Azərbaycan və Türkiyə Avropanın “xilas qapısı”na çevrilir

2022-12-20 10:27:00

Azərbaycan və Türkiyə Avropanın “xilas qapısı”na çevrilir

Ankara-Bakı tandeminin rolu qlobal səviyyəyə qalxmaqdadır

Hazırda Türkiyə ilə Azərbaycan Avropanın rus qazından asılılıqdan qurtulmasında mühüm rol oynayırlar. Hazırkı dönəmdə qaz və enerji məsələsinin geosiyasi amilə çevrildiyini qəbul etsək, əminliklə deyə bilərik ki, Ankara-Bakı tandeminin rolu qlobal səviyyəyə qalxmaqdadır.

Məlumdur ki, prezidenti Ərdoğan ölkəsini ən qısa zamanda qlobal qaz qiymət mərkəzinə çevrimək niyyətində olduğunu bildirib. Əlbəttə, hədəf iqtisadi məqsədlərdir. Amma unutmayaq ki, Ankaranın əsas məqsədi geosiyasi nüfuz qazanmaq və güclənrməkdir. Hazırda gedən geosiyasi proseslər dünyanın makroregionlara parçalanmasını şərtləndirir. Makroregionların hər biri maliyyə, hərbi, iqtisadi və digər sahələrdə qeyd-şərtsiz təminata malik olmalıdır. Ankara həm Yaxın Şərqə doğru, həm də Mərkəzi Asiyaya doğru uzanmaqla öz makroregionunu formalaşdırmağa cəhd edir. Görürük ki, prezident Ərdoğan Misiri yanına çəkməyə çalışır. Əlbəttə ki, burada iqtisadi maraqlar prioritetdir.

Türkiyənin Suriya ilə yaxınlaşmaq cəhdlərini də sezirik. “Qaz xabı”na çevrilmək Türkiyəni gücləndirmək üçün mühüm addımdır. Bu, həm də ölkənin enerji təhlükəsizliyi təmin edir. Türkiyə həm Avropa, həm də qaz ixracatçıları - Rusiya, İran, Azərbaycan, Türkmənistan üçün əhəmiyyət kəsb edən bir ölkədir. Çünki AB-yə fasiləsiz təchizatı təmin edən Ankaradır.

Ankaranın geosiyasi rəqabət seqmentlərindən biri Türkmənistandır. Ümumiyyətlə, Türkmənistan geosiyasi qütblərə qoşulmaqda çox ehtiyalı davranır. O KTMT-yə qatılmayıb, elə TDT-na qoşulmağa da qəti qərar verə bilmir. Amma Çin ilə İrandan tutmuş Türkiyə və Aİ-yə kimi siyasi qütblər Aşqabadı öz orbitinə çəkməyə çalışır. Yenə də Aşqabadı yanında görmək istəyən ən israrlı cəhdlər Aİ və Türkiyə tərəfindən edilir, Moskva isə buna əngəl olmağa çalışır.

Bu addımlar son günlər inanılmaz sürətlə baş verib. Dekabrın 6-7-də Türkmənistanın xarici işlər naziri Meredov rusiyalı həmkarı Lavrovla görüşüb və o, Moskvanın Aşqabadı "ən yaxın dostu və strateji tərəfdaşı" kimi gördüyünü vurğulayıb. Amma görüş yalnız xırda məsələlər üzrə razılaşmalarla yekunlaşıb.

Daha sonra isə dekabrın 11-də Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi olan finlandiyalı diplomat Terhi Hakala Aşqabada səfər edib. Hakala türkmən ev sahibləri ilə geniş spektrli məsələləri müzakirə edib. Dekabrın 14-də prezident Aşqabad Xəzər sahilindəki kurortda Türkiyə və Azərbaycan prezidentlərini qəbul edib.

Tədbir zamanı Türkmənistan TDT-na qoşulmaqdan çəkinsə, lakin üç dövlət daha çox türkmən qazının Xəzərdən Qərbə nəqli üçün səyləri artırmağa razılaşdı.

Simvolikdir ki, Xəzərdəki görüş Aşqabadın şimala - Rusiyaya, cənuba - İrana yox, qərbə baxdığını göstərir və praktikada bu mövqe həm Bakı ilə Aşqabad arasında dənizdəki neft və qaz obyektləri ilə bağlı mübahisələrin həllinə, həm də Türkmən donanmasının Cənubi Qafqazda artan qüdrətinə xüsusi diqqət tələb edir. Bu o deməkdir ki, geosiyasi baxımdan Türkmənistan bu gün əvvəlkindən daha fəaldır. Amma Türkiyə bucağı altında.

Bu, uzun müddətdir ki, Türkmənistanın neytrallığını Mərkəzi Asiyada Türkiyənin hər hansı genişlənməsinin qarşısını almaq səylərinin təməl daşı kimi dəstəkləyən Moskvanı narahat edir. Axı, Aşqabad Türkiyə layihələrinə qoşulmasa, Ankara üçün regionda gücünü layihələndirmək xeyli çətinləşəcək, Kremlin isə orada ənənəvi “parçala və hökm sür” yanaşmasını davam etdirmək daha asan olacaq.

Üç görüşdən sonra, görünür, Türkmənistan Moskvanı qəzəbləndirməmək üçün TDT-na qoşulmayaraq öz bitərəfliyində "üzdə də olsa" israr etməyə davam edir. Bununla belə, Aşqabad, şübhəsiz ki, bu mövqeyini getdikcə daha çox nəzərdən keçirəcək və təkcə Kremldə deyil, Kremldən kənarda da tərəfdaşlar axtaracağını ifadə edəcək. Bu, şübhəsiz ki, yaxın gələcəkdə potensial dramatik addımlar üçün zəmin yaradır və dünyanı Türkmənistana keçmişdə olduğundan daha yaxından baxmağa məcbur edəcək.

Bundana başqa, Ankara-Bakı tandemi dekabrın 17-də Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniyanın Qara dənizin altından sualtı kabel ilə Avropaya enerji verilməsini təsbit edən sazişlə bir daha gücünü təsdiqlədi. Əlbəttə, bu anlaşmada 4 ölkə iştirakçı olsa da arxa planda sazişin təhlükəsizlik amili Türkiyəyə söykənir. Bu işbirliyini şərh edən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rumıniyada açıqladı ki, Qara dəniz üzərindən sualtı elektrik kabeli imkan pəncərəsi yaradacaq, Gürcüstanı elektrik mərkəzinə çevirəcək və daxili enerji bazarını yaxşılaşdıracaq. Onun sözlərinə görə, layihə Qara dəniz üçün ən mühüm rolu təmin edəcək. O qeyd etmişdi ki, Rusiya müharibəyə başladıqdan sonra Avropa İttifaqı Rusiya enerjisindən imtina edib.

Dördtərəfli hökumətlərarası saziş bərpa olunan mənbələrdən (o cümlədən su elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisi) elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya və Azərbaycan arasında sualtı kabel layihəsinin həyata keçirilməsini nəzərdə tutur. Qara dəniz sualtı elektrik ötürücü kabel layihəsi Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında enerji sazişinin bir hissəsidir və eyni zamanda, Aİ-nin "Qlobal Gateway" (Qlobal darvaza) strategiyası çərçivəsində Gürcüstan üçün flaqman layihədir.

“Bu gün biz Azərbaycandan Avropaya daha bir enerji körpüsünün tikintisinə başlayırıq, ölkələrimiz Avropaya etibarlı təchizatçı olmaq niyyətindədir və bu, əsasən yaşıl enerjiyə aiddir. Azərbaycanın bərpa olunan enerji potensialı 27 QVt-dan (QVt) çoxdur - bu, günəş və hidroenergetika, həmçinin Xəzər dənizindən gələn külək enerjisidir. Beləliklə, birinci mərhələdə Azərbaycanın ixracı ən azı 3 QVt olacaq. Bu məqsədlərə nail olmaq üçün biz səmərəli işləməliyik. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan bir komanda kimi işləməli və Aİ ilə sıx əməkdaşlıq etməlidir. Hamımıza uğurlar arzulayıram”, deyə Azərbaycan Prezidenti İlham Əliyev sənədlərin imzalanması mərasimində çıxışı zamanı bildirdi.

Ursula fon der Leyenin çıxışından maraqlı nüans diqqəti cəlb edir. Aİ rəsmisinin vurğuladığına görə, “Qara dəniz sualtı elektrik kabeli yeni ötürmə xəttinə və yeni imkanlar pəncərəsinə çevriləcək. Bu layihə bizə və Gürcüstana Avropa təyinatı verəcək və çoxlu faydalar gətirəcək. Bu, Gürcüstanı elektrik enerjisi mərkəzinə çevirəcək və daxili enerji bazarını yaxşılaşdıracaq. Nəhayət, Qara dəniz sualtı elektrik kabeli Moldova və Qərbi Balkanlardakı qonşularımıza və təbii ki, Ukraynaya kömək edəcəkdir. Bu, ölkəyə təkrar istehsal və yenidənqurmada kömək edəcək”. Göründüyü kimi, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın aparıcı olduği "Global Gateway" layihəsi Ukraynaya da töhfə verəcək - Rusiyanın müharibə meydanına çevirdiyi Ukraynaya... Və Azərbyacanın iştirak etdiyi qlobal layihələrdə Bakının təşəbbüsü yüksək olsa da, güc amili ilə dəstəkləyici rolunda Bakı-Ankara tandemi özünü biruzə verir.

Bu məqamda necə deyərlər, Rusiyanın "dişi bağırsağını kəsir". Rus fəalları və media yazarları Türkiyənin artan rolundan çox narahatdırlar. Məlumdur ki, Türkiyə Balkan müsəlmanlarını ilk növbədə Kosova, Bosniya və Hersosovina, Albaniyadakı müsəlmanları dəstəkləyir. Üstəlik, bu sıraya Azərbaycanın cəhdləri ilə serblər də qatılmaq üzrədir. Ən azından Serbiya da Rusiyadan uzaqlaşmaq yolunu tutub. Bu Rusiyanı çox narahat edir. Ruslar Türkiyənin güclənmə dəsti-xəttini pantürkizm, yeni Osmaçılıq kimi qələmə verirlər, amma özlərinin Yeni Avrasiyaçılıq adı altında "şovinist rus imperializminin xortladılması"na kor olurlar. Rus imperializmini çöküşdən qurtarmaq üçün isə xilası iki şeydə görürlər. Birincisi, TDT və digər "pantürkist" qurumların işində iştirak etmək. Onların fikrincə yalnız bu yolla türk sivilizasiyasını türk dünyasına çevirməyə can atan, "ümumutürk dəyərlərini Türkiyə dəyərləri" ilə əvəz edən Türkiyənin fəaliyyətinə nəzarət etmək, ona müəyyən dərəcədə düzəliş etmək olar.

İkincisi, Türkiyənin fəaliyyətinə əks tarazlıq yaratmaq üçün Rusiya ilə İran və Ermənistan arasında sıx əməkdaşlıq. Onların fikrincə, rus-fars-erməni əməkdaşlığı təkcə Rusiyanın postsovet məkanına nəzarətinin təmin edilməsi kontekstində deyil, həm də “Böyük Turan”ın yaradılması yolunda mühüm maneə yaradacaq. Eynilə, Rusiyanın türkdilli bölgələrində sabitliyin qorunmasına xidmət edəcək. Əlbəttə, Rusiya hakimiyyət dairələrinin son vaxtlar müsəlman əhalinin əksəriyyət təşkil etdiyi bölgələrdə İran tərzli şiəlik-rafizilik yaymaq səyləri də Türkiyəyə doğru yönəlməkdə olan müsəlman əhalini bunda əngəlləmək, Türkiyə ilə araya ikitirəlik salmaq məqsədi daşıyır. Məqsəd Turanın bərpasının qarşısını almaqdır. İran isə təbii ki, harada islama xəyanət varsa ordadır. 

Üçüncü yolu isə ruslar Azərbaycanın daxilində rusiyayönlü qüvvələrin yaradılması üzərində işləməkdə görürlər. Onların fikrincə, Bakını Rusiyanın təsir dairəmizdə saxlamaq üçün ruslara Ukraynada ABŞ-la müharibədə tam qələbə və rus geosiyasi prioritetlərini müəyyən edə biləcək milli ideologiya, qonşular üçün cəlbedici gələcək obrazı və regionda Kremlin təsirini saxlamaq üçün aydın plan lazımdır. Uzun sözün qısası, Rusiyanın təsir dairəsində Türkiyənin geosiyasi davamı və dəstəkçisi Bakını bir tərəfdən sərfəli iqtisadi müqavilələrdə maraqlı olmaqla, digər tərəfdən isə İran və Ermənistanla ciddi hərbi-siyasi əməkdaşlıq təhlükəsi və Azərbaycan malları üçün Rusiya bazarının bağlanması ilə "özünə gətirmək" planları var. Türkiyə-Azərbaycan tandemi bölgəsəl və qlobal olaraq Rusiyanın qarşısındadır və "günəş altında özünə müstəqil yer etmək uğrunda mübarizə aparır"...

Ülviyyə ŞÜKÜROVA

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000621