Saat:04:47
Haqqımızda

AZƏRBAYCAN QARMONU BARƏDƏ - Əhsən Rəhmanlı yazır

2024-05-27 15:49:22

AZƏRBAYCAN QARMONU BARƏDƏ - Əhsən Rəhmanlı yazır

Azərbaycanın bir gənci mənə messencer vasitəsilə müraciət etmişdi: “Niyə qarmonumuz geniş şəkildə tanınmır, dünyanın çalğı alətləri sırasında deyil?”.

Əvvəlcədən bildirirəm ki, Azərbaycan qarmonunun yaranması, tarixi mərhələləri barədə fikir bildirməyəcəm. Çünki bu barədə geniş məlumat çap olunaraq yayılan kitablarımda, məqalələrimdə və elmi işimdə öz əksini tapıb.

Əksər dövlətlərdə, xalqlarda, millətlərdə istifadə olunan çalğı alətləri çoxdur və saysaq böyük siyahı alınacaq. Həmin gənc fortepiano, orqan, klarnet, qoboy, fleyta, viola (violin-skripka), kontrabas, truba, trombon, faqot, gitara və s. alətlərin adlarını nümunə olaraq göstərir. Dünyəvi çalğı alətləri daim simfonik və digər orkestrlərin tərkibində, həmçinin solo olaraq çalınmaqdadır. Bəstəkarlar belə musiqi alətlərinin hər biri üçün əsərlər yazıblar və bu yönümdə iş davam edir.Azərbaycan bəstəkarları da bu istiqamətdə çox iş görüb.

Yalnız qarmon deyil, bizim digər çalğı alətlərimiz də dünyəvi sayılmır və yalnız bizim özümüzə məxsusdur. Ermənilərdən başqa heç bir xalq, millət bizim musiqi alətlərinə sahib çıxaraq demir ki, bu bizimdir.

Bir sıra maraqlı, dəyərli işlərlə dünyada müəyyən qədər tanınan, Amerikada yaşayan Çin əsilli Yo Yo Ma var. Musiqiçi və yazardır. O, 1955-ci ildə Fransanın Paris şəhərində anadan olub. Bəstəkarların əsərlərini, xalqların nadir musiqi nümunələrini hazırlayıb səhnələrə çıxararkən müxtəlif xalqların çalğı alətlərindən təşkil etdiyi “İpək yolu” ansamblının tərkibində səsləndirir. Belə hallarda o, dəfələrlə Azərbaycanın musiqi alətlərindən də orkestrə daxil edərək heyətin tərkibində bizim mahir ifaçıların da sənətini sərgiləyib.

Nümunə olaraq qeyd edirik ki, 2000-ci illərin əvvəllərində Yo Yo Ma Amerikada Firəngiz Əlizadənin “Dərviş” əsərini səhnəyə qoyarkən xanəndə Alim Qasımov ney çalan İlham Nəcəfzadə və qanun ifaçısı Təranə Əliyevanın müşayiəti ilə oxuyub.

Yo-Yo Ma sonralar müxtəlif illərdə dəfələrlə Alim Qasımovu öz layihələri ilə konsertlərə dəvət edərkən xanəndəni tarzən Malik Mansurov və kamança ifaçısı Rauf İslamov müşayiət edib.

Dünya ölkələrində tanınan “Atlas” adlı musiqi qrupu var. Onu Amsterdam Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışan Jojell Bons 2002-ci ildə yaradıb. Həmin qrupun vasitəsilə dünya tamaşaçılarını heyran edən proqramlar hazırlanır. Bizim ölkəmizdən “Atlas”a mahir kamança ifaçısı, xalq artisti Elşən Mansurovla birlikdə tarzən, əməkdar müəllim Elçin Nağıyev dəvət olunur. Həmin ansamblla təşkil olunan konsertlər həm də bizim çalğı alətlərimizi təbliğ etmək üçün bir vasitə deyilmi? 20 ildən artıqdır ki, adı çəkilən musiqiçilərimiz “Atlas” qrupu ilə əməkdaşlıq edir.

İnkişaf etmiş ölkələrin böyük orkestrlərinin tərkibində Azərbaycan musiqi alətlərindən istifadə olunmur. Nə də oraların təhsil müəssisələrində musiqi alətlərimiz tədris edilmir. Milliyyətindən asılı olmayaraq bizim xalq çalğı alətləri ixtisasları üzrə təhsil almaq istəyənlər ali musiqi ocaqlarımıza qəbul olunaraq ödəniş vasitəsilə oxuyurlar.

Bu bir başqa məsələdir ki, qardaş türk dövlətləri, Avropa ölkələri və ya Amerikanın böyük konsert salonlarında, həmçinin elm, tədris ocaqlarındakı musiqi simpoziumlarında, konfranslarda Azərbaycan musiqisi ilə bağlı tədbirlərdə ifaçılarımız dəvət olunaraq çalğı alətlərimiz oranın orkestrlərinin və ya qrupların tərkibində səsləndirilir.

Klavişli, körüklü çalğı alətləri vardır ki, daimi olaraq dünya xalqlarının həyatına, məişətinə, adət-ənənəsinə, musiqisinə daxil edilərək müntəzəm istifadə olunmaqdadır-harmon, akkordeon, bandoneon, bayan, qarmonlar (bu alətlərin sırasında qarmoşkalar), müxtəlif növlü dodaq qarmonları bu sıradadır. Bəzi ərəb ölkələrində, bundan başqa Əfqanıstan, Pakistan və Hindistanda harmon çalırlar.

Yalnız bizə aid olan deyil, keçmiş SSRİ daxilində yaşamış xalqların hər birinin özünəməxsus olan qarmonları da dünyəvi səviyyə almayıb, yəni həmin xalqların özünə aid olaraq isifadədədir. Nümunə kimi deyək ki, rus qarmonları (qarmoşkaları) da, həmçinin, dünya xalqlarının ifaçılığında rus qarmonlarından deyil, akkordeonlardan istifadə olunur.

Ölkələr var ki, orada yaşayan xalqların əksər ailələrində akkordeon var. Çay, dəniz, şəlalə kənarına, meşəyə, bağ-baxçaya, yaşıllıqlara, çəmənliklərə istirahətə gedərkən, ya gəzintilərə çıxarkən hər kəsin avtomobilində akkordeon olur və hara gedilirsə, orada bu çalğı alətindən layiqincə istifadə edilir.

Akkordeon ansambllar, orkestrlər və müxtəlif qruplar tərkibində çalınmaqla bərabər həm də solo alətidir. Dünya bəstəkarları akkordeon üçün istər orkestrlər və istərsə də solo ifa əsərləri yazıblar. Elə Azərbaycan bəstəkarı, xalq artisti Firəngiz Əlizadə Avropada yaşayarkən kontrabas və akkordeon üçün əsər bəstələyərək səhnələrə çıxarıb.

Rusiyada və xüsusilə bir sıra Avropa ölkələrində yüksək səviyyəli akkordeonların istehsalı ilə məşğul olaraq bütün dünyaya realizə edən məşhur fabriklər fəaliyyətdədir. İllərlə bu fabriklərdə istehsal olsa da, ölkələrdə həmin alətlərin satışı müntəzəm davam etməkdədir.

Akkordeonlar qarmonlardan dəfələrlə imkanlı alətdir. Burada oktava genişliyi, çox registrli olması, sol klaviaturadakı akkord sistemi böyük əhəmiyyət daşıyır. Dünya xalqları akkordeonu kənara qoyub qarmondan istifadə etməyəcəklər. Azərbaycan qarmonlarının sol klaviaturasındakı səs ardıcıllığı bizim özümüzə məxsusdur, bizə aiddir və musiqimizə uyğunlaşdırılmışdır. Yəni alət formalaşdırılanda el havaları, xalq musiqimiz və muğamlarımızın ifası nəzərə alınıb. Burada, sol gövdədə dünya musiqisi üçün nəzərdə tutulan akkord sistemi yoxdur. Qarmonumuzun solundakı unison səslər dünya musiqisinin ifası üçün elə də əlverişli deyil. Bu başqa məsələdir ki, bizim ifaçılarımız usta, çox bacarıqlı olduqları üçün qarmonun sol tərəfindən layiqincə istifadə edirlər. Zaman-zaman bu baş verib və davam etməkdədir.

Akkordeonların sol gövdəsindəki akkord sistemindən istifadə etmək elə də çətin deyildir, bir düyməyə toxunmaqla akkordu səsləndirmək mümkündür. Hər musiqi cümləsinə, frazaya uyğun akkord almaq olur. Bu hal, bu vəziyyət ifa olunan əsərin, melodiyanın müşayiətini tam təmin edə bilir. Bizim qarmonların sol klaviaturasındakı unison səslər vasitəsilə akkordlarla çalğı yaratmaq çox çətindir. Bir daha qeyd edirəm ki, bu işdə ustalıq yaratmaq, əsl peşəkarlıq və pərgarlıq göstərmək bizim çox mahir qarmon ifaçılarımıza məxsusdur.

Təbii ki, bizim qarmonlarımızın da öz ifa imkanları, tembr xüsusiyyətləri, milli musiqimizin, muğamlarımızın, xalq, aşıq və bəstəkarlarımızın mahnılarının gözəl ifasını təmin edən doğma səslənməsi var. Bəli, bu belədir, belə də var və bizim ruhumuzu, zövqümüzü oxşayır. Qarmon bizim milli hisslərimizi tərənnüm edir. Bu çalğı aləti ilə gözəl səslənmə yaratmaq, musiqimizin çoxçalarlığını vermək, harmoniyasını ifadə etmək mümkündür. Qarmonu ölkəmizdəki kiçik, böyük qruplar, ansambllar və xalq çalğı alətləri orkestrlərinin tərkibində səsləndirmək olur. Lakin bu o demək deyil ki, Azərbaycan qarmonları bütün dünya xalqları ilə doğmalaşacaq. Bu yazı vasitəsilə bəzi cəhətləri, müəyyən şərtləri izah etməyə çalışdım.

Bu faktdır, bizim ifaçılarımız Azərbaycan qarmonunu geniş şəkildə meydana çıxararaq, ifaçılıq səviyyəsini imkanlı hala gətirərək yüksəyə qaldırıblar. Bu barədə çəkinmədən xalq artisti, virtuoz ifaçı Ənvər Sadıqovun adı xüsusi qeyd edilməlidir.

Həm də qarmon ifasının sol əllə (sol klaviatura) müşayiəti işində illərlə qarmonun not tədrisinin, müəllimlər-Xeyrulla Dadaşov, Sona İrzaquliyeva, Əlibala Ağayev, Zair Mustafayev, Əlövsət Piriyev, Ceyhun Qəmərlinski, Natiq Rəsulov, Sərxan Abıyev, Vüsal Qəhrəmanov, İlham İsmayıl, Gülnarə Qasımova, Könül Hüseynova, Xuraman Nağıyeva və başqalarının xüsusi əməyi olub (adları qeyd olunmayanlardan üzr istəyirəm, həm də axı kimləri isə tanımıram).

Vaxtılə yaşadığımız Sovet dövründə bütün respublikalarda və bizdə də akkordeon tədris edilirdi. Qeyri azərbaycanlılarının yazıb tərtib etdiyi “Akkordeon məktəbi” kitabları, bu ixtisas aid məcmuələr SSRİ məkanında tədrisdə xüsusi rol oynayırdı. Həmin tədris vəsaitlərində Sovet və xarici ölkə bəstəkarlarının əsərləri özünə yer almışdır.

Azərbaycanda qarmonun ixtisas kimi tədrisi inkişaf etdikcə bizdə də “Qarmon məktəbi” kitabları, bu sahəyə aid müxtəlif not məcmuələri, proqramlar və göstəricilər yazılaraq təhsildə geniş şəkildə yayıldı. Bu istiqamətdə böyük işlər görənlər sırasında Xeyrulla Dadaşov, Sona İrzaquliyeva, filologiya elmləri doktoru, professor Fərahim Sadıqov, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zakir Mirzə, Natiq Rəsulov, Əli Bayramov, Zair Mustafayev, dosent Sərxan Abıyev, əməkdar incəsənət xadimi, professor Aydın Əzim, Əbdül Həşimov, Gülnarə Qasımova, Könül Hüseynova, Mehriban Nəsirova, Əhsən Rəhmanlı və başqalarının adlarını qeyd etməliyik.

Belə tədris vəsaitlərində qammalar, etüdlər, rus, Avropa, Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, oyun havaları, zərbli muğamlar, dəramədlər və rənglər öz əksini tapır.

Xalq artisti, bəstəkar, professor Süleyman Ələsgərov qarmon üçün iki əsər bəstələyib:-“Lirik rəqs”, “Skerso”.

Ustad qarmon ifaçısı, pedaqoq Zair Mustafayev qarmon tədrisində istifadə olunmaq, çalınmaq üçün yeddi melodiya bəstələyib və bunların fortepiano müşayiətini də özü yazıb.

Bu məqalənin yazarı kimi deyirəm, 20 ildən artıqdır ki, qarmon ifaçılığı sənətilə bağlı keçirilən bütün tədbirlərdə, elmi konfranslar və seminarlarda öz çıxışım vasitəsilə Azərbaycan bəstəkarlarına qarmon üçün əsərlər yazmalarını xahiş edirəm. Bu barədə “Qarmonla fortepiano üçün”, “Qarmonla xalq çalğı alətləri orkestri üçün”, “Qarmonla simfonik orkestr üçün” və “Qarmonla kamera orkestri üçün” konsertləri nəzərdə tuturam.

İllərlə qarmonumuzu dünya səhnələrində səsləndirərək yüksək səviyyədə ifa göstərən sənətçilərimiz olub. Səfərlərdə müxtəlif qrupların tərkibində, həm də solist kimi Məmmədağa Ağayev, Zakir Mirzə, Avtandil İsrafilov, Abutalıb Sadıqov, Vaqif Əsədov, Hüseyn Həsənov, Xanlar Cəfərov, Ənvər Sadıqov (ən çox “Qaytağı” qrupu ilə), Kamil Vəzirov SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Dövlət Mahnı Mahnı Teatrının tərkibində, Səttar Hüseynov, Rafiq Əsgərov, Qulam Nəzərov Dövlət rəqs ansamblının müşayiətçisi kimi və Faiq Əlibalayev SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbəri olduğu ansamblla qarmonu sevə-sevə və məharətlə ifa ediblər.

Bu sətirlərin müəllifi xalq artisti Baba Mahmudoğlu ilə xarici ölkələrə səfərlərdə milli musiqimizin və Azərbaycan qarmonunun təbliğatçılarından biri olmuşdur. O, belə konsertlərdən sonra səhnə arxasına gəlib onun qarmonu ilə maraqlananlarla rastlaşıb. Və onların suallarını cavablandırmaqdan, aləti səsləndirərək onları qarmonla daha yaxından tanış etməkdən məmnun olaraq qürurlanıb. Qarmonla maraqlananlar təbii ki, həmin ölkələrin ifaçıları, tədqiqatçıları və musiqişünasları olur. Deməli, Azərbaycandan gedib dünya səhnələrində çıxış edən qarmonçalanlarımız da belə hallarla qarşılaşıblar.

Söyləməliyəm ki, xarici dövlətlərdə musiqisevərlərin, ifaçıların, musiqi xadimlərinin diqqətini cəlb edən Azərbaycan qarmonunun ifaçılıq qaydaları, özünəxas texniki imkanları, xüsusilə melizmlər, alətin xırdalıqlar, bər-bəzəkli xallarla çalınması və gözəl tembrlə səslənməsidir. Axı bu səslənmədə xalqımızın, onun musiqisinin ruhu var.

Azərbaycan qarmon sənətinin çox gözəl, güclü rəngarəng ahəngdarlığı vardır. Milli qarmon sənəti daim musiqimizin zəngin ritmlərindən güc, min bir boyalı ahəngdarlığından gözəllik, təravət, məlahət, yaraşıq, bəzək alaraq könüllərə yol tapır.

Azərbaycan qarmon sənəti canına milli musiqimizin harmoniyasını hopduraraq və ruhunda coşduraraq səslənmə yaradır.

Qeyd: “Son dövrlərdə ölkəmizdə hazırlanan bəzi qarmonların tembri milli musiqimizin, muğamlarımızın ruhundan və zövqümüzdən tam uzaqdır. Bunu mütləq nəzərə almaq borcumuz var. Yalnız XXI əsrə aid üç və üç oktava yarım, reqistrli qarmonlar deyil, hətta klassik qarmonlarımız arasında da, xoşagəlməz səsə, bəyənilməz, ruhumuza yad tembrə malik alətlərə rast gəlirik. Belə “klassik quruluşlu”, lakin milli tembrdən kənar, zövq oxşamayan, eybəcər səsli qarmonları ifaçı necə çala bilir? You Tubedə Azərbaycanın bəzi ifaçılarının əlində elə qarmonları eşidirik ki, orada klassik milli tembr yoxdur, alətdən uşaq oyuncaq qarmonlarının, azyaşlılar üçün Rusiyada, digər ölkələrdə hazırlanan kiçik həcmli akkordeonların, rus qarmoşkalarının səsi gəlir. Bu milli qarmon sənətini hörmətdən salmaq, həqarət deyilmi? Belə haqqı sizə kim verib? İfanız yaxşıdır, çalırsınız, çalğıda hər şey var, lakin işlətdiyiniz qarmonun səsi bizə tam yaddır”.

Qeyd: “Bir mütəxəssis, yaradıcı insan, uzun illər ansambllarda çalışan, ifaçılıq sənətində təcrübə qazanan biri kimi daim novatorluğa üstünlük verməkdəyəm. Üç oktava, üç oktava yarım səs ardıcıllığına malik olan qarmonların əleyhinə deyiləm. Bu barədə ötən illərdə bir neçə dəfə yazılarım olub. Lakin bunlardan da klassik Azərbaycan qarmonlarının səsini eşitmək istəyirik. Qarmonumuzdan milli musiqimizin ətri gəlməli, ecazkar tembr sərgiləməli, şirin-şirin dillənməli, ruhumuza köklənməli, ürəyimizə yatmalı, doğmalıq yaratmalı, könlümüzü oynatmalı və alətin səsi ilə daxili aləmimiz rahatlıq tapmalıdır”.

Türkiyədə qarmonumuzu sevənlər və ifa edənlər tarixən orada yaşayan Azərbaycan türklərinin nəsil nümayəndələridir. Başqaları isə akkordeondan istifadə edirlər. Güney Azərbaycanda, İranın müxtəlif şəhərlərində, bölgələrində yaşayan soydaşlarımız üçün isə qarmon ən doğma, milli və sevimli çalğı alətidir. Özbəkistan, Türkmənistan və Qazaxıstanda yaşayan (Sovet dönəmində sürgünə məruz qalan) soydaşlarımızın nəsil davamçıları digər çalğı alətlərimizlə birgə qarmon da çalırlar.

Ölkəmizdə qarmon ifaçılığı ilbəil, aybaay, günbəgün irəliləməkdə, inkişaf etməkdədir. Buna səbəb istedadlı nəslin yetişməsi, qarmon sənətinə olan dərin məhəbbət və bu ixtisasın uşaq musiqi, incəsənət məktəblərində, kolleclərdə və ali təhsil müəssisələrində tədris olunmasıdır.

Fikrimin bu anında bunu qeyd etməyi lazım bilirəm. Son dövrdə “çetvertton”larla mahnı, muğam oxuyan müğənnilər Azərbaycan qarmonunu sıxışdırıb kölgə altına salaraq sintezatora üstünlük verirlər. Müğənnilər qarmonçalanları sintezator ifa etməyə yönəldirlər. Qarmonçalanlar buna getməyə yalnız məcbur deyil, artıq məhkumdular. Əks təqdirdə işsiz və qazancsız qalacaqlar. Artıq əksər toylarımızda milli musiqidən uzaq mahnılar səsləndiyi üçün qarmona ehtiyac duymurlar. Əlbəttə, bu xoşagəlməz və eybəcər haldır. Azərbaycan qarmonu yaranıb, sevilib özünü doğruldub, təsdiq edib, formalaşıb meydanda öz sözünü deyəndən bəri el-obanın, xalqın, cəmiyyətin, şənliklərin, toy-büsatın sevilən, əsas və aparıcı çalğı aləti olub. Qarmon ifaçılığı təcrübəli, samballı, geniş əhatəli, şan-şöhrətli, dərin məzmunlu, zəngin repertuarlı bir yol gəlib.

Mənə sualla müraciət edən həmin gənc oğlana mən də sual verirəm: “Daim inkişafa tərəf yol alan bir milli musiqi alətinə öz ölkəmizdə müğənnilərin, bəzi sənət adamlarının (hətta bir neçə bəstəkarın) belə münasibəti varsa, Azərbaycan qarmonu dünya çalğı alətlərinin sırasına necə daxil ola bilər? İllərdir ki, Azərbaycandakı peşəkar xalq çalğı alətləri orkestrlərinin rəhbərləri ilə söhbət aparıb xahiş etmişəm ki, heyətin tərkibinə təhsilli, ixtisaslı gənc qarmon ifaçılarını cəlb etsinlər. Demişəm ki, belə olsa səslənmə də yaxşıya doğru dəyişəcək. Lakin onların heç birindən müsbət cavab almamışam. Çoxdandır ki, yığışıb oturmuşam evdə. Axı milli qarmon ifaçılığının bu günü, sabahı barədə çalışdığım, perspektivli fikirlər söylədiyim üçün mən heç də lazım deyiləm”.

Bir məsələyə də toxunmalı oluram. Ermənilər harada yaşamasından asılı olmayaraq körüklü, dilli (klavişli) çalğı alətlərindən akkordeona üstünlük verərək daim bu alətdə ifa ediblər. Bu əsrdə vəziyyət dəyişib. Şimali-Cənubi Qafqazda, Moskva və Sankt-Peterburqda yaşayan erməni akkordeonçalardan qarmon ifaçılığına qədəm qoyanlar var. Onlar rusların, tatarların, Qafqaz xalqlarının qarmonlarını deyil, məhz bizim klassik qarmonumuzu ifa edirlər. Əslində pis də çalmırlar. Sual olunur, niyə Azərbaycan qarmonları onları cəlb edir? Çünki, bizim klassik qarmonların səslənməsi, tembri onları tam qane edir. Axı erməni ifaçılar bizim xalq, bəstəkar mahnılarını, oyun havalarımızı, muğamlarımızdan frazaları çalırlar. Azərbaycanın zəngin musiqi nümunələri yuxarıda qeyd etdiyim xalqların qarmonlarında, akkordeonlarda öz təsirində, sambalında, öz əhvalında, öz şirinliyi və təsir əhvalı ilə səslənə bilməz. Ermənilər əsrlərlə çalğı alətlərimizi, musiqimizi, rəqslərimizi, Yallı”ları, “Cəngi”ləri, “Qaytağı”ları və s. öz adlarına çıxaraq təbliğ etməkdədirlər. Onlar müəyyən dövrdən sonra qarmonumuza da sahib çıxaraq deyə bilərlər ki, bu bizimdir, erməni xalq çalğı alətidir.

Ermənilər daim hiyləgər və məkrli olublar. Bir halda ki, qarmonçalanlar bizdə estrada müğənnilərinin tövsiyəsilə akkordeon, Şərq üslubu ilə çıxış edən müğənnilərin tələbilə sintezator ifa edirlər, ermənilər Azərbaycan qarmonuna daha böyük həvəs göstərəcəklər. Hə, nə deyirsiniz, düşünməyə dəyərmi, nəticə çıxaraqmı? Hələlik bu qədər.

Əhsən Rəhmanlı,

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.216937