“AZƏRBAYCAN RUSİYAYA “GÖZÜNÜN YAĞINI” YEDİRTSƏ DƏ...” – “Nəinki Ermənistan, Azərbaycan da öz konstitusiyası üzərində işləyir”
“Bakı Pressklub”un rəhbəri Arif Əliyev “AzPolitika.info”ya müsahibəsində Azərbaycan-Ermənistan sülh danışıqlarında mövcud durumu, Münhendə liderlər arasında baş tutan görüşün əhəmiyyətini, eləcə də regionda cərəyan edən digər prosesləri şərh edib.
Müsahibəni təqdim edirik:
- Arif bəy, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə ölkə başçısı İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Ötən ilin yayından bəri Qərb platformasında gedən sülh danışıqlarında fasilə var idi. Sizcə, proseslərin inkişafı baxımdan bu görüşün əhəmiyyəti nədən ibarətdir?
- Birincisi, bizdə bəzi qiymətləndirilmələr var idi ki, guya Qərb istiqaməti bağlandı, məsələ həll olundu və s. Əslində heç də belə deyil. İkincisi, indi deyirik ki, görüş planlaşdırılmamışdı, əvvəlcədən nəzərdə tutulmamışdı və s. Belə məsələlər bu cür həll olunmur. Deməli, müəyyən istiqamətlər üzrə kontaktlar, danışıqlar davam edir. Üçüncüsü, prinsipcə, sənəd şəklində konseptual olaraq sülh müqaviləsi imzalanmağa hazırdır. Ancaq bunun nə zaman həll olunacağını indi deyə bilmərik.
Düşünürəm ki, bu, bütün çağırışlara baxmayaraq, tez bir zamanda baş verəcək bir proses deyil. Ortada təxminən 12 məchul var və biz bunlardan sadəcə üçünü bilirik və bunun əsasında bir nəticəyə gəlməyə çalışırıq. Digər doqquzu haqqında isə bizim məlumatımız yoxdur və bəzən heç onların istiqamətini də düzgün müəyyənləşdirmək imkanımız olmur ki, söhbət konkret olaraq nədən gedir? Məsələn, Ukraynaya silah verilməsi məsələsini nümunə gətirmək istərdim. Burada belə məchul məsələlər var: Bəlli deyil ki, o silah kimdən alınacaq? Avropa Birliyinə üzv ölkələrdən, yoxsa kənardan?... Demək istəyirəm ki, Azərbaycan ilə Ermənistan arasındakı sülh müqaviləsi məsələsində də bizə kiçik görünən, lakin prosesə təsir edən faktorlar var. Ona görə də burada hansısa bir öhdəlik götürüb, öncədən görmə nümayiş etdirmək, "yaxın zamanlarda sülh müqaviləsi imzalanacaq" demək mümkün deyil.
- Tərəflər arasında prinsipial ziddiyyətlər bizə məlumdur. Birincisi, Zəngəzur dəhlizinin açılması, ikincisi, sərhədlərin hansı xəritələr əsasında delimitiasiya və demarkasiya olunacağıdır. Üçüncüsü, Qərb ölkələrinin sülh müqaviləsinə zəmanət məsələsində razılığın olmamasıdır. Eyni zamanda Azərbaycanın yeni şərtləri var: bu, Konstitusiya islahatlarıyla, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olduğunu göstərən hüquqi sənədlərlə bağlıdır. Sizcə, sadalanan məsələlər geosiyasi ziddiyyətlərin nəticəsi olaraq ortaya atılıb, yoxsa, doğrudan da sülhə əngəl elə onlardı…
- Sülh müqaviləsinin imzalanması üçün bunların heç biri həlledici əngəl rolunu oynaya bilməz. Sülh müqaviləsi odur ki, tərəflər bütün müharibələrə son verir, bir-birinə qarşı ərazi iddiaları irəli sürmür, məsələləri sülh yolu ilə həll edir, bunun üçün mexanizmlər düşünür. Bütün bu şərtlərin hər üçü də ortada var. Dəfələrlə hər iki tərəfdən elan olunub və öhdəlik götürülüb. Sizin qeyd etdiyiniz məsələlər mənim bayaq danışdığım həmin 12 məchulun içərisində olan məsələlərdir. Heç bir qarantiya yoxdur ki, bunlar həll olunandan sonra ortaya hansısa başqa bir məsələ çıxmayacaq. Məsələn, hazırda aktual olan konstitusiyaya dəyişiklik məsələsi ortada yox idi. İndi fikirlər səslənir ki, konstitusiyanın ortaya atılması bu söhbəti uzadacaq. Həqiqətən də konstitusiyanı dəyişmək bir ay ərzində həll olunan bir məsələ deyil. Həmçinin bəzi informasiyalara görə, nəinki Ermənistan, Azərbaycan da öz konstitusiyası üzərində işləyir. Ermənistandakı konstitusiya dəyişikliyində söhbət təkcə ərazi iddialarından getmir. Sonuncu informasiya ondan ibarət idi ki, yeni hazırlanan konstitusiya layihəsində Ermənistanın neytral statusunun olub-olmamasına da baxılır. Bu o deməkdir ki, ümumiyyətlə, ölkənin ərazisindəki hərbi bazalar çıxarılmalıdır. Proses gedir və təbii ki, müəyyən vaxt alacaq.
- Belə görünür ki, sülh razılaşması üçün beynəlxalq şərait yoxdur…
- Nələrsə gözlənilir. Ola bilsin ki, Azərbaycan güclü olduğu bir vəziyyətdə maksimum üstünlük əldə etməyə, özünə daha güclü qarantiyalar yaratmağa, həmçinin sülh müqaviləsinin imzalanıb-imzalanmaması məsələsini təzyiq vasitəsinə çevirmək istəyir. Eynilə Ermənistan tərəfinin də belə bir istəyi var. Tutaq ki, Ermənistan Rusiya ilə bağlı olan kompleks məsələlərin bir qismini bunun içərisində əritmək, həll etmək düşüncəsindədir. Ola bilsin, biz hansısa bir mərhələdə gözlənilmədən bu prosesin sürətləndiyinin şahid olduq.
- Paşinyan "Münhen görüşünün əsas nəticəsi odur ki, biz qaldığımız yerdən davam edirik" dedi. Yəni indiyə qədər razılaşdırılmış mövzulardan irəliyə doğru gedəcəyik. Bu, nə deməkdir? Bu, Qərb platformasında davamlı görüşlərin, müzakirələrin olacağı anlamına gəlirmi? İkincisi, Azərbaycanın əsas şərtlərindən biri odur ki, danışıqlar ikitərəfli olsun, prosesdə nə Rusiya, nə də Qərb birbaşa vasitəçi kimi iştirak edib, onu geosiyasi ziddiyyətlər predmetinə çevirməsinlər. Belə olan halda Azərbaycanın mövqeyi gündəmdən çıxmış sayılırmı?
- Mənə elə gəlir ki, bizim qoyduğumuz sualların bir çoxunun həlli Əliyev-Paşinyan kontaktlarından və onların arasında gəlinən razılıqlardan çox asılıdır. Hətta bəzi şifahi razılaşmalar, yazılı razılaşmalardan daha böyük əhəmiyyət kəsb edir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Azərbaycan rəhbərliyinin bəzi şifahi danışıqları bir çox problemlərin həllində əsas rol oynayıb.
- Məsələn, keçən il dekabrın 7-də COP-29-la bağlı Ermənistanla razılaşma…
- Bu, bir az xırda misal oldu. Mən təkcə Azərbaycan- Ermənistan münasibətlərini nəzərdə tutmuram. Azərbaycan-Avropa, Azərbaycan-Rusiya münasibətlərindən danışıram. Təsadüfi deyil ki, dəfələrlə dünya liderləri də səsləndiriblər ki, "Azərbaycan rəhbərliyinin bir sözü bəs edir". Düşünürəm ki, əgər tərəflərin hansısa bir məsələ ətrafında görüşləri, kontaktları daha intensiv olarsa, öz aralarında hansısa bir variant üzərində razılığa gələrlərsə, bu, işin yazılı tərəfini sürətləndirə bilər. Əlbəttə, hər iki tərəf, o cümlədən Azərbaycan bu proseslərdə ehtiyatlı davranır. Özüdə ehtiyat müxtəlif istiqamətlərdən gəlir: Bir tərəfdən Rusiyanın burada növbəti davranışlarıyla bağlı ehtiyatlılıq var. Digər tərəfdən, Avropanın gələcəkdə irəli sürə biləcəyi şərtlər, yaxud diqtə eləmək istədiyi şərtlərlə bağlı müəyyən ehtiyatlı yanaşma var. Buna əsaslanaraq düşünürəm ki, əgər Paşinyanla Əliyev arasında daha aydın görüntü olarsa, gələcəkdə sülh müqaviləsinin imzalanması prosesinə ən birinci təsir edən amil bu olacaq. Bəlkə də bu amil konstitusiya dəyişikliyindən daha ciddi təsir göstərə bilər. İndiki siyasət artıq əvvəlki formatlarda həll olunmur. Yeni yanaşma tərzləri var. Bu yanaşma tərzləri mənim üçün çox təhlükəli görünür. Amma oda görünür ki, fəal dərəcədə işlər aparılır.
- Rusiya rəsmiləri davamlı şəkildə bildirirlər ki, Azərbaycan sülhməramlıların statusu məsələsini Moskva ilə müzakirə etməlidir. Hiss olunur ki, Bakıya qarşı təzyiqlər var. Biz nazir müavini Mixail Qaluzinin müsahibəsində də bunu gördük. Orada hətta belə bir işarələr var idi ki, Rusiya burada qalıcılığını davam etdirmək, hətta Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvələri ilə təmsil olunmaq istəyir. Dolayısı ilə belə bir işarə də var idi ki, Azərbaycan etnik təmizləmədə ittiham oluna bilər. Qaluzinin müsahibəsində qeyd olunurdu ki, "Azərbaycanın hücumu zamanı erməniləri qoruyan 6 rus hərbçisi həlak olub". Sizcə Rusiya niyə tələsir və burada Azərbaycanın mövqeyi nədən ibarətdir? Azərbaycan indiki mərhələdə Rusiyanın hərbi iştirakını saxlaya bilərmi? Baxmayaraq ki, indi onlara bölgədə ehtiyac yoxdur…
- Azərbaycan, Rusiyaya gözünün yağını "yedizdirsə" də, Moskvanın bir məqsədi var və o məqsəd dəyişməz olaraq qalacaq. Rusiya hərbi mövcudluğunu Qafqazda təmin etmək, bunu qoruyub-saxlamaq istəyir. Bu, yüzillərin kökündən gələn bir siyasətin özək elementlərindən biridir. Buna görə də Rusiya Azərbaycandan qoşunlarını çıxarmaq, hərbi mövcudluğuna son qoymaq və yaxud Ermənistanda hərbi təmsilçiliyinə son qoymaq variantlarını nəzərdən keçirmir. Rusiya buna ancaq hansısa məcburiyyət halında gedə bilər. İndiki vəziyyətdə onun əlində 2025-ci ilə qədər qüvvədə olan hüquqi bir əsas var. Rusiya o bitənə qədər hansı üsulla olur-olsun, öz mövcudluğunu qoruyub-saxlamaq üçün bölgədə çox şeyə əl ata bilər. Bunu tək biz başa düşmürük, Azərbaycan rəhbərliyi də yaxşı anlayır. Rus qoşunu niyə bölgədən getməsin? Hansı işi görür burada? Bəlkə hakimiyyəti qoruyur? Məncə, buna ehtiyac yoxdur. Ölkəyə əlavə pulmu gətirir? Təbii ki, xeyr. Elə bir səbəb yoxdur ki, Azərbaycan rəhbərliyi oradan yapışsın ki, ruslar burada qalsınlar. Sadəcə bu "əli" bölgədən "qopartmaq" özü böyük ehtiyat və düşüncəli yanaşma tələb edir. Burada hər şey Rusiyanın əlindəki imkanlardan asılı olacaq.
Demək istəyirəm ki, siz qeyd etdiyiniz təhlükələrin reallığı heç bir şübhə doğurmur. Amma onların icrası Rusiya üçün də getdikcə çətinləşir. İndiki şəraitdə ermənilər Azərbaycana qayıtmaq istəmirlər ki, Rusiya da desin ki, "bəs ermənilər gəlmək istəyir, onları niyə buraxmırsan?" İndi elə bir unikal vəziyyət yaranıb ki, heç bir tərəf bunu istəmir. Ermənilər özləri də istəmir bunu… Rusiyanın Qarabağda mövcudluğu üçün isə ermənilərə lazımdır. O cümlədən, mən cəbhədəki sonuncu gərginliyə də toxunmaq istərdim. Bu gərginlik Avropa müşahidəçilərinin girə bilmədiyi, tamamilə Rusiyanın nəzarəti altında olan yerdə baş verib…
- Paşinyan bu hadisədən sonra Baş Qərargahda bəzi dəyişikliklərə getdi. Digər tərəfdən, sizcə Azərbaycanın sərt reaksiyası həm də Rusiyaya bir mesaj ola bilərdimi? Bildiyiniz kimi, "Yerkrapa" təşkilarının dörd üzvü öldürüldü…
- Bu sərt reaksiya hamıya bir mesaj idi. Yəni, təkcə Rusiya üçün yox, o cümlədən Ermənistan üçün də. Mesaj o idi ki, "hansısa bir mərhələdə, nəsə bir fikrə düşmüş olsan, sənin cavabın bu cür olacaq". Bu, əlavə bir təzyiq formasıdır. Bu, həmçinin Avropaya da mesaj idi ki, "sənin hansı dərəcədə Ermənistana dəstək verməyindən asılı olmayaraq, mənim qətiyyətim yerindədir". Eləcə də bu, həm də Rusiyaya verilən ciddi bir mesaj idi.