Saat:17:26
Haqqımızda

Azərbaycan torpaqlarını Ermənistana kimlər və necə "bağışlayıb"- TARİXİ FAKTLAR

2022-02-03 16:12:00

Azərbaycan torpaqlarını Ermənistana kimlər və necə

XX əsrdə (1920-1988-ci illər) Azərbaycan SSR ilə Ermənistan SSR arasında sərhəd məsələləri bir sıra mənbələrə, arxiv materiallarına əsaslanan tədqiqat əsərlərində, strateji təhlil materiallarında öz aydın ifadəsini tapıb. Gərgin zəhmətin, dərin elmi axtarışların nəticəsi olan tarixi araşdırmalarda Cənubi Qafqaz dövlətlərinin 1920–1921-ci illər ərzində Sovet Rusiyası tərəfindən işğal olunduqdan və bu ərazilərdə sovet hakimiyyəti qurulduqdan sonra həmin respublikalar arasında 1918–1920-ci illərdə müvəqəti müəyyənləşdirilən sərhədlərin dövlətlər arasında nəzərdə tutulan torpaqlar sərhəd xətti kimi deyil, əksinə, yaradılması üçün bolşeviklərin hazırlıq işləri apardıqları SSRİ dövlətinin gələcək ərazi-inzibati bölgü sisteminin tərkib hissəsi olması ilə bağlı idi.

Tarixi mənbələrdə 1918-ci ilin fevralında yaradılan Cənubi Qafqaz Seyminin ümumi ərazisinin 210 min kvadratkilometrə bərabər olduğu bildirilib. Bu ərazinin 45 min kvadratkilometri Brest-Litovsk (mart 1918-ci il) və Batum (iyun 1918-ci il) müqavilələrinin şərtlərinə görə Osmanlı Türkiyəsinə verilib, AXC MŞ-sının 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri daxil olmaqla 9 min kvadratkilometr ermənilərə güzəşt edilib, 100,6 min kvadratkilometr Azəbaycan Xalq Cümhuriyyətinin, 55,4 min kvadratkilometr isə Gürcüstan ərazisini təşkil edib.

Azərbaycan torpaqları mərhələlərlə 1918-ci il mayın 28-dən başlayaraq, xüsusilə 1920-1929-cu illərdə isə Ermənistan SSR tərkibinə verilib.

Erməni həyasızlığı sərhəd tanımır

Araşdırmalara əsasən, 1922-ci ildə Cənubi Qafqaz (Zaqafqaziya) Sovet Federativ Sosialist Respublikası yarandıqdan sonra bu torpaqlarda yeni inzibati-ərazi dəyişiklikləri başlanılıb ki, bu da, ilk növbədə, həmin ərazilərdə artıq mövcud olan inzibati-ərazi bölgüsünün yeni siyasi və iqtisadi tələblərə uyğun gəlməməsi ilə əlaqədar idi.

Buna görə də Sovet Rusiyası Cənubi Qafqaz regionunda Bakı neft rayonunu tam şəkildə özünə tabe etmək şərtilə burada mürəkkəb iqtisadi rayonlar yaratmaq, respublikaların iqtisadi imkanlarını süni şəkildə bərabərləşdirmək məqsədi daşıyırdı.

Eyni zamanda, inzibati-ərazi bölgüsünün aşağıdakı prinsipləri tanınırdı:

– əsas sənaye sahələrinin təmərküzləşdirilməsi;

– milli mədəniyyətlərin maksimum səviyyədə yaxınlaşdırılmasına nail olmaqla gələcək vahid sovet mədəniyyətinin özülünün qoyulması;

– əhalinin sənaye məntəqələrinə yaxın ərazilərdə yerləşdirilməsının təmin edilməsi;

– rabitə xətlərinin istiqamətlərinin və xarakterinin müəyyənləşdirilməsi;

– əhalinin sayı;

– əhalinin milli tərkibi.

Göründüyü kimi, Moskva tərəfindən Cənubi Qafqazda həyata keçirilən sərhəd bölgüsü siyasətində birinci yerdə Sovet Rusiyasının iqtisadi, sonuncu yerdə isə bu regionun əhalisinin milli maraqları dayanırdı.

Həyata keçirilən siyasətdə milli maraqların üstünlüyü və dövlətin Cənubi Qafqaz xalqlarının iqtisadi rifahından “narahat olması” ideyasının ictimai şüura məqsədyönlü şəkildə “yeridilməsi” vəziyyətin, necə deyərlər, absurdluğundan xəbər verirdi.

Beləliklə, 1921-ci il avqustun 15-də RKP (b) MK-nın Qafqaz Bürosu Cənubi Qafqaz sovet respublikaları arasında sərhədlər məsələsini dinləyərək, bu resublikaların Xalq Komissarları Soveti sədrlərinə və Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR İnqilab komitələri sədrlərinə üç respublika arasında sərhədlərlə bağlı müəyyən müqavilə sazişi imzalayacaqları barədə müraciət etdi. Lakin gələcəkdə belə bir ümumi müqavilə imzalanmadı.

1922-ci il avqustun 22-də isə Cənubi Qafqaz Fövqəladə Komissiyasının sədrinin imzası ilə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR Fövqaladə komissiyaları tərəfindən sərhəd məntəqələrinin, gözətçilərin və nəzarət məntəqələrinin ləğvi haqqında sərəncam qəbul edildi:

– sərəncamda qeyd olunduğu kimi, artıq xarici sərhədlər Türkiyə və İranın sərhədləri sayılırdı.

– bu sərəncamla Cənubi Qafqazın üç respublikası arasındakı 1918-1920-ci illərdə yaranmış sərhədlər faktiki olaraq dövlət əhəmiyyətini itirirdi.

1921-ci ilin iyununda RKP (b) Qafqaz Bürosunun Plenumu Cənubi Qafqaz respublikalarında maldar əhalinin otlaqlara sərbəst çıxışı haqqında qərar qəbul etdi. Nəticədə, Cənubi Qafqazın üç respublikasının maldar kəndliləri tərəfindən qərarla müəyyənləşdirilən sərhəd hüdudları daxilində sərbəst hərəkət hüququ əldə olundu.

Əslində, bu qərarın qəbulu bir sira anlaşılmazlıqların yaranmasına və üç Cənubi Qafqaz respublikasının sərhəd ərazilərində yaşayan azərbaycanlı və erməni əhalisi arasında qarşıdurmalara gətirib çıxardı.

Bu mübahisələri həll etmək üçün 1922-ci ilin dekabrında N.Nərimanov, Myasnikov və S.Orconikidze başda olmaqla RKP(b)P Cənubi Qafqaz MİK-nin xüsusi komissiyası yaradıldı.

1922-ci il oktyabrın 25-də Azərbaycan SSR Xalq Torpaq Komissarlığı tərəfindən Xarici İşlər üzrə Katibliyə təqdim olunan arayışda deyilirdi ki, Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatindir. Onun:

– 1.798.482 desyatini (19 min 649 kvadratkilometr) kənd təsərrüfatında istifadə üçün yararlı deyildir;

– 55.278 desyatin (604 kvadratkilometr) evlərə bitişik təsərrüfat sahələridir;

– 72.862 desyatin (796 kvadratkilometr) bağlardır;

– 1.598.846 desyatin (17468 kvadratkilometr) əkin yerləridir;

– 170.573 desyatin (1863 kvadratkilometr) biçənək yerləridir;

– 1.818.916 desyatin (19872 kvadratkilometr) örüşlərdir;

– 166.860 desyatin (1823 kvadratkilometr) digər kənd təsərrüfatı sahələridir (tarla, süni bağlar və s.).

– 912.000 desyatin (9964 kvadratkilometr) qışlaqlardır;

– 507.000 desyatin (5539 kvadratkilometr) yaylaqlardır;

– 7.903 desyatin (86.3 kvadratkilometr) gil və daşlıqdır, istifadəsiz sahələrdir;

– 896.415 desyatin ( 9793 kvadratkilometr) meşələrdir.

Azərbaycan, Ermənistan və Gürcüstan arasında razılığa əsasən Azərbaycan ərazilərindən:

a) keçmiş Qazax qəzasından Ermənistana 379.984 desyatin (4.151 kvadratkilometr);

b) keçmiş Zəngəzur qəzasından Ermənistana 405.000 desyatin (4.424 kvadratkilometr);

c) keçmiş Tiflis qəzasından Azərbaycana 79.600 desyatin (869 kvadratkilometr) ərazi verilib.

Beləliklə, 1922-ci ildə Azərbaycan SSR-in ərazisi belə olub: 7.989.105 desyatin – 379.984 desyatin – 405.000 desyatin + 79.600 desyatin = 7.283.721 desyatin (79.577 kvadratkilometr).

Tarixi mənbələrdə göstərilir ki, sözügedən dövrdə Azərbaycan SSR-in Ermənistan ilə mübahisəsiz ərazisi Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədləri ilə keçir, sonra Qazax qəzasından Aleksandropol və Yeni Bəyazid qəzaları ilə Maralca dağlarına qədər gedirdi. Daha sonra oradan birbaşa Göyçə gölünə enir, Çubuqlu kəndindən şərqə doğru təqribən 1,½ verst uzanırdı. Həhayət, Göyçə gölünü tən yarıdan bölür, onun cənub sahili ilə qərb istiqamətində gedirdi.

Göyçə gölünün cənub sahilində sərhəd Zağalı və Gödəkbulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yanından Göyçə gölünün cənub sahilinin dağ rayonu ilə Qızıl Xarabaya, 10859 yüksəkliyinə və Ağmahana, qərbdə Kiçik Ağdağ dağına doğru, İrəvan və Yeni Bəyazid qəzalarının sərhədinə qədər uzanırdı. Azərbaycanlıların yaşadıqları dağlıq rayonları erməni kəndlərinin tutduğu sahillərdən ayırırdı. Sonra sərhəd Kiçik Ağdağ dağından əvvəlcə şimal-qərb istiqamətinə doğru Toğmahan gölü istiqamətində, həmçinin qərb istiqamətində Təzəkənd kəndinə, eyni zamanda, Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə doğru gedir, onun qarşısından şimala–3620 yüksəkliyə qalxaraq, cənub-qərbə (Uluxanlıya), daha sonra Araz çayına qədər, oradan isə Rəncbər kəndindən şimala uzanırdı. Rəncbər kəndindən Araz çayında sərhəd birbaşa qərbə doğru gedir, Sürməli və Eçmiadzin qəzalarının və Qars vilayətinin keçmiş inzibati sərhədlərində keçmiş rus –türk sərhədində Təndürək dağlarına qədər davam edirdi. Beləliklə, Azərbaycan ərazilərinə dair arayışın hazırlanmasına dair verilən tələblər sovet rəhbərliyinin gizli niyyətlərinin olduğundan xəbər verirdi.

Sonu görünməyən işğal siyasəti

SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 5 fevral 1923-cü il tarixli fərmanı ilə torpaq-meşə-sudan istifadə ilə bağlı mübahisələri həll etmək üçün mahalların sərhədlərini müəyyənləşdirmək üçün xüsusi Torpaq Komissiyası yaradılır və onun tərkibinə sədr S. Kasyan olmaqla Y. Koçetkov (sədr müavini), V.Sturua, S. Yakubov, K. Xomeriki (üzvlər) daxil edilir.

Bu komissiya Ermənistan SSR və Azərbaycan SSR-in sərhədyanı rayonlarında kəndlilər arasında bitişik əkin sahələri, çəmənliklər, sular və s. istifadə edilməsi məsələlərin həlli ilə məşğul olmalı idi.

SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 30 yanvar 1924-cü il tarixli fərmanına əsasən, komissiya sonradan “ZSFSR-in tərkibinə daxil olan respublikalar arasında torpaq-meşə-sudan istifadə ilə bağlı mübahisələrin həlli komissiyası” kimi tanındı. 1927-ci ilin iyununda isə adıçəkilən komissiya Cənubi Qafqaz respublikaları arasında Torpaq Mübahisələrinin Həlli Komissiyası adlandırıldı (sudan istifadə məsələləri “Cənubi Qafqaz su təsərrüfatı İdarısinə verildi) .

Komissiyanın işinə “qiymət” verən erməni tarixçisi S.Harmandaryan belə yazır: “Mərkəzi İcraiyyə Komitəsinin Torpaq Komissiyasının daimi xarakter daşıması ilk baxışda anlaşılmaz görünür. ZSFSR-in sovet respublikalarının sərhədyanı rayonlarının kəndliləri arasında torpaq, su, meşə və digər mübahisələr artıq əsasən həll edilmişdi. Lakin sovet hakimiyyətinin millətlər arasında sülhə və əmin-amanlığa qayğısı, uzaqgörənliyi məhz ondan ibarətdir ki, o, hazırda zəhmətkeş xalqda məmnunluq doğuran qərar qəbul edərək, ona da yenidən baxa bilərdi” .

Əslində, Harmandaryanın “Sovet hökumətinin milli sülh üçün qayğısı” hesab etdiyi bu komissiyanın ardıcıl olmayan addımları əslində respublikalar arasında sərhəd məsələsini daha da kəskinləşdirmişdi.

Azərbaycan SSR Xalq Kənd Təsərrüfatı Komissarlığının respublika Xalq Xarici İşlər Komissarlığının katibliyi üçün hazırladığı 25 oktyabr 1922-ci il tarixli arayışda deyilirdi: “Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatin (87.284,1 kvadratkilometr) idi .

Göstərilən ümumi sahədən:

a) Qazax qəzasından Ermənistana 379.984 desyatin (4.151,4 kvadratkilometr);

b) keçmiş Zəngəzur qəzasından Ermənistana 405.000 desyatin (4424,7 kvadratkilometr);

c) Borçalı qəzasından Azərbaycana 79.600 desyatin (869,6 vadratkilometr) verilmişdir.

Beləliklə, Azərbaycan SSR-in ərazisi hazırda 7.283.721 desyatindir (79.577,5 kvadratkilometr)”.

Xalq Kənd Təsərrüfatı Komissarlığı Torpaq İdarəsinin 1920-1923-cü illərə aid hesabatında qeyd olunur:

“Əvvəllər Zəngəzur, Cəvanşir və Qazax rayonlarının hüdudlarında olan və Azərbaycanın ixtiyarında olan 150 min desyatinədək (1638,8 vadratkilometr) yay otlaqlarının bir hissəsi indi Ermənistana verilməsi ilə bu iki respublika arasında mübahisəli zonaya daxil olub.

Buna görə də bu otlaqların ilkin istifadəçiləri Azərbaycan maldarlarıdır, onlar bu yerlərə köçərkən böyük çətinliklərlə üzləşirlər” .

1920-ci illərin sonlarına qədər belə sərhəd mübahisələri bir tərəfdən Azərbaycan SSR-in Qazax, Kürdüstan qəzası, Cəbrayıl rayonları, digər tərəfdən isə Ermənistan SSR-in Dilican, Novo-Bəyazət, Dərələyəz rayonları arasında ən kəskin şəkildə özünü biruzə verirdi.

Artıq 1925-ci ilin sonunda Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları arasında sərhəd mübahisələrinin həlli üçün Azərbaycan SSR MİK-nin nəzarəti altında xüsusi üçlük - D. Buniyatzadə (sədr), M.C.Bagirov və T.Şahbazidən ibarət komissiya yaradılmışdı. Azərbaycan SSR nümayəndələrinin razılaşdıqları hallar istisna olmaqla, Azərbaycan MSK Cənubi Qafqaz MİK qarşısında bütün erkən sərhəd mübahisələrinə yenidən baxılması məsələsini qaldırmışdı. 1925-ci il noyabrın 30-da mübahisəli torpaq məsələləri üzrə komissiyanın iclasında komissiya üzvü M.D.Bağırov çıxışında respublikaların müxtəlif əyalətləri arasında torpaq mübahisələrini azərbaycanlı əhali hesabına həll edən yerli torpaq komissiyalarının fəaliyyətini kəskin tənqid etmişdi. Azərbaycanlı əhalinin ziyanına olaraq komissiya bu məsələlərin həlli üçün sırf iqtisadi, torpaq və otlaq məsələlərinə cinayət xarakteri verərək, Cənubi Qafqaz hakimiyyət orqanlarının gözündə azərbaycanlı əhalini quldur dəstələri kimi göstərir, onlara qarşı münasibətdə silahlı qüvvələrin göndərilməsinə qədər ən repressiv tədbirlər görməyin zəruriliyini bildirirdi.

Çıxışının sonunda M.C.Bağırov Mərkəzi İcraiyyə Komitəsindən çıxan şəxslərin Azərbaycan SSR-lə ErmənistanSSR arasında torpaq mübahisələri ilə bağlı məsələləri necə həll etdiklərini ən parlaq şəkildə nümayiş etdirən bir sənədə istinad edir. “Tamamilə məxfi” qrifi ilə təqdim edilən bu sənəd 1923-cü ilin avqust ayında hazırlanmışdı və burada Dilican şəhərindən Nazaryants soyadlı şəxs tərəfindən Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin Torpaq Komissiyasının otlaq şöbəsinin məmuru Oqanezova göndərilmişdi. Bu şəxs Ermənistan SSR Dilican rayonu ilə Azərbaycan SSR-in Qazax rayonu arasında sərhədlərin müəyyənləşdirilməsi zamanı torpaqölçən olmuşdur. Sənəddə Nazaryants yazır: “Örüş şöbəsinin müdirinin təklifindən görünür ki, siz təqdim olunan layihələrin məqsədini bilmirsiniz, Ermənistan Kənd Təsərrüfatı Xalq Komissarlığının aqrar siyasətini tamamilə bilmirsiniz, və yerli əhalini- (erməniləri) şu və ot sahələri ilə təmin etmirsiniz. Siz yeni gələn köçərilər (azərbaycanlılar) üçün otlaqları qoruyub saxlamağa çalışırsınız. Buradan belə görünür ki, siz zəhmətkeş kəndlilərin-yəni ermənilərin mənafeyinə zidd hərəkət edirsiniz, bizim kasıb kəndlilərimizin xarici torpaq qıtlığını nəzərə alsaq, bu, yolverilməzdir. Kəndlilərin iqtisadi vəziyyəti ilə hesablaşmaq və bəzən protokolda yazılandan daha çox müstəqil şəkildə ayırmaq lazımdır” .

Arxiv sənədləri göstərir ki, Azərbaycan SSR ilə Ermənistan SSR-in ayrı-ayrı rayonları arasında baş verən sərhəd mübahisələri əksər hallarda erməni tərəfinin xeyrinə həll edilib.

Cənubi Qafqaz MİK Torpaq Komissiyasının xüsusi komissiyasına Onanovun rəhbərlik etdiyi dövrdə bu qurumun işini kəskin tənqid edən Muxtar Hacıyev demişdi: “Sanki Azərbaycan yetimdir və ona qəyyum təyin etmək lazımdır ki, bu da ancaq Sovet Ermənistanı ola bilər. Ermənistana meşələri versək, bu meşələr məhv olacaq və Azərbaycan susuz qalacaq. Bunları əsas götürürlər ki, Ermənistanda 7 faiz, bizdə isə 12 faiz meşə sahəsi var və ona görə də o sahələri Ermənistana vermək lazımdır. Bundan başqa deyirlər ki, Azərbaycan neftini Ermənistana versə daha yaxşı olar, belə ki, orada da neft olsun”.

Azərbaycan SSR-in Cənubi Qafqaz Federasiyasının qonşu respublikaları ilə sərhəd mübahisələri üzrə 1928-ci il MİK Torpaq Komissiyasının hesabatından da göründüyü kimi, həmin vaxt Ermənistan SSR-ə 75.904 desyatin (829,2 kvadratkilometr münbit torpaq və 79.208 desyatin (865,3 kvadratkilometr) isə yararsız torpaq verilib. Bununla da Qazax qəzasını əhalisi 50 faiz yaylaq torpaqlarından mərhum edilib.

1921-ci ilin iyulunda Zəngəzurun Qərb hissəsinin işğalı və Ermənistan SSR-ə birləşdirilməsi, Qarabağın dağlıq hissəsində süni erməni muxtariyyətinin sərhədlərini müəyyən etmək məqsədilə burada aparılan inzibati dəyişikliklər Azərbaycan SSR-lə Ermənistan SSR arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Ermənistan SSR-in Zəngəzur qəzası ilə Azərbaycan SSR-in Qarabağ bölgəsinin ayrı-ayrı rayonları arasında yaranmış vəziyyəti daha da gərginləşdirdi.

AKP (b) MK-nın 1924-cü il dekabrın 25-də keçirilən iclasında M.B.Qasımovun Azərbaycan SSR Kürdüstan qəzası (1923 iyul–1929) ilə Ermənistan SSR-nin Zəngəzur qəzası arasında sərhəd mübahisələri haqqında məruzəsi dinlənildi. Məruzəçi iclas iştirakçılarının diqqətinə 13 müsəlman kəndləri əhalisinin şikayətini çatdırdı: “Sahverdilər, Ağbulaq, Sırnux, Samsız, Qurdkalah, Fərcan, Almalıq, Zar, Təhyan, Göyən, Hacıqurbanlı, Firidunbəyli, Aktbu Cənubi Qafqaz MİK Torpaq Komissiyasının qəbul etdiyi qərar nəticəsində onların yaşadıqları kəndlər Ermənistan SSR-in Zəngəzur qəzası tərkibində qalmışdır”. Lakin AKP (b) MK Rəyasət Heyətinin qərarı ilə kəndlilərin tələbi rədd edildi və Mərkəzi İcraiyyə Komitəsinin qərarının icrası təmin olundu.

Ermənistan SSR-in Dərələyəz və Novo-Bayazit qəzaları ilə Azərbaycan SSR-in Kürdüstan qəzasının sərhəddində, təxminən, 12 min desyatin (131,1 kvadratkilometr) ərazisi olan Alagöl gölünün ətrafında yerləşən Alagöl və ya Alagöllər yay otlaqları da Ermənistanın Azəbaycan SSR-ə qarşı ərazi iddialarına daxil idi.

Ermənistan SSR rəhbərliyi 1923-cü ildə bu ərazilərin Novo-Bayazit qəzasının tərkibinə daxil edilməsi məsələsini qaldırmışdı. Belə ki, Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi 1926-cı il iyunun 23-də Azərbaycan SSR MSK sədrinə göndərdiyi teleqramda bildirirdi ki, hələ 1921-ci ildə sahəsi 13.170 desyatin (143,8 kvadratkilometr) olan Alagöllər otlaq sahəsi Dərələyəz qəzasına verilmişdir.

Buna cavab olaraq, Azərbaycan SSR MİK Rəyasət Heyətinin katibliyi 1926-cı il iyulun 5-də Erənistan SSR MİK-in katibliyindən xahiş etdi ki, Alagöllər sahəsinin otlaqlarının Dərələyəz qəzası tərkibinə verilməsi haqqında Cənubi Qafqaz MİK qərarının nə vaxt qəbul edildiyi barədə qərarı təqdim etsin.

Oxşar sorğu 1926-cı il dekabrın 25-də Azərbaycan SSR MiK-nın katibliyi tərəfindən təkrar edilmiş, lakin Ermənistan SSR MİK katibliyindən heç bir cavab alınmamışdı.

Eyni zamanda, 1926-cı il oktyabrın 9 -da Cənubi Qafqaz MİK Torpaq Komissiyasının sədri Azərbaycan SSR Xalq Komissarlığına respublikanın hansı kənd icmalarının Alagöl torpaqlarından istifadə etdiyini bildirmək xahişi ilə sorğu göndərdi.

Buna cavab olaraq, Cənubi Qafqaz MİK Torpaq Komissiyası ilə birbaşa əlaqə saxlamayan Azərbaycan SSR Xalq Torpaq Komissarlığına göndərdiyi 18 dekabr 1926-cı il tarixli teleqramında Torpaq Komissiyasının tələb etdiyi məlumatı Azərbaycan SSR MİK-nə çatdırır. Bu məlumata görə, Alagöl sahəsi 1925–1926-cı illərdə əvvəlki kimi Azərbaycan SSR-in Ağdam rayonunun Kəbirli kənd cəmiyyətinin maldarlarının istifadəsində olub. Nəhayət, Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Alagöllər yay otlaq sahəsinin bütün mübahisəli ərazisinin Azərbaycan SSR-in Kürdüstan qəzası ərazisinə daxil edilməsi qərara alındı.

Belə faktların sayı kifayət qədərdir. Lakin Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsinin və Ermənistan SSR tərkibinə verilməsinin xronologiyasını nəzərdən keçirsək, vəziyyət haqqında daha aydın təsəvvür yaranar.

Tarix

Qərarı qəbul edən orqan və sənəd

Verilən ərazilər

1.

29.05.1918

AXC MMŞ-ının tarixli qərarı ilə (protokol №3)

İrəvan şəhəri daxil olmaqla ümumi sahəsi 9 min km² olan ərazi ermənilərə güzəştə gedilmişdir.

2.

25.10.1922

Azərbaycan SSR Xalq Kənd Təsərrüfatı Komissarlığının

respublika Xalq Xarici İşlər Komissarlığının katibliyi üçün hazırladığı arayışda deyilir:

Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatin –yəni 87.284,1 km² olmuşdur.

Göstərilən ümumi sahədən:

a. Qazax qəzasından Ermənistan SSR tərkibinə 379.984 desyatin–yəni 4.151,4 km²;

b. keçmiş Zəngəzur qəzasından Ermənistan SSR tərkibinə 405.000 desyatin-4424,7 km² ərazi verilmişdir

3.

27.10.1924

30.10.1924

Cənubi Qafqaz MİK-nın xüsusi yerli Torpaq Komissiyasının qərarı (protokol No 19)

Ermənistan SSR-in Dilican qəzasının Baranı kəndi ilə

Azərbaycan SSR Qazax qəzasının Qaymaqlı kəndi arasında

mübahisəli ərazisi 1002 desyatin (10,9 km²olan Acı ərazisi Torpaq Komissiyasının qərarı ilə bölünmüşdü.

1924-cü il oktyabrın 31-də

onun 612 desyatin–yəni

6,7 km² ərazisi olan şimal-şərq hissəsi Azərbaycan SSR-in Qaymaqlı kəndinə,

cənub-qərb hissəsi isə 390 desyatin-yəni 4,2 km²-i Ermənistan SSR Dilican qəzasının Baranı kəndinə verilmişdir.

4.

08.11.1924

Cənubi Qafqaz MİK-nin Torpaq Komissiyasının xüsusi yerli komissiyasının 8 noyabr 1924-cü il tarixli qərarı ilə

Ermənistan SSR Dilican qəzasının

Noraşen,

Moseskənd və

Aşağı Qızılbulaq kəndləri ilə

Azərbaycan SSR-in Qazax qəzasının

Qacalı və

Əlibəyli kəndləri arasında

mübahisəli olan 753 desyatin–yəni 8,2 km² ərazisi olan “Günəş” ərazisi iki hissəyə bölünmüş,

***

Cənubi Qafqaz MİK Torpaq Komissiyasının 1925-ci il qərarı ilə

həmin ərazinin 186,5 desyatin–yəni 2,03 km² olan hissəsi Azərbaycan SSR Qazax qəzasının

Qacalı və

Əlibəyli kəndlərinə,

qalan hissəsi - 566,5 desyatin-yəni 6,1 km² sahəsi isə Ermənistan SSR Dilican qəzasının

Noraşen və

Moseskənd kəndlərinin ərazisinə verilmiş 

***

Cənubi Qafqaz MİK-nın 18 fevral 1929-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.

1925

Cənubi Qafqaz MİK Torpaq Komissiyasının 1925-ci il qərarı

18.02.1929

Cənubi Qafqaz MİK-nın 18 fevral 1929-cu il tarixli qərarı

5.

1925-ci ilin sentyabrı

Ermənistan SSR və Azərbaycan SSR nümayəndələrinin iştirakı ilə Ermənistan SSR hökumətinin təkliflərini əks etdirən Qazax qəzasının Şınıx-Ayrım bölgəsinin tədqiqi məsələsinin Cənubi Qafqaz Komissiyasında müzakirə olunması təklif edilir və əldə olunan razılıq əsasında müqavilə imzalanır.

Bu müqaviləyə görə Azərbaycan SSR-in Qazax qəzasının Şınıx-Ayrım ərazisindəki 4000 desyatinlik–yəni 43,7 km² torpaq sahəsi

Ermənistan SSR-in Dilican qəzasının tərkibinə verilmişdir.

Başkənd erməni kəndi 3485 desyatin–yəni 38 km² ərazi “kompensasiya” kimi Azəbaycan SSR tərkibinə verilmişdir.

***

Həmin müqavilə Cənubi Qafqaz MİK-nın 18 fevral 1929-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.

18.02.1929

Həmin müqavilə Cənubi Qafqaz MİK-nın 18 fevral 1929-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.

6.

1928-ci il

1928-ci il Cənubi Qafqaz MİK Torpaq Komissiyasının hesabatı

Cənubi Qafqaz MİK Torpaq Komissiyasının hesabatında göstərilir ki,

Azərbaycan SSR ərazisindən Ermənistan SSR-ə

75904 desyatin yəni-829,2 km² münbit torpaq verilmişdir.

7.

18.02.1929

Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il qərarı

Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il qərarı ilə

Azərbaycan SSR-in

– Cəbrayıl qəzasının

Nüvədi,

Eynəzir və

Tuqut kəndləri,

habelə

– Ordubad sahəsinin

Qərçivan və

Kilid kəndinin torpaqlarının bir hissəsi

Ermənistan SSR-in Meğri qəzasının inzibati idarəçiliyinə verilmişdir.

Bu ərazinin ümumi sahəsi 664 km²-dir.

8.

05.03.1938

Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin 1938-ci il 5 mart tarixli qərarı

Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin 1938-ci il 5 mart tarixli qərarı ilə

– Naxcıvan MSSR-nin Sədərək və

– Kərki kəndlərinin, o cümlədən

– Şərur qəzasının kəndləri ətrafındakı torpaqların bir hissəsi 

Sovet Ermənistanına verilmişdir.

01.01.1933

Nəticədə, 1 yanvar 1933-cü ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisində ümumi sahəsi 5329,6 km² təşkil etdi.

 

9.

1946

1946-cı ildə

– Qazax rayonu ərazisindən 40 kv. km. meşə sahəsi,

– Tovuz rayonu ərazisindən isə 7,6 kv. km. Torpaq Ermənistan SSR tərkibinə verilmişdir.

Ermənistan SSR tərkibinə verilən kənd ərazilərinin ümumi sahəsi 658,4 km² olmuşdur.

1945-1987

Ermənistan SSR rəhbərliyi tərəfindən 1945-ci ilin noyabrında,

1956,

1962,

1967,

1972,

1977,

1987-ci illədə

Azəbaycan SSR-in Qarabağ regionunun dağlıq hissəsində ermənilər yaşayan ərazilərin Ermənistan SSR -ə birləşdirilməsi məsələsi SSRİ dövləti rəhbərliyi qarşısında qaldırılmış və

Azərbaycan SSR rəhbərləri

M.C.Bağırov,

İ.D.Mustafayev,

V.Y.Axundov və

H.Ə.Əliyevin həyata keçirdikləri təsirli tədbirlər, göstərdikləri səylər nəticəsində rədd edilmişdir.

                   

Qeyd: Arayış hazırlanarkən dövlət arxiv sənədlərindən və mövcud problemlə bağlı nəşr edilmiş elmi ədəbiyyat materiallarından istifadə olunmuşdur.

Xalq qəzeti

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR