Saat:09:49
Haqqımızda

Azərbaycanda boşanmaların sayı niyə artır? – MÜSAHİBƏ

2025-05-19 14:00:12

Azərbaycanda boşanmaların sayı niyə artır? – MÜSAHİBƏ

Mehriban Zeynalova:  “İnformasiya çoxluğu ailə münasibətlərini tənzimləməyə imkan vermir...”

“Biz hadisələrin kökünə enməli və boşanma hallarının qarşısını almaq üçün müvafiq hüquqi və sosial mexanizmlər yaratmalıyıq”

Rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda ailə quranların təxminən 3,1 faizi boşanır. Bu, olduqca ciddi problemdir və ölkəmizdə ailə inistitunun getdikcə sarsıldığının göstəricisi hesab oluna bilər. Üstəlik, onu da nəzərə alsaq ki, real faktlar rəsmi rəqəmlərdə əks olunanlardan hər zaman çox olur, deməli, boşanma ilə bağlı mənzərə daha acınacaqlıdır.

Əlbəttə, ailə cəmiyyətin və dövlətin təməlini təşkil edir. Ailə bağlarının qopmasının əsas səbəbləri kimi sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr və s. amilləri qeyd edə bilərik.

Bildiyiniz kimi, Avropada boşanmaların qarşısının alınması və bu səbəbdən günbəgün sayı çoxalan məhkəmə çəkişmələrindən xilas olmaq üçün “Vətəndaş nigahı” deyilən bir metod tətbiq olunmaqdadır. Hansı ki, insanlar bir müddət birgə yaşadıqdan sonra, artıq rəsmi evlilik haqqında qərar verirlər. “Vətəndaş nigahı”nda yaşadıqları müddətdə bir-birilərini az-çox tanıdıqlarından, belə cütlüklərin rəsmi nigaha daxil olduqdan sonra ayrılma halları çox az olur. Əlbəttə, bizim milli-mənəvi dəyərlər nigahdankənar birgə yaşayışı istisna edir. Amma, bir halda ki, ölkəmizdə boşanma hallarının sayı sürətlə azalır, bu problemdən çıxış yolu haqda düşünmək mütləqdir. Ən azı yersiz məhkəmə çəkişmələrinin sayını azaltmaq məqsədilə müəyyən metodlar tətbiq etmək olar...

Məsələyə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Mehriban xanım, ilk olaraq Azərbaycanda boşanma hallarının surətlə artmasının səbəbləri haqda fikrinizi bilmək istərdik?

- Bəli, son zamanlar boşanma halları  çox narahatçılıq doğurur. Boşanmalarla bağlı kifayət qədər məlumatlar alırıq və tərəflərin bir-birinə münasibətində dözümsüzlüyü müşahidə edirik. Amma təbii ki, bütün bu münasibətlərə təsir edən amillər də var və bu amillər bir deyil, çoxdur. Məsələn, kifayət qədər informasiya çoxluğu insanı o qədər gərginləşdirir ki, ailə münasibətlərini  tənzimləməyə imkan vermir.

Qıraqdan bəlkə də qəribə görünə bilər ki, informasiya ilə ailə münasibətləri necə bağlı ola bilər?! İnformasiyanın müxtəlifliyi və informasiyanın filtrdən keçirilə bilməməsi ailə münasibətlərinə çox təsir göstərir. Məsələn, müxtəlif məsləhətlər, müxtəlif yazılar. Bunları şəxslər öz üzərinə götürür, öz üzərində onu müqayisə edir və onu tətbiq etməyə çalışırlar. Bu cür məsələlər ailə münasibətlərinə təsirsiz ötüşmür.

Ənənəvi olaraq ailələrə müdaxilələr də var. Bilirik ki, Azərbaycanda gənc ailələrdə, ümumiyyətlə gənc olmasa belə, ənənəvi münasibətdir ki, ailə daha çox sosial və iqtisadi baxımdan ölçülür. Ənənəvi olan bir hal da var ki, ailə münasibətlərində ailə büdcəsi ailənin böyükləri - valideynlər tərəfindən idarə olunur. Bu isə bir çox hallarda iqtisadi asılılıq yaradır. Və ya ailənin iqtisadi gücü olmadığından, böyüklərin - valideynlərin iqtisadi basqısı altında qalırlar. Bu isə valideynlərə  ailəyə nəzarət etmək və öz istəklərini həyata keçirmək üçün fürsət verir. Onlar öz tələblərini irəli sürür, ailənin onların iradəsinə uyğun idarə olunmasına çalışırlar. Əksər hallarda bu, ifrat təzyiq formasında özünü göstərir və nəticədə problemə çevrilir.

Bəzən də insanlar bərabərliklə bağlı razılaşsalar da əməlləri fərqli olur. Məsələn, kişilər arasında keçirdiyim sorğuda onlar bərabərliyin tərəfdarı olduqlarını deyirlər. Bildirirlər ki, bəli, biz ailədə bərabərlik istəyirik. Lakin müəyyən mənada qadının bütün hərəkətlərini, münasibətlərini təftiş edir, öz istədikləri kimi davranmasını tələb edirlər. Bu da ondan irəli gəlir ki, ailə quran şəxslər əksər hallarda münasibətlərin necə tənzimlənəcəyini əvvəlcədən oturub müzakirə etmirlər.

Mən həmişə deyirəm ki, insanlar bir-birində ideal obraz yaradırlar, lakin sonradan real obrazı qoruyub saxlaya bilməyəndə tərəflər arasında anlaşılmamazlıq yaranır, gözləntilər üst-üstə düşmür.

Boşanmalara səbəb kimi iqtisadi çətinliklər də göstərilə bilər. Təbii ki, sosial və iqtisadi çətinliklər də olur. Psixoloji münasibətlər də önəmlidir. Məsələn, əvvəldən qeyd etdiyim dözümsüzlük, bir-birinə güzəşt etməmək, bir-birini dinləməmək, eqoların toqquşması — bütün bunlar ailə münasibətlərinə öz təsirini göstərir.

- Bir sıra ekspertlər sosial iqtisadi vəziyyətin ağırlığı ilə yanaşı, əxlaqsızlığın geniş yayılmasının da boşanma hallarına ciddi təsir göstərdiyini iddia edirlər. Bu fikirlərlə razısınızmı?

- Mən, sosial-iqtisadi amillərlə bağlamıram. Adətən ideoloji amillər və boşluqlar bir çox hallarda öz təsirini göstərir. Məsələn, ekspertlər sosial-iqtisadi vəziyyətin ağırlaşmasının əxlaqsızlığın yayılmasına təsir etdiyini vurğulayırlar. Mən isə daha çox düşünürəm ki, ideoloji boşluqlar —xüsusilə ailə ilə bağlı ideoloji boşluqlar — kifayət qədər ciddi təsir göstərir.

Ailənin öz ideoloji proqramı, özünəməxsus ideoloji yanaşması olmalıdır. Məsələnin əsas mahiyyəti ondadır ki, insanlar köhnə adət-ənənələrlə idarəetməyə çalışır, lakin yeni qanunlara tabe olmaq istəmirlər. Bu isə ciddi şəkildə aqressiya yaradır və öz mənfi təsirini göstərir.

O ki qaldı əxlaq məsələsinə, bu, birmənalı deyil, çoxşaxəlidir. Yəni məsələ ondadır ki, iqtisadi-sosial problemlər əxlaqsızlıq üçün şərait yaratmır. Böyük Vətən Müharibəsi dövründə insanlar daha böyük iqtisadi-sosial problemlər yaşamışdılar. Amma ailələrin daha ağır durumda olmalarına baxmayaraq, möhkəm idilər, daha etibarlı, daha sadiq idilər. Məsələn, anam danışır ki, həmin dövrdə “jımıx” belə yeyirdik, amma ailələrdə bir sadiqlik var idi.

Demək istəyirəm ki, bunun bir tərəfi ideoloji amillə bağlıdır. İkinci tərəfi isə təklifin çoxluğudur. Reklamlar, televiziya verilişlərindəki çıxışlar... Əslində, ona çağırış da demək olar. Və yaxud “TikTok”-un açılması... Demək, biz ideoloji olaraq daha çox iş görməliyik və bu ideoloji boşluq həmin əxlaq məsələlərinə öz təsirini göstərir. İnsanlar ideologiyanı ancaq siyasi amil kimi bilirlər, amma ailə ideologiyası fərqli ideologiyadır və o düz xətt üzrə inkişafa doğru getməlidir. Yalnız düz xətlə qalmamalı, dayanıqlı və hansısa təsirlərə müqavimət göstərmək gücünə sahib olmalıdır. Və bu güc həmin ideologiyanın kökündə dayanmalı, o gücü verməlidir.

 Təəssüf ki, ətrafda qıcıqlandırıcı, cəlbedici çoxsaylı təsirlər var və tələb artır. Tələbə uyğun təklif formalaşır. Bu da daha çox qadınların təsirsizliyinə, məlumatsızlığına, hazırlıqsızlığına, o cümlədən də kişilərin ailələrində bu mövzuda söhbət etməməsinə səbəb olur. Əvvəlcədən ailə quranda münasibətlər elə qurulmalıdır ki, tərəflər bir-birindən gizli heç nə saxlamasın və bunlar gizli baş verməsin.

İndi ailəyə əvvəlki illərdən daha çox diqqət yetirmək lazımdır. Məsələn, ailə münasibətlərində bir model var idi: kişi işləyirdi, qadın evdə idi və ailə üzvləri bir-birinə dəstək olurdu. İndi kifayət qədər kənar təsirlər var və kişinin qadına diqqəti daha çox artmalıdır ki, o, həmin təsirlərə aludə ola bilməsin. Bu diqqət o demək deyil ki, bahalı hədiyyələr alınmalı və ya maraqlı gəzintilər təşkil olunmalıdır. Yox, bu, sadəcə onun varlığına, əhəmiyyətinə diqqət yetirməkdir. Bu, mənə elə gəlir ki, indiki dövrdə həm kişilərə, həm qadınlara daha çox tövsiyə olunası məsələdir.

- Adətən cəmiyyətdə boşanmaların sayının artması ilə bağlı insanların sosial şəbəkələrdə daha çox vaxt keçirməsi, qeyri-etik paylaşımlar etməsi və s. səbəb olaraq ortaya atılır. Sizcə, bu, nə üçün məhz bizim ölkədə qabarıq şəkildə özünü göstərir?

- Sosial şəbəkələrdə vaxt keçirməməkdən ötrü insanların məşğulluğuna və maraqlarına uyğun pulsuz məkanların açılmasına çox ehtiyac var. Elementar bir misal gətirim, əvvəllər çayxanalar ucuz idi və insanlar bir yerə toplaşır, söhbət edirdilər. İnsanlar o boşluğu, xüsusilə paylaşmaq, bölüşmək, sosiallaşmaq ehtiyacını çayxanalarda tapırdılar. İndi isə sosial şəbəkələr “ən rahat və söhbət ediləsi yerə” çevrilib. Çünki çayxanaların qiymətləri o qədər bahadır ki, insanlar ayda bir dəfə getməyi kifayət hesab edirlər. Bu da sosiallaşmanı süniləşdirir. Süni sosiallaşmanın arxasında isə, əvvəlki istilik, münasibətlər, ətrafın fikrinin dəyərli olması kimi anlayışlar itir. İndi çoxları deyir ki, "ətrafın fikri mənə maraqlı deyil". Bu, kifayət qədər ciddi mesajdır. İnsan öz davranışında ictimai nəzarəti və ictimai fikri önəmsəmir, özünə rəva bildiyi hərəkətləri etmək üçün sərbəstlik qazanır.

Bu baxımdan, mənə elə gəlir ki, bu barədə düşünmək maraqlı olardı. Əslində, maraqlı bir yanaşmadır. Öz-özümə də deyirəm maraqlıdır. Belə ucuz və əlçatan məkanlar olmalıdır ki, insanlar sosial şəbəkədə yox, daha çox canlı ünsiyyətdə olsunlar. Bir-biriləri ilə müzakirələr aparsınlar, maraq dairələrini müəyyən etsinlər. Bu da, düşünürəm ki, kifayət qədər təsirli ola bilər. Çox sadə məsələlərlə sosial problemi həll etmək mümkündür. Həm də burada yaxşı mütəxəssislərin artması və xidmət paketlərinin çoxalması da əhəmiyyətli ola bilər. Məsələn, qadınlar, eləcə də kişilər üçün mərkəzlər yaratmaq olar. Amma, ümumiyyətlə, bunları ayırmaq istəmirəm. Elə mərkəzlər olsun ki, hər kəs rahat şəkildə gəlib öz maraqlarına uyğun fəaliyyətlə məşğul ola bilsin.

- Avropada boşanmaların qarşısının alınması və indi ölkəmizdə də günbəgün sayı çoxalan məhkəmə çəkişmələrindən xilas olmaq üçün “Vətəndaş nikahı” deyilən bir metod tətbiq olunmaqdadır. Əlbəttə, bu, ilk baxışdan mentalitetimizə ziddir. Bəs, buna oxşar metodlarla ölkəmizdə boşanmaların sayını azalda bilərik?

- Avropada “Vətəndaş nikahı” kifayət qədər məsuliyyət tələb edən birlik formasıdır. Bu münasibətlərdə iqtisadi amillər mühüm rol oynayır. Boşanma dövründə isə ciddi tələblər irəli sürülür, çünki boşanmanın özü çətin və ağır bir prosesdir. Uşağın dünyaya gəlməsi mühüm bir hadisədir. Onun təlim-tərbiyəsi isə valideynlərin üzərinə böyük məsuliyyətlər qoyur. Bu baxımdan, Avropada cütlüklər çox zaman əvvəlcə birgə yaşayır və sonra evlənmək barədə qərar verirlər. Məqsəd nikahdan qaçmaq deyil, əksinə, nikaha daha məsuliyyətlə yanaşmaqdır. Avropada “Vətəndaş nikahı”nın təbliğ olunmasının səbəblərindən biri də budur. Onların mədəniyyətində əvvəlcə birgə yaşamaq normal qəbul olunur. Tərəflər şüurlu şəkildə bu münasibətlərə razılıq verir, birgə yaşayır, münasibətləri davam etdirir, sonra isə ailə qurur və uşaq dünyaya gətirirlər. Təbii ki, qeyri-rəsmi uşaqların doğulması da var, amma bu halın geniş yayıldığını demək düzgün olmaz. Orada əsas prinsip qarşılıqlı razılıq və məsuliyyətdir.

Bizdə isə bəzən qadınlardan sui-istifadə halları olur. Qadınların bəziləri bundan əziyyət çəkir: onları yalnız vaxt keçirmək üçün istifadə edirlər, amma məsuliyyət daşımırlar. Halbuki qadın da bir insandır, onun dəyəri, hörmətəlayiq olması nəzərə alınmalıdır. Onun verdiyi sevgi, diqqət və qayğı qiymətləndirilməlidir.

Bəzi hallarda kişilər məsuliyyətsiz davranır, ailə qurmaq vədi verib, sonra qadını və övladı tərk edirlər. Bu isə qadını həssas və çətin vəziyyətə salır. Qadının nə işləməsinə, nə də cəmiyyətdə özünü inkişaf etdirməsinə şərait yaradılmır. Bu münasibətlərdə qadın tam asılı vəziyyətdə qalır. Halbuki, ailə münasibətləri qarşılıqlı hörmət və anlayış üzərində qurulmalıdır. Keçmişdə ailə münasibətləri daha çox ictimai nəzarət və ictimai davranış çərçivəsində tənzimlənirdi. İnsanlar sadəlik, dözümlülük və hörmət prinsiplərinə əsaslanırdı. Amma indi, bir çox ailələrdə bu dəyərlər itib. Tərəflər evlənsələr də, bir-birinə hörmət göstərmirlər. Sosial şəbəkələrdə şəxsi həyat haqqında paylaşmalar da münasibətlərdəki hörmətin azalmasının bir göstəricisidir. Bu cür dəyişikliklər ailə münasibətlərinin təməlinə zərər vurur. Biz hadisələrin kökünə enməli və boşanma hallarının qarşısını almaq üçün müvafiq hüquqi və sosial mexanizmlər yaratmalıyıq.

Jalə FAMİLQIZI

“Hürriyyət”