Saat:23:04
Haqqımızda

AZƏRBAYCANA QARŞI İBLİSANƏ OYUN... - Kiyevə rəhm etməyənlərdən nə desəniz gözləmək olar

2022-05-17 11:09:00

AZƏRBAYCANA QARŞI İBLİSANƏ OYUN... - Kiyevə rəhm etməyənlərdən nə desəniz gözləmək olar

...Dəridən-qabıqdan çıxırıq, Moskva bizi bəyənmir ki, bəyənmir. Ümmanlar qədər qan töküldü, gül kimi məskənlər yerlə yeksan edildi, ordumuz iki addım irəli getməmiş Moskvanın bir barmaq silkələməsi ilə yerində mıxlandı, Bakıda da yenə hər tərəfdən rus dilində danışıqlar eşidildi, bütün Rusiyanın KİV-də bizim xeyrimizə danışanların sayı üç-dörd nəfərdən artıq olmadı...

164 saylı məktəbin şagirdlərinin sinələri üzərində müqəddəs “Georgi xaçı”nın lentlərinin zühur etməsi məni qətiyyən təəccübləndirmədi. Diqqət edin, özü də bu hadisə əhalisinin çox hissəsinin müsəlman olduğu ölkədə baş verir. Belə də olmalı idi, Allah axırından saxlasın. Bəzilərinin xoşuna da gəlməsə, amma dünənə baxmağı bir də tövsiyə edərdim. Bu tükürpədici həqarət indinin söhbəti deyil.

Neçə illər bundan əqdəm Gürcüstandakı erməni kəndlərində azərbaycanlı əsirlərin qul kimi işlədilməsindən yazmışdım. Əlimdə şahid ifadələri də vardı! Dərd o deyildi ki, həmin erməni kəndləri ilə yanaşı, qonşuluqda yaşayan azərbaycanlılar hücum çəkib soydaşlarını müdhiş həqarətdən xilas etməmişdilər. Dərd o idi ki, burada Bakıda bir yaramazın tükü də tərpənmədi, nə Şumerdən laqqırtı vuranlar, nə də YAP-ın nadirəlvücud alimnümaları səslərini çıxarmadılar.

Nə qədər qız-gəlin sütenyorların əlləri ilə Yaxın Şərqin cariyə bazarlarına çəkildi. Bir-iki insan alverçisini tutdular. Əsl rejissorlar kölgədə qaldı. Bu alver indi də davam edir. Bədnam, bizi digər millətlər içində rüsvay edən “Gözəllik”, “Göbək rəqsləri” müsabiqələrindən yazmışam. Qəsdimizə durmuş Moskva irticası bütün bunları görür, nəticəsini də çıxarırdı. Yanvar qətlamının “baş memarı” Primakovun şərəfinə tədbir keçirənlər elə bizim manqurtlar deyildilər? Onların üzlərinə tüpürən oldumu?

Bu köhnə kişilər demiş, şərhi-bəyan ediləsi məsələ deyildi. Rus şovinistləri də bizim bu biganəliyimizə heyran qalmışdılar.

Bir ortabab əyalət ziyalısı kimi faleristika ilə məşğul olmuşam, insafən çox maraqlı sahədir. Bəzən adi bir döş nişanının izinə düşüb elə əsrarların, vaqiələrin üzərinə çıxırsan ki!

Bakı məktəblərinin döşlərinə əcnəbi ölkəyə məxsus orden lentlərini yapışdıranların əgər biri, “Müqəddəs Georgi” barədə ikicə kəlmə doğru-dürüst söz desə adımı dəyişərəm. İstər 164 saylı məktəbin direktoru, istərsə də təhsil şöbəsinin vəzifə sahibi min il də qalsa o lentin üzərindəki narıncı və qara zolağın mənasını aça bilməzlər.

Bütün varlığımla əminəm ki, bu murdar əməl barədə yerli agentura Moskvaya sevinclə raport verib, rahat nəfəs alın, müsəlman uşaqlarının sinələrini bizim narıncı-qara zolaqlı lentlər bəzəyir, respublikanın bütün titullu həpəndləri də susur!

Pərdə arxasından bütün ruspərəst ünsürləri, xülasə “beşinci kolonna”nı idarə edənin məharətinə söz ola bilməz. Kimin ağlına gələ bilərdi ki, Moskva irticası həyasızlığına salıb Qarabağa qoşun yeridib erməni faşistlərini qanadı altına aldığı vaxtda Bakıda “Müqəddəs Georgi” ordeninin lentini əzizləyəcəklər. Bu mənhus tapşırığı verəni tapmaq asandır!! Belə iblisanə oyunu quranın görün qəlbində bizlərə qarşı necə nifrət, kin var!

Yadınıza salın, qələbəmiz bayram ediləndə şəhərin küçələrində nələr baş verirdi. O qədər sevinirdik ki, baş  verənlərə çox da məhəl qoymurduq. Rusiyanın bayrağının küçələrə çıxarılması bütün xalqın ələ salınması idi. Bu zinakarlığı təşkil edənlər yaxşı bilirdilər ki, kütlənin içindən iki-üç kişi çıxıb rus bayrağını yelləndirən qurumsaqlara qulaqburması verməyəcək.

Əsl iuzeit məkrinə baxın, Moskva şovinistlərinin Qarabağda “rus icması” məsələsini ortaya atdıqları vaxt Bakıda məktəblilərin sinələrində “Müqəddəs Georgi” ordeninin lentləri də peyda olur.

Bəli, az keçdi, çox keçdi və 164 saylı məktəbdə qanımızı qaraldan vaqiə baş verib. Bu simasızlar əsl sifarişçinin adını çəkməyə cürət də etmədilər.

...Dəridən-qabıqdan çıxırıq, Moskva bizi bəyənmir ki, bəyənmir. Ümmanlar qədər qan töküldü, gül kimi məskənlər yerlə yeksan edildi, ordumuz iki addım irəli getməmiş Moskvanın bir barmaq silkələməsi ilə yerində mıxlandı, Bakıda da yenə hər tərəfdən rus dilində danışıqlar eşidildi, bütün Rusiyanın KİV-də bizim xeyrimizə danışanların sayı üç-dörd nəfərdən artıq olmadı. Bəziləri gileylənir ki, bizə hörmət etmirlər, saymırlar.

Günahkar özümüzük, dünya xəritəsində ölüm-zülümlə görünən bir məmləkətdə hökumət 340-dan çox rusdilli məktəbin açılmasına şərait yaradıbsa burada hansı hörmətdən söhbət gedə bilər? Bir azdan çox yəqin ki, bu məktəblərin sayı 400-ə çatsın. Rus məktəblərində istifadə edilən dərsliklərdən xəbərdarıq. Müəllimlərin il boyu şagirdlərə nələri təlqin etdiklərini bilirik. Belə şəraitdə, belə təhsil sistemində sidqi dillə Azərbaycanı sevən, onun üçün ölümə getməyə hazır olan gənc heç vaxt yetişməyəcək. Biz kimdən diqqət, hörmət gözləyirik, öz doğma slavyan qardaşının torpağını bombalarla şumlayan, evini dağıdan xalqdan?

Tarixən Kiyev rus şəhərlərinin anası sayılır, belə yerə qəsd edənlərdən rəhm, humanizm gözləmək avamlıqdır.

Firuz HAŞIMOV

 

         

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR