AZƏRBAYCAN RƏQS SƏNƏTİNDƏ ONUN DA ÖZ ÇƏKİSİ, ÖZ YERİ VAR - Əhsən Rəhmanlı yazır

2022-09-02 11:53:00

AZƏRBAYCAN RƏQS SƏNƏTİNDƏ ONUN DA ÖZ ÇƏKİSİ, ÖZ YERİ VAR - Əhsən Rəhmanlı yazır

Zəngin ənənələrə, gözəl quruluşlara, dərin məzmun, mahiyyət və yüksək dəyərə malik Azərbacan rəqslərinin ifaçıları bir-birinin ardınca sənətə qədəm qoyaraq öz töhfəsini vermiş, ölkədə, SSRİ məkanında və xarici dövlətlərdə mədəniyətimizi təbliğ etmişlər. Onların hər biri sənətə sevdalı, sədaqətli olaraq rəqs sənətimizin ucalmasına, hər yerdə öz layiqli yerini almasına xidmət göstəriblər.

Nazim Hidayət oğlu Abdullayev 1953-cü il fevralın 3-də Bakıda doğulub. 1960-1970-ci illərdə 174 saylı orta ümumtəhsil məktəbdə oxuyub.

Nazimin xatirələrindən: “Kiçik yaşlarda evdə masanı, kətili, məktəbdə skamyanın üstünü döyəcləyib səs-küy salır, ritm vururdum. Bunu görən atam məni musiqiyə qoymaq qərarına gəlmişdi. Məşhur rəqqas Əlikram Aslanov şəhərin Kubinka adlanan məhəlləsində bizimlə qonşuluqda yaşayırdı. Atam ondan xahiş etdi ki, mənim həvəsimi nəzərə alsın və bir məsləhət versin. Əlikram müəllim məni Mərkəzi Pioner və Məktəblilər Evinə, Cingiz Mehdiyevin nağara sinfinə apardı. Saraya daxil olanda musiqi səsi eşitdim, açıq qapıdan içəri baxanda çalğıçıların müşayiətilə rəqs edən uşaqları gördüm və dərhal məndə bu sənətə həvəs yarandı. Əlikram Aslanova dedim ki, mən nağarada çalmaq yox, rəqs dərnəyinə daxil olmaq istəyirəm”.

Böyükağa Məmmədov Nazimin ritn qabiliyyətini, musiqi duyumunu yoxlayıb öz rəqs qrupuna qəbul edir. O, burada müəllimin bütün tapşırıqlarını yerinə yetirir, sənət həvəsi daha da artır və hərəkətləri yerli-yerində öyrənir. Burada o birinci qrupun üzvü olsa da özündən yaşça böyük uşaqlardan yaxşı oynadığı üçün Böyükağa müəllim ona çətin hərəkətləri də öyrədir. Nazim burada 1962-ci ildən 1966-cı ilə qədər məşğul olur. Həmin dövrdə Böyükağa müəllim üç-dörd özfəaliyyət rəqs kollektivlərinə rəhbərlik edir, bir ansamblda ən yaxşı oynayanları digərlərinə də aparır, onları aparıcı qüvvəyə çevirir və solist kimi hazırlayırdı. Odur ki, Nazimi də o vaxtkı 26-lar Mədəniyyət Sarayındakı rəqs dərnəyinə cəlb edir. Nazim burada 3 il oynayır. Onun istedadını, həvəsini, məşqlərə davamiyyətini nəzərə alan Böyükağa müəllim N.Abdullayevi Fioletov mədəniyyət klubundakı (sonralar C.Mustafayev adına mədəniyyət evi) rəqs dərnəyinə də cəlb edir. Bundan əlavə müəllimi Nazimi Ehtiyat Əmək Qüvvələri İttifaqının özfəaliyyət rəqs ansamblının quruluşlarına daxil edir və burada onu peşəkar rəqs sənətinə daha da yaxınlaşdırır.

Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir

Nazimin söylədiklərindən: “1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblı yaranarkən, ora üzvlər seçilərkən Böyükağa müəllim Əlibaba Abdullayevə Etibar Zeynalovun və mənim qəbul olunmağımı məsləhət görmüşdü. Mən isə təhsil almaq arzusunda olduğum üçün sənədlərimi Xarici Dillər İnstitutuna vermiş və birinci imtahandan yüksək qiymət almışdım. Atam qəfildən ağır xəstələnmiş, əmək qabiliyyətini itirmişdi. İşləyib evə kömək etmək lazım idi. Odur ki, imtahanlara getməyib sənədlərimi geri aldım. Zavoda işə girib çilngər işləməyə başladım”.

1971-ci ildə yaşadığı məhəllədə Nazimi görən Əlikram Aslanov ona deyir: “Sən zavodda itib batacaqsan. Səndən yaxşı rəqqas ola bilər axı...”. Ə.Aslanov N.Abdullayevi Dövlət Mahnı və Rəqs Ansamblına gətirir. O zaman belə idi ki, yeni gələnləri ansamblın veteranları yoxladıqdan sonra onlar işə qəbul oluna bilərdilər. Nazimiin göstərdiyi hərəkətlərə Ramiz Məmmədov, Qorxmaz Qurbanov və Nailə Mahmudova diqqət etdikdən sonra bəyənir və soruşurlar:

- Kimin tələbəsisən?

Nazim cavab verir:-Böyükağa Məmmədovun.

Həmin vaxt ştatda rəqqas yeri yox idi. 1 ay sonra Əhmədağa Məmmədov pensiyaya gedirdi. Odur ki, Nazim 1 ay sınaq müddəti keçərək özünü doğruldur. Nazim Abdullayev 1971-ci noyabrın 1-dən 2000-cü ilə qədər bu kollektivdə çalışır və çox uğurlu yaradıcılıq yolu keçir. Onun işə daxil olması Roza Cəlilovanın ansamblın baletmeysteri olduğu dövrə düşür. “Məzəli rəqs”in personajlarını Ramiz Məmmədov, Əlikram Aslanov və Tələt Ağalarov yaradırdı. Bəzən bu obrazları yaratmaq başqa rəqqaslara da həvalə edilirdi. Bu rəqs quruluşunda oynamaq gənc rəqqas Nazimə də həvalə olunmuş və o, həmin obrazı lazımınca dəyərli halda yarada bilmişdi.

Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilir

N.Abdullayev ansamblın bütün proqramında layiqli oyun nümayiş etdirmişdir. “Nazeləmə”ni öz həyat yoldaşı Dilbər xanımla ifa edərək öz adını bu həmişəyaşar rəqsin tarixinə yazmışdır.

N.Abdullayev 1974-1976-cı illərdə Rusiyada Sovet ordusunda xidmət edib.

O, Mahnı və Rəqs Ansamblında 1999-cu ildə yalnız rəqqas deyil, həm də məşqçi kimi çalışıb. Filarmoniyada çalışdığı müddətdə 30-dan artıq xarici dövlətə, Sovet ölkəsinin bütün rəgionlarına səfərlərə gedib. Elə ölkələr var ki, orada iki dəfə olub. O, yaxşı xatırlayır ki, xaricə dövlətə ilk səfərə 1977-ci ildə Avstriya ölkəsinə gedib. Nazim xarici ölkə səfərlərində Fərhad Vəliyevin qurduğu “Cayçı” solo rəqsi ilə nailiyyətlər qazanıb. O, bu rəqsdə tamaşaçılarla maraqlı təmas qurur və onların diqqətini tam şəkildə cəlb edirdi. Nazimin söylədiklərindən: “Özümü xoşbəxt sayıram ki, yaradıcı insanlar, böyük şəxsiyyətlər, məşhur sənətkarlarla birlikdə çalışmışam. Nə yaxşı ki, Maestro Nizyazi, C.Cahangirov, T.Quliyev, A.Məlikov kimi böyük bəstəkarlarla iş yerimdə, səfərlərdə birlikdə olmuşam”. Qeyd etmək yerinə düşər deyək ki, Niyazi Nazimin sənətinə yüksə dəyər verir və xətrini çox istəyirdi. Bəzən adı xarici ölkə səfərlərinə gedənlərin siyahısından çıxarılanda, Niyazi baxıb Nazimin adını orada görməyəndə dərhal əavə edir və onu səfərə göndərirdi.

Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir

Nazim Ramiz Məmmədov, Əlikram Aslanov, Ramiz Eynullayev və başqaları ilə tərəf-müqabil olaraq səhnə qüruru yaşamışdır. Onun fikirlərindən: “Mənim ustadım Böyükağa Məmmədov olsa da, Roza Cəlilova, Qörxmaz Qurbanov, Əlikram Aslanov, Ramiz Məmmədov, Ramiz Eynullayev, Aliyə Ramazanova və Nisəxanım Rəhimovovanı da özümə müəllim sayıram. Mən onların hər birindən öyrənmişəm. Ramiz Məmmədov səhnədə yalnız rəqqas deyil, əsl aktyor idi”.

Nazim Abdullayev 1982-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini, 1983-cü ildə Ali Partiya Məktəbini ideoloji sahə üzrə bitirib və Dövlət Filarmoniyasında ictimai vəzifələr daşıyıb. O, filarmoniyada Xalq Nəzarəti Komitəsinin, Həmkarlar Komitəsinin və Partiya Komitəsinin sədri vəzifələrində çalışıb.

N.Abdullayev çalışdığı kollektivdə yanız sənət xoşbəxtliyini deyil, öz ailə bəxtəvərliyini də tapıb. O, ansamblın rəqqasəsi Dilbər xanımla evlənib. Nazim 1992-ci ildə ansambldan pensiyaya çıxıb.

Əhsən RƏHMANLI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066029