Azərbaycan Respublikasının mülki qanunvericiliyində irsi transmissiya

2023-02-03 22:27:00

Azərbaycan Respublikasının mülki qanunvericiliyində irsi transmissiya

Bəzən elə hal olur ki, miras açıldıqdan sonra öldüyünə görə vərəsə mirası qəbul etməyə macal tapmır. Bu halda insanlarda belə bir sual yarana bilər ki, bu halda mirası qəbul etmək hüququ 1-ci vərəsənin öz vərəsələrinə, yaxud 1-ci vəfat edənin vərəsələrinə keçir? Bu halda irsi transmissiyadan danışmaq zəruridir.

İrsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. İrsi transmissiyanın mahiyyətinə keçməzdən öncə, qısa olaraq onun qədim tarixi barədə danışmaq məqsədə uyğundur.

Roma hüququnda “Vərəsəlik transmissiyası” – Dünya hüquq mədəniyyətinin ilkin mənbələrindən biri olan Roma hüququ inkişaf etmiş ölkələrin əksəriyyətinin hüquqşünasları tərəfindən qəbul edilmişdir. Roma hüququnda işlənib hazırlanmış anlayış və kateqoriyalar demək olar ki, bütün hüquq sistemləri tərəfindən qəbul edilmiş və hüquqşünasların ünsiyyət dilinə çevrilmişdir.

Roma hüququnda təsbit edilmiş vərəsəlik transmissiyasına görə vərəsə vəsiyyət edəndən çox yaşayırdı, belə ki, vərəsəlik də ona açılırdı. Lakin vərəsə mirası əldə etməyə imkan tapmayaraq ölür, onun şəxsində yaranan miras əldə etmək hüququnun özü də vərəsəlik üzrə onun vərəsələrinə keçirdi.

İnkişafın başlanğıcında Roma hüququ vərəsəlik transmissiyasını rədd edirdi. Vərəsəlik açılan anda yaranan hüquqa ciddi şəxsi hüquq kimi baxılırdı, sanki hüquq qabiliyyətinin xüsusi növü. Buna görə də mirası qəbul etmək vərəsəlik üzrə keçə bilməzdi. Roma hüququnun inkişafının son mərhələsində isə vərəsəliyin birinci plana keçmiş əmlak-hüquqi tərəfinin və vərəsəlikdə vəsiyyət edənin şəxsiyyətinin ifadəsi haqqında mistik təsəvvürünün zəifləməsinin təsiri altında digər prinsip tətbiq edildi. Yəni, əgər vərəsəlik açılan zaman vərəsə (Qanun və ya vəsiyyətnamə üzrə) mirası əldə etməyə imkan tapmayaraq ölərdisə, açılmış mirası qəbul etmə hüququ yalnız qəbul etmə müddətini məhdudlaşdırmaqla onun öz vərəsələrinə keçirdi (İlkin vərəsəyə ona vərəsəliyin açılması barədə xəbər verildiyi gündən bir il ərzində).

Azərbaycan Respublikası mülki qanunvericiliyində “İrsi transmissiya” - Miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir.

İrsi transmissiyadan danışarkən vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edən, vərəsəliyin açılmasına səbəb olan “şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi faktından” danışmaq zəruridir. Belə ki:

- Vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır;

- Mülki Məcəllənin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Ölüm anı tibb işçisi (həkim, feldşer) tərəfindən təsdiq edilir və qeydiyyat orqanlarına təqdim etmək məqsədi ilə ölüm haqqında tibbi şəhadətnamə verilir. Fiziki şəxsin ölüm faktı və ölüm tarixi (günü) isə Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanları tərəfindən verilən ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur (bioloji ölüm halında);

- Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən, fiziki şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi də hüquqi nəticəsinə görə ölüm faktına bərabər tutulur və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün şəxsin ölüm günü sayılır. Nəzərə alınmalıdır ki, məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər (Mülki Məcəllənin 41.4-cü maddəsi). Belə olan halda, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.

Eyni zamanda, irsi transmissiyadan danışarkən Mülki Məcəllənin 1134-cü maddəsində nəzərdə tutulmuş “məqam” və 1146-cı maddəsində nəzərdə tutulmuş “gün” müddəalarına aydınlıq gətirilməsi zəruridir.

“Məqam” sözü müxtəlif mənalarda işlənir: 1) yer, məkan; 2) vaxt, zaman, an, müddət; 3) vəzifə, rütbə, mənsəb; 4) hal, vəziyyət. Zaman göstəricisi kimi “məqam” vaxt, an mənalarında istifadə olunur. Bu baxımdan, Mülki Məcəllənin vərəsə ola biləcək şəxslərin dairəsini müəyyən edən 1134.1-ci maddəsində nəzərdə tutulmuş “miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər” müddəası miras qoyanın öldüyü anda sağ olan vərəsələr mənasında başa düşülməlidir.

- Mülki Məcəllənin mirasın açılma vaxtını tənzimləyən 1146-cı maddəsində nəzərdə tutulmuş “gün” anlayışı miras qoyanın ölümü anından sonra hesablanan iyirmi dörd saatlıq sutka mənasında deyil, miras qoyanın ölümünün baş verdiyi gün, təqvim tarixi olaraq qəbul edilməlidir. Miras qoyanın öldüyü gün təqvim tarixi etibarilə vərəsəliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məsələlərin həlli üçün mühüm meyar kimi çıxış edir. Məhz həmin tarixdən etibarən mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin axımı başlanır, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, eləcə də vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir (Mülki Məcəllənin 1246, 1255 və 1322-ci maddələri). Qeyd edilən məsələlərin həllində mirasın açılma tarixi miras qoyanın öldüyü gün, təqvim tarixi olaraq müəyyən edilir və qanunvericilikdə müəyyən edilmiş müddətlərin axımı həmin təqvim tarixindən başlamaqla hesablanır. Mülki Məcəllənin 368 və 1146-cı maddələrinin əlaqəli təhlili onu göstərir ki, həmin Məcəllənin 1146-cı maddəsi müddətin başlanğıcının xüsusi qaydasını nəzərdə tutur. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin məhkəmə tərəfindən ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

Yuxarıda qeyd edilənləri ümumiləşdirib aşağıdakı nəticəyə gəlmək olar:

- Miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər;

- Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.

Nigar Əliyeva

"Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.784384