildirir ki, ölkənin ətlə tam təchizatına nail olunması üçün ikinci istiqamətli tədbirlər işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafını nəzərdə tutur: “Həmin ərazilərdə heyvandarlığın inkişafı üçün çox əlverişli şərtlər var. Biz bundan istifadə edəcəyik. Digər bir məsələ, sırf kökəltmə sahəsində ixtisaslaşmış təsərrüfatların fəaliyyətinin dəstəklənməsidir. Hesablamalarımıza görə, bu tədbirlər nəticəsində ortamüddətli dövrdə ölkənin ət və ət məhsulları, həmçinin süd məhsulları ilə təminat səviyyəsini indiki 84 faizdən 95-98 faizə qədər artırmaq mümkün olacaq”.

Yeni Müsavat


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya