Saat:23:35
Haqqımızda

Azərbaycana qarşı təxribat törədən “Yerkrapa” - Terror təşkilatı haqda bilmədiklərimiz

2024-02-13 16:12:19

Azərbaycana qarşı təxribat törədən “Yerkrapa” - Terror təşkilatı haqda bilmədiklərimiz

Xəbər verdiyimiz kimi, fevralın 12-də Ermənistan tərəfi Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hərbi təxribat törədib.


Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz Pərviz Xəlilzadə ağır yaralanıb.

Fevralın 13-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistanın təxribatına cavab olaraq şərti sərhəddə “qisas əməliyyatı” keçirib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı  nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb.

Hurriyyet.az xəbər verir ki, Ermənistanın ArmLur.am saytının məlumatına görə, məhv edilən hərbçilər Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyinin üzvləridir.


“Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur.

Birinci Qarabağ müharibəsinin fəal iştirakçıları tərəfindən yaradılmış “Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur.


Keçmiş müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk vaxtlarda 6 min erməni döyüşçüdən ibarət idi.

Sonradan Ermənistanda ciddi nüfuz qazanan “Yerkrapa”ya qoşulan könüllülərin sayı 30 minə çatmışdı.

Vaxtilə “Yerkrapa” Ermənistanda siyasətə də ciddi təsir edə bilən güclü təşkilat sayılırdı. Lakin eks-müdafiə naziri Vazgen Sarkisyanın ölümündən sonra “Yerkrapa”nın Ermənistan siyasətində təsiri azalmağa başladı.  


Britaniyalı analitik Tomas de Vaal da 1994-cü ildən sonra “Yerkrapa”nı ölkənin ən güclü təşkilatına çevrildiyini qeyd etmişdi.

"Yerkrapa" indi də Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı ilin "Aprel döyüşləri", eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi.


Vaxtilə Vazgen Sarkisyanın başçılıq etdiyi “Yerkrapa” parlamentdə fraksiya da yaratmağa nail olmuşdu. Hətta 1998-ci ildə Ermənistan parlamentinin ən böyük fraksiyasına çevrilmişdi (69 üzvdən ibarət idi).

1998-ci ilin yayında fraksiya keçmiş prezident, Xocalı qatili Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublika Partiyası ilə birləşdi.

Vazgen Sarkisyandan sonra – 1999-cu ildə təşkilata azərbaycanlılara qarşı qəddarlığı ilə tanınan Manvel Qriqoryan rəhbərlik edib.

M.Qriqoryan Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində fəaliştirak edib.

M.Qriqoryan Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf etmişdi.



Erməni general 2020-ci ili noyabrında – II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra infarkt keçirərək ölüb.

Nə qədər qəddar olsa da, məhz onun dövründə tədricən zəifləyən “Yerkrapa” bir hərəkat olaraq artıq 2001-ci ildə nominal siyasi təsirini itirdi.

 

Hələ 2008-ci ildə Ermənistan Müdafiə Nazirliyinin o vaxtkı Baş Qərargah rəisi Seyran Ohanyanın rəhbərlik etdiyi bir qrup yüksək rütbəli hərbçi təşkilatın siyasətə qarışmasına etiraz etmişdi. Onlar 25 fevral 2008-ci ildə “Yerkrapa”dan ayrılmışdılar. Bu addım mübahisəli keçən 2008-ci il prezident seçkilərindən sonra geniş vüsət alan etiraz aksiyalarında sədr müavini Myasnik Malxasyan və bir neçə üzvün keçmiş prezident Levon Ter-Petrosyanı dəstəkləməsindən sonra atılmışdı.

“Yerkrapa”ın o vaxtkı sədri və müdafiə nazirinin müavini Manvel Qriqoryanın da Ter-Petrosyanla görüşdüyü, ona siyasi dəstək vəd etdiyi iddia edilmişdi.

 

Manvel Qriqoryan Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon erməni dramını girov qoymaq qarşılığında zaminə buraxılıb.


Manvel Qriqoryanın ölümündən sonra təşkilata Sasun Mikayelyan rəhbərlik edir.

S.Mikaelyan təşkilatın hakim partiyanın qanadı olaraq xidmət etməyəcəyini barədə bəyanat səsləndirib. O, hazırda Ermənistan parlamentinin deputatıdır.


Azərbaycanlı politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərksilah etməsi olmalıdır:

“Bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil. Bu təşkilata əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş “Qarabağ klanı”nın rəhbərləyinə qədər olan şəxslər verir. “Yerkrapa”nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Nikol Paşinyan bu terrorçu təşkilatı tərksilah etməsə, sərhəddə təxribatlar səngiməyəcək və bu Ermənistana baha başa gələcək. Rəsmi Bakının İrəvandan tələbləri sırasına ““Yerkrapa” qruplaşması tərksilah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır. Brüsselə də sualımız var: “Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyi monitorinq edirsiz?”. Bunlar Azərbaycan ərazisinə durbinlə baxmaq əvəzinə, həmin durbini arxa tərəfə çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir”.

modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR