Azərbaycanda boşanma halları niyə sürətlə artır?
Və yaxud hakimlərin yanlış qərarı boşanmaların artmasına nə kimi təsir göstərir?
Vəkil Zibeydə Sadıqova: “Əgər ana yenidən ailə qurur və uşağa qohumlar baxırsa, bu halda qarşı tərəf məhkəməyə müraciət edə bilər”
Azərbaycanda boşanan qadına “tənha”, hətta bəzi insanlar tərəfindən “yazıq” insan kimi baxılır. Bu “status” qadınlara məişətdə heç bir üstünlük verməsə də, bir qədər azadlıq və sərbəstlik verir. Məhz bu səbəbdən də bəzi ekspertlər və psixoloqlar bildirirlər ki, kişilərdən çox qadınlar boşanmaya maraqlı olurlar. Yəni qadınlar həll ediləsi problemi belə, bəzən o qədər qəlizləşdirirlər ki, “çıxış yolu”nu ancaq boşanmada görürlər.
Qadınların çoxu, hətta 80 faizi boşanmanı adi hal kimi qiymətləndirir. Halbuki, ailə müqəddəsdir, onu qorumaq və ona sadiq qalmaq lazımdır. Keçmişə nəzər salsaq aydın olar ki, ailəsini, evini dağıtmaq istəməyən qadınlar üstünlük təşkil edirdi. Keçmişdə ən ciddi məsələlərdə belə, ağsaqqalların sözü keçərli olurdu, istər kişi, istər də qadın onların məsləhətinə qulaq asardı. İndi isə tam əksinədir. Hazırda elə bir zəmanəyə gəlib çıxmışıq ki, qarşısına boşanmağı məqsəd qoyan insanlar heç bir məsləhətə qulaq asmırlar.
Əksinə, statistika göstərir ki, boşanan hər üç qadından ikisi öz anasının təsiri ilə həyat yoldaşından ayrılır. Yəni qadının boşanma qərarının qətiləşməsində analar “yardımçı” olur.
Qadın ailə qurur, ailə uğursuz olur, boşanır. Uşaq varsa ailiment kəsilir, yoxdursa dərhal “cehizin oğurlanması” ilə bağlı məlumat ortaya çıxır. Hər iki halda da kişilər çətin vəziyyətdə qoyulur.
Əlbəttə, elə qadınlar da var ki, keçmiş həyat yoldaşının mal-dövlətində gözü olmur. Günümüzdə keçmiş ərindən aliment tələb etmədən yaşayan xanımlar az deyil. Amma bu, o demək deyil ki, boşanan qadınlar aliment tələb etməməlidir. Xeyr, övlad hər iki insanındırsa, ikisi də onun böyüyüb boya-başa çatması üçün əziyyət çəkməlidir.
Amma qarşı tərəfin maddi vəziyyəti zəif olduğu halda ən yüksək aliment kəsdirmək, hətta bəzi hallarda uşağı ona göstərməmək və s. yaşadığı çətinliklərdən, düşdüyü vəziyyətdən asılı olmayaraq heç bir qadına yaraşmaz. Qadın öz mənliyini qoruduğu zaman xanım adına daha çox layiq görülür.
Çox təəssüf ki, son vaxtlar boşanma zamanı aliment tələbi bir növ qisas məsələsinə çevrilib. Məsələn, gənclər ailə quran zaman daimi ailə, gələcək xoşbəxtlik, ölənədək bir yastığa baş qoymaq haqqında fikirləşmirlər. Düşünürlər ki, ayrılsam da aliment alacam, lazım gəlsə “gününü göy əskiyə bükəcəm”.
Ən dəhşətlisi isə odur ki, hazırda məhkəmələrdə olan işlərin böyük əksəriyyəti məhz boşanma ilə bağlıdır. Şübhəsiz, bu işlər zamanı da birmənalı olaraq qadına haqq verilir. Yəni hakimlərimiz “övlad 18 yaşınadək ananın yanında qalmalıdır” prinsipini önə çəkib, istisna halları nəzərə almadan, kişini “alimentlə” yükləyir. Bu da bəzi qadınların vəziyyətdən sui-istifadə etməsinə gətirib çıxarır. Təsadüfi deyil ki, hazırda cəmiyyətdə boşanmaların, nəticə etibarilə qeyri-əxlaqi həyat tərzi keçirən qadınların sayı artır.
Haşiyə çıxaq ki, əksər Avropa ölkələrində qanunlar daha mükəmməl olduğundan, boşanma faktları bizdən dəfələrlə aşağıdır. Hətta Kuba təcrübəsinə istinad edərək bildirək ki, orada rəsmi nikaha ehtiyac görülmədiyindən, boşanma halları yox səviyyəsindədir.
Bizim ölkədə isə vəziyyət olduqca acınacaqlıdır. Üstəlik, bu sahədə durum getdikcə daha da ağırlaşır. Hər halda, məhkəmələr bu amili nəzərə almalıdır.
Yeri gəlmişkən bir faktı da diqqətə çatdıraq ki, bəzi hallarda boşanan qadın heç bir il çəkmədən yeni ailə qurur və bu zaman “subay oğlana getmişəm, uşaq istəmir”, - deyərək övladını valideynlərinin himayəsinə verir. Halbuki, belə hallarda uşaq ataya verilsə, daha məqbul olar. Çünki uşağın atası onun gələcəyi, təhsili ilə bağlı nənə-babadan daha ciddi düşünəcək. Əlbəttə, istisnalar hər zaman var. Amma ümumi şəkildə belə deyə bilərik ki, heç bir halda nənə-baba uşağın gələcəyi üçün onun valideynindən daha artıq düşünə bilməz...
Digər tərəfdən, qeyri-sağlam həyat tərzi sürən qadınlar da var ki, məhkəmə bu faktı hər zaman gözardı edir. Halbuki, azyaşlı bir qış uşağını əxlaq problemi yaşayan ananın yanında hansı gələcək gözlədiyi hər kəsə bəllidir. Belə olduğu halda, cinsiyyətindən asılı olmayaraq, uşaqların birmənalı olaraq anaya verilməsi anlaşılan deyil.
Onu da təəssüflə qeyd edək ki, bu gün sadəcə aliment üçün ailə həyatı qurub, sonradan ayrılmağı hədəfləyən qadınlar da az deyil. Yəni aliment bəzi qadınlar tərəfindən bir növ qazanc mənbəyinə çevrilib. Məsələn, əgər bir kişinin aylıq gəliri 10 min manatdırsa, onun övladın aliment 235 manat kəsilmir, bu zaman qadın böyük vəsait əldə etməyə nail olur.
Məhz bu səbəbdən də anlaşılan odur ki, aliment nə qədər yuxarı məbləğə hesablansa, boşanmalar da bir o qədər çox olacaq. Təəssüf ki, ölkədə boşanmaların sayını azaltmaq üçün heç bir ciddi addım atılmır. Bu gedişlə Azərbaycanda normal, boşanmayan ailələr “tarixə düşəcək”.
Məsələ ilə bağlı “Hürriyyət”ə danışan vəkil Zibeydə Sadıqova qeyd etdi ki, əgər boşanan ana yenidən ailə qurur və uşağa qohumlar baxırsa, bu halda qarşı tərəf - ata məhkəməyə müraciət edə bilər: “Boşanma hallarında belədir ki, uşaq anada və yaxud da atada qalırsa, qarşı tərəf aliment ödəyir. Bu aliment uşağın 18 yaşına qədər müəyyən olunur. Ana və yaxud da ata uşağı saxlamaq üçün qarşı tərəfdən aliment alır. Bu məsələ uşağın ata ilə ünsiyyətinə və yaxud da ananın yenidən ailə qurmasına və yaxudda atanın yenidən ailə həyatı qurmasına aid deyil. Əgər ana yenidən ailə qurur və uşağa qohumlar baxırsa, bu halda qarşı tərəf məhkəməyə müraciət edə bilər. Bildirə bilər ki, ana ailə həyatı qurub, uşağa şəxsən özü yox, qohumları baxır, hazırda isə mənim uşağa baxmağa imkanım var, iş vaxtım münasibdir. Əlbəttə, məhkəmə bunu nəzərə alır, qiymətləndirir və lazım gəldikdə uşağı qarşı tərəfə verə bilir.
Amma belə də olur ki, hər iki tərəf işlədiyinə görə uşaqlar dayədə də qala bilir. Bu o demək deyil ki, ana ailə qurubsa uşaq anadan alınmalıdır. Uşağın anadan alınıb, qarşı tərəfə verilməsi üçün əsaslar olmalıdır və bu əsaslar məhkəmənin qətnaməsi üçün keçərli olmalıdır. Ata və ananın ünsiyyətlə bağlı problemləri varsa, məsələn uşaqla ünsiyyət qurmağa imkan verilmirsə, bunun aliment məsələsinə aidiyyatı yoxdur. Qarşı tərəf mediasiyaya, daha sonra isə məhkəməyə müraciət edərək, ünsiyyət hüququnu təmin edə bilir. Yəni hər iki tərəfin ünsiyyət etmək hüquqları vardır. Əlbəttə, məhkəmə də bu hüququ tanıyacaqdır. Xüsusi hallarda məhdudiyyət qoyula bilər, məsələn, atanın və yaxud da ananın təhlükəli şəxsiyyəti olarsa. Əks halda ünsiyyət məsələsində problem olmur, məhkəmə ünsiyyəti təmin edir”.
Jalə FAMİLQIZI