Azərbaycana 62 əsir “hədiyyə” edən batalyon komadiri həbs olundu - Ermənistanda

2021-09-14 23:24:00

Azərbaycana 62 əsir “hədiyyə” edən batalyon komadiri həbs olundu - Ermənistanda

2020-ci ilin dekabr ayında Qarabağın Çaylaqqaya kəndində döyüş növbətçiliyində olan bir batalyonun komandiri bu gün Ermənistanda həbs edilib.
 
Məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
 
Komitənin məlumatına görə, 13 dekabr 2020 -ci ildə həbs olunan zabit Çaylaqqayadakı döyüş mövqeyini icazəsiz tərk etməkdə, özündən yuxarı instansiyanın əmrini yerinə yetirməməkdə, xidmətə laqeyd münasibət göstərməkdə günahlandırılır.
 
Bildirilir ki, bu erməni zabitinin özbaşınalığı nəticəsində taborun 62 hərbçisi Azərbaycan xüsusi təyinatlıları tərəfindən əsir götürülüb.
 
Qeyd edək ki, Çaylaqqaya Xocavənd rayonunda yerləşir. Ötən ilin dekabr ayında Azərbaycan xüsusi təyinatlıları həmin kənddə gizlənən və Ordumuza qarşı terror aktları törədən 60-dan çox erməni silahlısını ələ keçirmişdi. Məlum olmuşdu ki, bu silahlılar 10 noyabr Bəyanatı imzalanandan sonra Ermənistanın Şirak vilayətindən Qarabağa gəliblər. Məqsədləri terror yoluyla 44 günlük savaşın qisasını almaq olub. Planlaşdırdıqları təxribat nəticəsində bir neçə əsgərimizi şəhid edən dəstə uğurlu əməliyyat nəticəsində göz altına alınmışdı.
 
İndiyədək ermənilərin və onların havadarlarının beynəlxalq aləmdə  tez-tez gündəmə gətirdikləri əsir məsələsində nəzərdə tutulanlar da məhz həmin şəxslərdir. Beynəlxalq qurumların və bir sıra dövlətlərin israrlı tələblərinə baxmayaraq, Azərbaycan həmin 62 nəfəri buraxmır. Səbəbini isə 2 əsas amillə izah edir. Əvvəla, bu şəxslər 10 noyabr Bəyanatından sonra bölgəyə gəliblər və imzalanan atəşkəs razılaşmalarının bu şəxslərə heç bir aidiyyatı yoxdur. İkincisi, onlar əsir yox, terrorçulardır. 10 noyabr Bəyanatında isə əsirlərin azadlığa buraxılması nəzərdə tutulur, terrorçuların yox.
 
Ermənistanda həmin taborun komandirinin həbs olunması və onun barəsində irəli sürülən ittihamlar da Azərbaycan tərəfinin arqumentini gücləndirir. Nədən ki, məğlub vəziyyətinə düşərək atəşkəs sazişinə imza atan tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdənsə, qisas almaq üçün döyüş bölgəsinə əsgər göndərir və onları terror aktları törətməyə vadar edir. Bundan boyun qaçıranı isə cəzalandırır. Belə bir vəziyyətdə, təbii ki, onun atəşkəs sazişinin arxasında gizlənməyə mənəvi haqqı da çatmır. \\Ovqat.com