Saat:03:36
Haqqımızda

Azərbaycana qarşı hərbi təxribat cəhdinin PƏRDƏARXASI

2024-04-02 11:17:35

Azərbaycana qarşı hərbi təxribat cəhdinin PƏRDƏARXASI

Məhəmməd Əsədullazadə: "Ermənistanın Azərbaycanla sərhəddə artilleriya qurğuları və canlı qüvvə yığması bir daha Paşinyanın ortaya müstəqil siyasi iradə qoya bilmədiyini göstərir"

Asif Nərimanlı: "İrəvan 4 kəndin qaytarılmasını əsaslandırmaq üçün sərhəddə gərginlik yarada və bundan istifadə edə bilər"

Kənan Novruzov: "Ermənistan tərəfindən sabotaj cəhdləri olarsa, yaxın vaxtda yəni əməliyyatların başlanması istisna deyil"

Bugünlərdə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Həmçinin, qeyd olunub ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır: "Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir".

Bu arada, axar.az-da yer alan informasiyaya görə, Ermənistan Müdafiə Nazirliyi isə öz növbəsində, Ermənistan-Azərbaycan dövlət sərhədində son əməliyyat vəziyyətinin stabil olduğunu və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olmadığını bildirib: "Martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən işə götürülən sürücülərin fotoşəkilləri bir sıra teleqram kanallarında yayılaraq, bunu qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar". Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi fevral ayında açıqlama yayaraq, 1 aprel-28 iyun tarixləri arasında ehtiyatda olan 4799 hərbi qulluqçunu təlimə çağıracağını elan etmişdi. Yəni, ehtiyatda olanların təlimi hələ 1 apreldə başlayacaq, ona görə də 30 martda "təlim prosesi çərçivəsində işə götürülən sürücülərin avtoyürüşü" məntiqi özünü doğrultmur.

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olan ölkələr, əsasən də Fransa, İran və Rusiya İrəvana təsir edir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması əvvəlki illərdən daha yaxın idi: "Belə ki, həm Azərbaycan, həm də Ermənistan tərəfindən pozitiv açıqlamalar verilirdi. Xüsusilə, rəsmi Bakı sülh müqaviləsinin bağlanmasında daha israrlı şəkildə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın 4 kəndinin verilməsinin vacibliyini də xüsusi olaraq qeyd edib. Amma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olan və buna maneçilik törədən ölkələr İrəvana təsir edir. Burada Fransa və İran daha aktiv rol oynayır. Həmçinin, Rusiya da sülhün olmaması üçün əlindən gələni edir".

Milli Cəbhə Partiyasının sədr müavininin qənaətincə, Ermənistan hakimiyyəti müstəqil siyasi iradəyə malik olmadığı üçün Nikol Paşinyanın sülh mesajlarında maksimum ehtiyatlı davranır: "Ermənistan tərəfinin Azərbaycanla sərhəddə artilleriya qurğuları və canlı qüvvə yığması bir daha Nikol Paşinyanın ortaya müstəqil siyasi iradə qoya bilmədiyini göstərir. Hesab edirəm ki, Azərbaycanla İran arasında son günlər soyuq münasibətlərin yaranması və prezidentlərin görüşünün təxirə salınması məhz Tehranın sülhə mane olduğundan irəli gəlir. Heç kimə sirr deyil ki, İran Ermənistana silah daşınmasında əsas tranzit ölkədir. Odur ki, Fransa, İran və Rusiya Ermənistanın sərhəddə qoşun yığmasından məmnun görünür. Düşünürəm ki, Paşinyan Azərbaycanla müharibə etmək istəyirsə, o zaman onun əsas hədəfi danışıqlarda üstünlük əldə edib, Qarabağdan köçən ermənilərin geri qaytarılması şərtini Azərbaycana qəbul etdirməkdir. İkincisi isə Cermux istiqamətində qoşunlarımızın geri çəkilməsinə nail olmaqdır. Eyni zamanda, Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmaq da planın tərkib hissəsidir. Bu plan isə Fransa, İran və Rusiyanın maraqlarına uyğundur".

Məhəmməd Əsədullazadə sonda əlavə edib ki, Ermənistanın dünən sülhdən danışan, bu gün isə ordunu döyüş hazırlığı ilə sərhəddə yığan rəhbərliyi sələflərinin siyasətini davam etdirir: "Onu da qeyd etmək lazımdır ki, yeni toqquşma olacağı təqdirdə Ermənistan yeni ərazi itkisinə məruz qalacaq. Əgər Ermənistan rəhbərliyi Fransa və Hindistandan aldığı bir neçə raket, artilleriya qurğuları ilə hərbi pariteti öz lehinə deyişəcəyini zənn edirsə, strateji səhvə yol verir. Nikol Paşinyan 4 kəndi geri vermək üçün xalqı sakitləşdirmək üçün ordunu sərhəddə yığırsa, bununla müharibə qorxusu yaradırsa, deməli təxribatlara gedə bilər. Azərbaycan sərhəddə qoşun cəmləşdirməyib, bunu Ermənistan edirsə, sifariş xaricdən verilib".

"Ermənistanın təlim adı altında orduya 5 minə yaxın hərbçi cəlb etməsinin mümkün təxribata hazırlıq məqsədi daşıdığı istisna edilməməlidir"

Ermənistanın Azərbaycanla döyüşmək gücündə olmadığını vurğulayan siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, buna baxmayaraq, mövcud vəziyyətdə sərhəddə təxribatlara əl ata biləcəkləri gözlənilən ssenarilərdəndir: "Erməni ordusunun hansı məqsədlə kazarmadan çıxdığı məlum olmasa da, hərəkətə keçdiyi dəqiqdir. Çünki 1 aprel-28 iyun tarixlərində Ermənistanda ehtiyatda olanlar hərbi təlimlərə çağırılıb. Hesab etmək olar ki, canlı qüvvə və hərbi texnikanın hərəkətliliyi bu təlimlərlə bağlıdır. Lakin təlimlərdə müəyyən detallar xüsusilə diqqət çəkir. Birincisi, təlimə çağırılan hərbçilərin sayı 5 minə yaxındır və xüsusi üstünlük zabit heyətinə verilib. Mövcud vəziyyətdə isə 5 minə yaxın hərbçinin təlimə cəlb edilməsi şübhələrə yol açır. İkincisi, təlimə cəlb edilən hərbçilərin Azərbaycana qarşı təxribatlara cəlb edildiyi təcrübəsi var. Ötən ilin sentyabrında sərhəddə törədilən erməni təxribatından sonra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanların olması bunu təsdiq edir. Bu kontekstdə Ermənistanın təlim adı altında orduya 5 minə yaxın hərbçi cəlb etməsinin mümkün təxribata hazırlıq məqsədi daşıdığı istisna edilməməlidir. Ermənistanın Azərbaycanla döyüşmək gücünün olmadığı bəllidir, lakin mövcud situasiyada sərhəddə təxribatlara əl ata biləcəkləri gözlənilən ssenarilərdəndir".

Siyasi şərhçinin fikrincə, belə bir təxribatla sərhəddə gərginlik yaradacaq Ermənistan hakimiyyəti bundan 4 kəndin qaytarılmasını əsaslandırmaq üçün istifadə edə bilər: "Paşinyan Tavuş səfərində "kəndləri qaytarmasaq, müharibə olacaq" demişdi və bunu daxili ictimai rəydə isbatlamaq üçün kiçikhəcmli hərbi macəraya gedə bilərlər. Lakin bu, baş verən proseslərdə kiçik elementlərdən biridir. Əsas hədəfin Qərbin Ermənistanın təhlükəsizliyinə cəlb edilməsi olduğu istisna deyil. Aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşün Qərb qüvvələrinin Cənubi Qafqaza girişi üçün qapıların geniş açılması məqsədi daşıdığı məlumdur. Bu görüş ərəfəsində, yaxud görüşdən sonra Azərbaycanla sərhəddə baş verə biləcək eskalasiya Qərb qüvvələrinin Ermənistanın "təhlükəsizliyinə" cəlb edilməsi üçün əsaslı arqument ola bilər. Eyni zamanda, belə bir eskalasiya Rusiyanın Ermənistandakı mövqelərinin "vurulması" ssenarisində də lazımlıdır. Bu baxımdan, Ermənistanda ehtiyatda olan 5 min hərbçinin cəlb edildiyi hərbi təlimlər və Cənubi Qafqazda gözlənilən planlar fonunda Azərbaycanla sərhədə canlı qüvvə-hərbi texnikanın cəlb edilməsi xəbərləri mümkün təxribat hazırlığına dair gözləntiləri ön plana çıxarır".

"Vəziyyətin gərginləşəcəyi gözlənilən idi, çünki son vaxtlar Qərbin, o cümlədən ABŞ və Avropa İttifaqının Ermənistana təsirləri artıb"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd edib ki, vəziyyətin gərginləşəcəyi gözlənilən idi, çünki son vaxtlar Qərbin, o cümlədən ABŞ və Avropa İttifaqının Ermənistana təsirləri artıb: "Bunun ən bariz nümunəsi kimi aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşü göstərmək olar. Brüssel və Vaşinqton hər nə qədər neytral olduqlarını desələr də, faktiki olaraq özlərinin regional maraqları üçün İrəvandan istifadə edirlər. Bu da son nəticədə bölgədə "suları bulandırır", sülh gündəliyinə zərbə vurur. Ermənistanın sərhədə qoşun yığması və durumu bilərəkdən gərginləşdirməsi ilə bağlı ehtimal olunan üç əsas versiya var. Bunlardan birincisi odur ki, İrəvan üçüncü güclərin təsiri altındadır. Öz iradəsi ilə yox, havadarlarının iradəsi ilə addım atır. Regionda qalmaq istəyən güclər sülh prosesinin yaxınlaşmaqda olduğunu görüb bütün imkanları ilə buna mane olmaq istəyirlər. İkincisi, mümkündür ki, daxildəki revanşistlər yenidən ayağa qalxıblar və sülh quruculuğu prosesinə zərbə vurmaq istəyirlər. Əgər belədirsə, Rusiyanın da bu və ya digər formada daxildəki müxalif güclərə dəstək verməsi mümkündür. Ola bilsin, rəsmi Moskva bu yolla perspektivdə rəsmi İrəvanı cəzalandırmaq istəyir. Çünki son vaxtlar Rusiya ilə Ermənistan arasında gərginlik artır".

Kənan Novruzovun sözlərinə görə, o da istisna deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu bilərəkdən edir: "Məlum olduğu kimi, sülh prosesi üçün zəruri olan bir neçə məqam var. Bunlar sırasında işğal altındakı 8 kəndin Azərbaycana qaytarılması, həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən mövcud konstitusiyasının dəyişdirilməsi əsas tələblərdəndir. Ola bilsin, Paşinyan hakimiyyəti anlayır ki, bunlar birdən-birə olarsa, daxildə mövcud iqtidara qarşı narazılıq artar. Odur ki, o, bilərəkdən gərginlik yaratmaq və itkilər verməklə göstərmək istəyir ki, Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yolu yoxdur. Yuxarıdakı ehtimalların hər biri mümkündür. Həmçinin, mövcud vəziyyətə təsir edə biləcək başqa səbəblər də ola bilər. Amma səbəbin nə olduğu Bakı üçün o qədər də əhəmiyyətli deyil. İrəvana konkret xəbərdarlıq edilib: istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Beləliklə, bundan sonrasını Ermənistan düşünməlidir. Belə davam edərsə, sabotaj cəhdləri olarsa, yaxın vaxtda yəni əməliyyatların başlanması istisna deyil".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183885