Saat:08:54
Haqqımızda

Azərbaycanda başqa hansı bank bağlana bilər? - AÇIQLAMA

2023-05-18 11:52:00

Azərbaycanda başqa hansı bank bağlana bilər? - AÇIQLAMA

""Günya Bank"ın məcmu kapitalla bağlı probleminin olub-olmaması özü mübahisəli məsələdir. Ona görə ki, Azərbaycan Mərkəzi Bankı ötən il orada yoxlama aparıb və indiyə qədər həmin yoxlamanın nəticəsini banka təqdim etməyib".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bilinmir kim doğurdan da kapitala riayət edir və ya etmir:

"Yəni, Mərkəzi Bankın bu sahədəki nəzarəti çox bərbaddır. Bu da onu göstərir ki, Mərkəzi Bank istənilən banka eyni tələbi irəli sürə bilər. Ötən həftə "Günay Bank" elan verib ki, 5 iyulda səhmdarların ümumi yığıncağını keçirəcək və günədlikdəki məsələ kapitalın artırılması ilə bağlıdır. Bu barədə Mərkəzi Banka da məlumat verilib. Əgər problem kapitaldırsa, bank bunu nəinki artırmağa hazır idi, artıq buna başlamışdı. Əgər səni doğurdan da kapital narahat edirsə, imkan verərdin artırardılar. Bu onu deməyə əsas verir ki, əsl məqsəd kapital məsələsi deyil. Məqsəd iri bankların işinə yaramaq və bank sektorunu inhisarlaşdırmaqdır. Bu baxımdan, 4-5 bankdan başqa hamısı təhlükə altındadır. İstənilən vaxt onları belə bir bəhanə ilə bağlaya bilərlər. "Günay Bank"ın digər banklardan fərqli olaraq ciddi problemi olmayıb. Nə məhkəmə işi, nə də problemli krediti var idi. O biri banklarda isə belə problemlər çoxdur. Məqsəd Azərbaycanda bankların sayını azaltmaqdır".

Başqa hansısa bankın lisenziyasının ləğv oluna biləcəyi ehtimalına gəlincə, ekspert bildirib ki, maliyyə vəziyyəti bir qədər pis olan "Muğanbank"dır: "Bu da o demək deyil ki, həmin bankı bağlamaq lazımdır. Banka şans vermək lazımdır. Bağlamaqla iş bitmir. Digərlərində elə ciddi problem yoxdur".

Qeyd edək ki, ötən gün AMB məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə, “Günay Bank”ın lisenziyasını 17 may 2023-cü il tarixindən etibarən ləğv etdiyini və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunduğunu açıqlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR