Saat:15:16
Haqqımızda

Azərbaycan Türkiyə ilə konfederasiya halında BİRLƏŞMƏLİDİR

2022-01-11 11:00:00

Azərbaycan Türkiyə ilə konfederasiya halında BİRLƏŞMƏLİDİR

Rusiyanın işğal təhlükəsindən yaxa qurtarmaq üçün rəsmi Bakı ən qısa zamanda bu haqda düşünməlidir

Məhəmməd Əsədullazadə: "Putinin siyasəti Cənubi Qafqazın təhlükəsizliyini təhdid edir, Azərbaycan isə yalnız Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində öz təhlükəsizliyini təmin edə bilər"

Elxan Şahinoğlu: "Kreml Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir"

Ərəstun Oruclu: "Rusiya SSRİ-ni batıran bataqlığa doğru irəliləyir, lakin bu dəfə onun yolunun üzərində sovet dövründəkindən daha çox "tələlər" və "çalalar" var"

Nazim Cəfərsoy: "Qazaxıstan hadisəsindən sonra Azərbaycanın KTMT-yə hətta müşahidəçi statusla üzv olmaq təşəbbüsünün belə, gündəmə gəlməsi çox çətinləşib"

Samir Hümbətov: "Türkiyə Qazaxıstan olayları ilə bağlı ilk mərhələdə telefon diplomatiyası ilə kifayətlənəcək, amma ikinci mərhələdə ciddi mövqe ortaya qoyması gözləniləndir"

Yanvarın 2-də Qazaxıstanda başlayan etiraz aksiyaları, ardınca Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında bu ölkəyə daxil olması, daha doğrusu işğal etməsi, o cümlədən Cömərd-Qasım Tokayevin strateji vəzifələrə Kremlə yaxın şəxsləri gətirməsi bir daha onu təsdiqləyir ki, Vladimir Putin nəinki SSRİ-ni bərpa etmək arzusundan vaz keçib, əksinə artıq bununla bağlı planının əhəmiyyətli bir hissəsinin icrasını tamamlamaq üzrədir. Qeyd edək ki, artıq ABŞ başda olmaqla, bir çox Qərb dövlətləri də bununla bağlı həyəcan təbili çalmaşa başlayıb. Məsələn, axar.az-da yer alan informasiyaya görə, ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, Rusiya geosiyasi planda Sovet İttifaqı dövründə mövcud olan nizamın yenidən bərpasına nail olmaq istəyir: "Düşünürəm ki, bu, Rusiya prezidentinin hədəflərindən biridir. Bu, SSRİ-nin bir hissəsi olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir. Bu isə qəbuledilməzdir".

Onu da qeyd etmək lazımdır ki, artıq müxtəlif dairələr Qazaxıstanı Rusiya ilə Belarusun formalaşdırdığı İttifaq Dövlətinə doğru sürükləməyə, bununla da onu Türk Dövlətləri Təşkilatından uzaqlaşdırmağa çalışırlar. Belə ki, "Məncə, postsovet məkanında hamı artıq başa düşür ki, Rusiyanın dəstəyi olmadan heç bir dövlət təkbaşına yaşaya bilməyəcək, ona görə də bizə birləşmək lazımdır" kimi cəfəng fikir səsləndirən Krım Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrineçin sözlərinə görə, Qazaxıstan hazırkı vəziyyət fonunda Rusiya və Belarusla birlikdə İttifaq Dövlətinin bir hissəsi ola bilər.

Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Putinin SSRİ-nin bərpa planı postsovet ölkələrinə real təhlükə mənbəyi olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatının iflasına xidmət edir. Məsələyə təxminən, bu konteksdən yanaşan Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin sədri, akademik Sudeyif İmamverdiyev hesab edir ki, Qazaxıstanda yaşanan hadisələr türk dünyasına böyük zərbədir. Onun fikrincə, bu cür təxribatçı addımlar digər türk dövlətləri üçün təhlükə yaratsa da, ortaq mübarizəni zəruri edir: "Biz bu prosesin nəticələrini yaxşı təhlil etməli və təhdidlərin qarşısını almaq üçün müvafiq fəaliyyət planları hazırlamalıyıq. Bununla belə, baş verənlərə görə ruhdan düşməməli və bunun başımıza gəlməsinə imkan verməməliyik. Əksinə, indi türk dövlətləri arasında inteqrasiyanı sürətləndirmək üçün çalışmalıyıq".

"Qazaxıstanda baş verən son proseslərdən sonra Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə üzvlüyü mümkün görünmür" 

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Qazaxıstanda yaşanan olayların Azərbaycanda təkrarlanması mümkün deyil və bu səbəbdən də adıçəkilən ölkələri bir-biri ilə müqayisə etmək yanlışdır: "Azərbaycan xalqı milli özünüdərk və millətləşmə prosesində, dövlətçilik ənənələrinin inkişafında qardaş qazax xalqından irəlidədir. Azərbaycanın güclü ordusu var və bu ordu Qarabağ müharibəsində öz qüdrətini ortaya qoydu. Bu, həm də Azərbaycanın dövlət kimi güclü şəkildə formalaşmasının nəticəsidir. Odur ki, Rusiya Azərbaycanda istədiyi siyasəti apara bilməz". Azərbaycanın Şuşa Bəyannaməsi nəticəsində qardaş Türkiyə ilə hərbi müttəfiq olduğunu vurğulayan politoloq qeyd edib ki, Vladimir Putinin Avrasiyaçılıq siyasəti baş tutmayacaq: "Rusiya uzun müddətdir ki, ölkəmizin Avrasiya İttifaqına və KTMT-yə üzvlüyünə nail ola bilmir. Qazaxıstanda baş verən son proseslərdən sonra da bu, mümkün görünmür".

"Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmamasına, həmçinin Azərbaycanla Ermənistan arasında böhranın davam etməsinə çalışacaq"

İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqların başladığını bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da deyib ki, sözügedən danışıqlar regionumuza da təsirsiz ötüşməyəcək: "Çünki Rusiya MDB məkanında öz təsirini artırmaq və NATO-nun bu regionla siyasi-hərbi əməkdaşlığına qarşıdır. Cenevrə danışıqları Putin üçün yeni fürsətlər açır və belə bir danışıqlarda Rusiyanın beynəlxalq aktor rolunu ortaya qoyur. Bu danışıqlarda Kreml Ukrayna, Gürcüstan və Qazaxıstan, xüsusilə də Mərkəzi Asiya regionunda NATO-nun hər hansı bir hərəkətlilik etməməsinə, MDB məkanının artıq Rusiyanın protektoru olduğunu qəbul etdirməyə çalışacaq. Həmçinin, Şərqi Avropada ABŞ və NATO-nun hərbi fəaliyyətinə son qoyulmasını tələb edəcək".

NATO-Rusiya danışıqlarının uğursuz olacağı deyən Məhəmməd Əsədullazadənin fikrincə, Putinin hazırkı siyasəti Cənubi Qafqazın təhlükəsizliyini təhdid edir: "Azərbaycan bu kimi təhdidlərə qarşı yalnız Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində öz təhlükəsizliyini təmin edə bilər. Türkiyə NATO ölkəsidir və Ankaranın bu siyasəti NATO-nun geosiyasi maraqlarına cavab verir. Onu da qeyd edim ki, Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmamasına, həmçinin Azərbaycanla Ermənistan arasında böhranın davam etməsinə çalışacaq. Türkiyə isə öz növbəsində, Rusiyanın bu siyasətinə qarşı praktik addımlar atacaq".

"Putin ətrafdakı ölkələri zorla Rusiyanın "strateji müttəfiqinə" çevirmək istəyir" 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Vladimir Putin keçmiş "SSRİ-ni bərpa etmək" istəyirsə, deməli hələ uzun müddət hakimiyyətdə qalacaq: "Çünki "SSRİ-nin bərpa çalışmalarına" uzun zaman lazımdır. Bunun üçün həm hədəf seçilən dövlətlərin parçalanması sürətlənməli, həm də yerlərdə tərəfdar qrupları fəallaşdırılmalıdır. Kremlin birinci hədəfi Ukraynadır. Qazaxıstandakı olaylar Kremli ikinci istiqaməti də fəallaşdırmağa sövq edir. Növbədə başqa dövlətlər də var. Kreml sahibi Avropa dövlətlərini ABŞ-ın vassaları hesab edir və müxtəlif çıxışlarında buna eyham vurur. Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi Rusiyanın da vassalları olmalıdır. Sadəcə, Avropa ölkələrinin Amerika ilə strateji tərəfdaşlığı qarşılıqlı maraq üzərində qurulub. Kreml sahibi isə ətrafdakı ölkələri zorla Rusiyanın "strateji müttəfiqinə" çevirmək istəyir. Fərq bundadır".

Bununla yanaşı, politoloq hesab edir ki, "SSRİ-nin bərpa" əməliyyatı Kreml üçün bumeranq effekti olacaq: "Müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr Rusiyanın vassalı olmaq istəmirlər. Kreml "SSRİ-nin bərpasını", əslində isə Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir.

"Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir, hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın, o cümlədən Əfqanıstanın nəzarət altına götürülməsidir" 

Siyasi şərhçi Ərəstun Oruclu isə bu qənaətdədir ki, Qazaxıstandan sonra Rusiyanın hədəfində məhz Özbəkistandır. Onun sözlərinə görə, bunu rəsmi Daşkəndin son günlər atdığı addımlar da göstərir: "Belə ki, ölkədə ordunun təbliği gücləndirilib, Özbəkistana giriş qaydaları dəyişdirilib, məktəblərdə qış tətili yanvarın 25-dək uzadılıb, əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün Rusiyaya qaz ixracı dayandırılıb. Bu günlərdə prezident Şavkat Mirziyoyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları olub. Özbəkistan bir çox mənada, ilk növbədə də goesiyasi baxımdan bölgənin açar dövlətidir və bunu Rusiyada da yaxşı anlayırlar". Siyasi şərhçinin fikrincə, Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir: "Hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın, o cümlədən Əfqanıstanın nəzarət altına götürülməsidir. Bunun üçün də Qazaxıstandan Özbəkistana, ordan da Əfqanıstana hərbi müdaxilə olunmalıdır. Bir sözlə, Rusiya SSRİ-ni batıran bataqlığa doğru irəliləyir. Bir o fərqlə ki, bu dəfə onun yolunun üzərində sovet dövründəkindən daha çox "tələlər" və "çalalar" var".

"KTMT-nin Qazaxıstana hərbi müdaxiləsi təşkilat və Rusiya üçün taktiki qələbə, ancaq strateji məğlubiyyət sayıla bilər" 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə qeyd edib ki, KTMT-nin Qazaxıstana hərbi müdaxiləsi təşkilat və Rusiya üçün taktiki qələbə, ancaq strateji məğlubiyyət sayıla bilər: "KTMT Ermənistan baxımından artıq ciddi bir diskredite olma, yəni gözdən düşmə prosesi yaşayır. Bu proses Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə erməni xalqının və elitasının qərbçi, nisbətən mütərəqqi təbəqəsində onsuz da özünü göstərirdi. KTMT Qarabağ müharibəsi səbəbiylə erməni xalqının ənənəvi və ruscu təbəqəsi, elitasında ciddi tənqidə məruz qaldı. Maraqlıdır ki, indi hər iki təbəqədən demokratlar "xalqın hərəkətini niyə yatırmağa kömək edirsən" tezisi ilə, revanşistlər isə "KTMT Azərbaycanla müharibədə bizə dəstək vermədi" və "Qazaxıstan hakimiyyəti bizə qarşı Azərbaycanı dəstəkləyib" tezisləri ilə Ermənistanın baş naziri Paşinyanın KTMT vasitəsilə Qazaxıstana əsgər göndərməsini tənqid edir. Paşinyana gəlincə, onun bu prosesdə fəal rol alması KTMT sədri kimi məcburən oldu və üstəlik, simvolik sayda əsgər göndərdi".

QAFSAM-ın sədr müavininin sözlərinə görə, Qazaxıstan hadisəsində KTMT-nin həm öz ölkəsində, həm postsovet məkanında, həm Qazaxıstanda, həm də dünyada yetərincə problemli və məhdud imkanlara malik bir siyasi lider olan Aleksandr Lukaşenkonun öncüllüyündə önə çıxması da bu təşkilatın durumunu ortaya qoyan bir mənzərədir: "Rusiya lideri Vladimir Putinin bu prosesdə mümkün qədər geri planda qalması və qabağa KTMT sədri Paşinyanla Lukaşenkonu verməsi də KTMT-nin bu addımının Qazaxıstan və dünya cəmiyyəti üçün müdafiə ediləməyəcək qədər problemli olduğunu göstərir". Nazim Cəfərsoy onu da əlavə edib ki, Qazaxıstan hadisəsindən sonra Azərbaycanın bu təşkilata hətta müşahidəçi statusla üzv olmaq təşəbbüsünün belə, ölkədə gündəmə gəlməsi çox çətinləşib.

"Nazarbayevin statusunun əlindən alınması və hökumətin istefasından sonra Tokayevin dərhal KTMT-ni ölkəyə çağırması, Rusiyanın Qazaxıstana belə geniş daxil olmasının qarşısını Nazarbayevin aldığı görüntüsünü yaradır" 

"Uzun illərdir Mərkəzi Asiyada gedən pərdəarxası üçlü mübarizə nəhayət ki, gün üzünə çıxmağa başladı" deyən siyasi ekspert Samir Hümbətov isə hesab edir ki, Qazaxıstandakı proseslərin ilk baxışdan spontan olmasına baxmayaraq, sonrakı mərhələdə münaqişənin silahlı toqquşmaya çevrilməsi onun əvvəldən hazırlanması və mərhələli şəkildə idarə edilməsindən xəbər verir: "Ən azından sadə etirazçıların arasına qarışmış provakasiya qruplarının etirazçıları müxtəlif istiqamətə yönləndirməsi və dövlət əhəmiyyətli binaların tutulması, dağıdılması bunu deməyə əsas verir. Eyni zamanda, etirazçılara silahların paylanması və silah obyektlərinin talan edilməsi də burada başqalarının əlinin olduğunu göstərən amillərdəndir. Etirazçıların Tokayev qalmaqla hökumət kabinetinin və Nazarbayevin statusunun əlindən alınması tələbinin özü də ciddi suallar doğurur. Belə ki, hökumət kabineti Nazarbayev tərəfindən qurulmuş kabinetdir və onun hökmü Tokayevdən daha çox olduğu görünürdü. Məhz Nazarbayevin statusunun əlindən alınması və hökumətin istefasından sonra Tokayevin dərhal KTMT-ni ölkəyə çağırması, ölkəyə Rusiyanın belə geniş daxil olmasının qarşısını Nazarbayevin aldığı görüntüsünü yaradır. Digər tərəfdən, Tokayev tərəfindən KTMT bayrağı altında Qazaxıstanı işğal etməsi və soyqırım həyata keçirməsi danışılmış, pərdəarxası oyunların tərkib hissəsi kimi qəbul edilə bilər".

Siyasi ekspertin fikrincə, pərdəarxasında Tokayev-Kreml razılaşmasının olması mümkündür və buna uyğun olaraq Nazarbayevin təyin etdiyi kadrlar qısa müddətdə hakimiyyətdən uzaqlaşdırıldılar: "Hesab etmək olar ki, Tokayev onları uzaqlaşdırmaqla az öncə səlahiyyətlərini əlindən aldığı Nazarbayevin təsirini azaltmağa çalışır. Bu işdə Kremlin dəstəyini almayan Tokayev qətiyyən riskə gedib komandanı dəyişdirməzdi. Ona görə də bu işdə də Kremlin dəstəyini görməyin mümkünlüyünü qeyd etmək olar". Samir Hümbətov qeyd edib ki, KTMT özünün nüfuzunu artırmaq və Rusiyanın Qazaxıstan üzərində təsirini möhkəmləndirmək üçün mümkün qədər qısa vaxt ərzində etirazları qanlı şəkildə basdırmağa çalışacaq, amma bunu nə dərəcədə uğurlu olub-olmayacağını isə zaman göstərəcək: "Burada diqqəti cəlb edən Türk Dövlətləri Təşkilatı və onun üzvlərinin mövqeyidir. Təbii ki, Türkiyə və Azərbaycan prezidentləri bu məsələdə digər üzv dövlətlərlə danışıqları davam etdirirlər. Hesab etmək olar ki, ilk mərhələdə Türkiyə ancaq telefon diplomatiyası ilə kifayətlənəcək. Amma ikinci mərhələdə ciddi mövqe ortaya qoyması gözləniləndir. Eyni zamanda, Türkiyə yaxşı başa düşür ki, Rusiya Qazaxıstanda müvəqqəti üstünlük əldə edə bilər, amma sonuna kimi orada dayanması sual altındadır. Hətta hesab etmək olar ki, Tokayevlə ciddi əlaqə qurmamağın digər önəmli səbəblərindən biri də onun əlinin xalqın qanına batması ola bilər. Fikrimcə, Qazaxıstandakı proseslər uzun müddət gərginliklə müşahidə edilə bilər və ölkənin yenidən əvvəlki vəziyyətinə qayıtması da o dərəcədə inandırıcı görünmür".

"Rus ayısının pəncəsi"ndən qorunmaq naminə həm Azərbaycan, həm də Türkiyənin maraqlarına xidmət edən "Bir millət, bir dövlət" formatına keçməliyik!

Xülasə, bütün bunların fonunda qəti əminliklə demək olar ki, Azərbaycan, artıq kifayət qədər real görünən Rusiya təcavüzündən, Kremlin işğal təhlükəsindən yaxa qurtarmaq, özünü sığorlamaq, milli və dövlətçilik maraqlarını qorumaq üçün mütləq şəkildə qardaş Türkiyə ilə konfederasiya halında birləşməlidir. Əgər keçmişə nəzər salsanız görərsiniz ki, ölkəmizin parçalanması, işğal və ilhaq edilməsinin yeganə səbəbi qardaş Türkiyə ilə münasibətlərin düzgün qurulmaması ilə bağlı olub. Odur ki, tarixdən dərs çıxarmalı, ölkəmizin bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunub saxlanılması, "rus ayısının pəncəsi"ndən qorunmaq naminə həm Azərbaycan, həm də Türkiyənin maraqlarına xidmət edən "Bir millət, bir dövlət" formatına keçməliyik!

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR