AZƏRBAYCAN QARMON SƏNƏTİNİN ƏSAS SÜTUNLARNDAN BİRİ - Əhsən Rəhmanlı yazır

Aprelin 2-i istedadlı, mehriban, sadə, maraqlı insan, məşhur, klassik qarmon ifaçısı, əziz və sadiq sənət dostumuz Hacı Abutalıb Sadıqovun dünyasını dəyişdiyi gündür. O, hamımızın xatirəsində, yaddaşında, yadigar qoyub getdiyi ifalarında yaşamaqdadır. Onun ifaları İnternetin You-Tube portalında da yayımlanır. Xatırlayaq, unudulmasın. Ruhu şad olsun!
***
Azərbaycan qarmon ifaçılığı sənətinin hər bir səhifəsi maraqlı, şərəfli və uğurludur. Hacı Abutalıb da bu səhfələrin birində özünə yer tutub. Abutalıb Balakişi oğlu Sadıqov 1945-ci il fevralın 22-də Masallıda anadan olub. 1951-1962-ci illərdə orta məktəbdə oxuyub. Atası Abutalıbın həvəsini görüb, istedadını duyaraq ona 12 dilli diatonik qarmon alıb. Uşaq sərbəst olaraq qarmon çalmağı özü öyrənib. Bura qədər də onun musiqidən anlayışı var idi. Belə ki, o, 8-ci sinfə qədər nağara çalmış, 6 ay Mirzə Salamın tar dərnəyinə getmişdi. Abutalıb qarmonla xüsusi həvəslə məşğul olurdu. Əvvəl “Çiçək” mahnısını çalırdı. Sonra Ədilbəy adlı ibtidai sinif müəllimindən “Kəsmə şikəstə” və tarzən Kamil müəllimdən Qəmbər Hüseynlinin “Kəndimiz” mahnısını öyrənmişdi. Daha sonralar isə öyrəndiklərinin sayı artır, ifası isə püxtələşirdi. O, 1961-ci ildən xromatik “Kazan” qarmonda çalırdı. Masallı rayon pioner və məktəblilər evinin özfəaliyyət dərnəyində məşğul olması Abutalıbın həvəsini və çalğı bacarığını daha da artırırdı. Nağaraçalan dostu Ələşrəflə müntəzəm məşq edirdilər. Bu uşaqları ilk dəfə Şərəfə kəndinə qız toyuna dəvət edir və çox razı qalırlar. Beləliklə, kəndin ağsaqqallarının məsləhəti ilə həmin kəndin qız toylarına (bəzi bölgələrdə paltarkəsdi, paltarbiçdi, bazarlıq və s. deyilir), şirni məclislərinə, xınayaxdılara neçə illər ərzində bu iki oğlanı dəvət edirlər.
1963-cü ildə Balakişi Abutalıba əsl sənətkar qarmonu alır. O, artıq toy dəstələrinin tərkibində Masallı toylarının ifaçılarından birnə çevrilir. Qrammafon vallarından, radiodan istər qarmon, istərsə də digər çalğı alətləri ifaçılarından eşitdiyi oyun havalarını və xanəndələrdən dinlədiyi mahnıları, muğamları, mükəmməl şəkildə öyrənir. Abutalıb musiqi qruplarının tərkibində Masallıda keçirilən məhsul bayramlarında, rayon mədəniyyət evində keçirilən konsertlərdə çalaraq daha geniş şəkildə tanınır, sevilir və ad-san qazanır.
1964-cü ildə Masallı mədəniyyət evində ictimai əsaslarla birillik Musiqi Universiteti açılır. A.Sadıqov ora daxil olur, fəallığı, biliyi ilə seçilir, yaxşı göstəricilərlə bitirəndən sonra səyyar avto-kluba müdir təyin olunur. Bununla yanaşı 3 saylı orta ümumtəhsil məktəbdə musiqi-nəğmə müəllimi işləyir.
Ailədə yeddi uşaq böyüyürdü. Abutalıbın sənətkar kimi tanınması, evə qazanc gətirməsi bu ailənin yaxşı dolanmasına, uşaqların rahat təhsil almasına, yerbəyer olmalarına böyük kömək idi. Qeyd etməliyik ki, uşaqların anası Əfruz xanım müdrik qadın olaraq balalarını kiçik yaşlardan ciddi tərbiyə edərək cəmiyyət üçün layiqli övladlar kimi hazırlamışdı.
Abutalıbın yaxşı qarmonçalan kimi yetişməsini nəzərə alan dost-tanışları, qohumları ona məsləhət görürdülər ki, Bakıda yaşayıb çalışsın ki, daha da inkişaf edərək respublika miqyasında tanınsın. Odur ki, o, Bakıya yollanır və birbaşa Dövlət Filarmoniyasına gəlir. Rəhbərlik, bədii şura onu yaxşı dinlədikdən sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına işə götürürlər. Bir müddət burada layiqincə çalışır. Atasının çağırışı ilə yenidən Masallıya qayıdır. Balakişi ata 1966-cı il avqustun 7-də ilk oğluna toy edir. Gəlin gələn seyid qızının ayağı düşərli, sayalı olur, Abutalıbın hər addımı uğurlu, hər işi rəvan olur, Masallının məktəblərinin birində musiqi-nəğmə müəllimi işləməklə bərabər, yalnız bu rayonda deyil, ətraf rayonların toylarına da dəvət edilir.
A.Sadıqov 1970-ci ildə Bakıya gəlir. “Ədəbiyyat və incəsənət” qəzetindəki bir elan onun diqqətini çəlb etmişdi. Elanda göstərilirdi ki, Bakı Mədəni-Maarif Texnikumuna qarmon sənətindən dərs demək üçün müsabiqə keçirilir. Abutalıb müsabiqəyə qatılır və otuz iki nəfər arasından seçilərək işə qəbul olunur. O, 1975-ci ilə qədər burada dərs deyir.
Müəllifdən qeyd: “A.Sadıqovla ilk tanışlığımız 1970-ci ilin noyabr ayına təsadüf edir. Həmin zaman texnikumun sonuncu kursunda oxuyurdum. O, sadəliyi, mehribanlığı və yaxşı müəllim olmağı ilə böyük rəğbət qazanmışdı. Ağlıma belə gəlməzdi ki, sənət yolları, pedaqoji fəaliyyət bizi həmin texnikumda birləşdirəcək. Mən 2000-ci ildə Bakı Humanitar Kollecinə (əvvəlki Mədəni-Maarif Texnikumu) dəvət olunanda Abutalıb müəllim artıq burada dərs deyirdi”.
Xalq artisti, virtuoz tarzən Hacı Məmmədov (1920-1981) bir toy məclisində Abutalıbın ifasını dinləyir, çox bəyəndiyini bildirir və Dövlət Filarmoniyasında yeni yaratdığı xalq çalğı alətləri ansamblına dəvət edir. 1978-ci il Azərbaycan Dövlət Qastrol-Konsert Birliyi yaranana qədər bu ansambl filarmoniyada fəaliyyət göstərib. Burada Abutalıba həmişə solo verilir, xanəndələri müşayiət etmək üçün imkan yaradılırdı. Ansambl xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Fatma Mehrəliyeva, Rəhilə Həsənova, İslam Rzayev, məşhur xanəndələrdən Süleyman Abdullayev, Sabir Mirzəyev, Niyaməddin Musayev, Nazim Ağayev və başqalarını müşayiət edirdi. Həmin ansamblın filarmoniyada, Bakının mədəniyyət və təhsil müəssisələrində, kolxozlarda, sovxozlarda, rayonlarda, Sovet respublikalarında konsertləri olurdu.
A.Sadıqov Az.Konsertə solist dəvət olunur. Zaqafqaziya Festivalinda çıxış edir. Bu konsert müəssisəsinin xəttilə Azərbaycanın bütün bölgələrində və ətraf respublikalarda çıxış edir. O, qrup tərkibində həm müğənniləri müşayiət edir, həm də öz solosu ilə Azərbaycan qarmonunu layiqincə təbliğ edərək sevdirirdi. Abutalıb xalq rəqslərimizdən nümunələr və muğamlar çalırdı.
Abutalıb gənclik illərində T.Dəmirov, M.Ağayev və A.Abbasovun ifalarını yalnız qrammafon vallarından, radiodan, televiziyadan dinləməmişdi, hətta canlı olaraq səhnə konsertlərindən və toy-mağardan eşidib görmüşdü. Abutalıbın çalğısı sırf klassik Azərbaycan qarmon ifaçılığı üzərində qurulmuşdu. Yuxarıda adlarını çəkdiyim ustad qarmonçalanların yolu, üslubu, dəsti-xətti A.Sadıqov sənətində cəmləşmişdi. Lakin Abutalıbda texniki imkanlar daha geniş idi. Təbii ki, davamçı kimi o, sələflərindən irəli getmişdi.
A.Sadıqov 1986-cı ildə Azərbaycanın bir qrup məşhur sənətkarları ilə Vyetnama səfər edib. Daha sonra Konqo, Anqola, Macarıstan və başqa ölkələrdə də Abutalıbın solo ifaları alqışlar və rəğbət qazanıb.
A.Sadıqov 1972-1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda qiyabi təhsil alıb. Yeri gəlmişkən qeyd etməliyik ki, onun yaxşı aktyorluq qabiliyyəti vardı.
Xüsusi qeyd olunmalıdır ki, Abutalıb toylarımızda adi qarmonçalan olmamış, hər yerdə özünü aparıcı qüvvə, əsas musiqiçi kimi göstərə bilmişdir. Sözün həqiqi mənasında o, toylarda can qoymuşdur. Yorulmaq, tənbəllik nə olduğunu bilməyən bu insanın ifasında həmişə çeviklik, cəldlik və dinamika olmuşdur. Milli qarmonçalan olaraq o, hər yerdə sevilmişdir. A.Sadıqov 1980-1990-cı illərdə Qobustan, Ələt, Navahi, Atbulaq, Qubalı, Udulu, Muğan stansiyası, Qarasu, Hacıqabul, Əlibayramlı (Şirvan), Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Yevlax və Bərdə toylarında maraqlı, coşqun, çılğın, şirin ifası ilə sevimli sənətkar kimi qarşılanmışdır.
A.Sadıqov milli qarmon sənətinin əsas sütunlarından biri idi. Uşaqlıq, gənclik illərindən dərin sənət sevgisi ilə formalaşaraq ustad sənətkar kimi ucalmışdı. Belə sənətkarların hər birinin yeri görünür.
Abutalıb illər ərzində Azərbaycanın ən məşhur xanəndələrilə toylarda çalıb-çağırmışdır. Ən çox isə Sabir Əliyevlə (1948-2021), Əvəzxan Xankişiyev və Rusif Məmmədovla (1949-2005) toy yoldaşlığı etmişdir.
A.Sadıqov 1995-1996-cı illərdə Dövlət Muğam Teatrında solist-qarmonçalan kimi çalışmışdır. Burada olarkən çox konsertlərdə çıxış etmişdir. Bu teatrın tərkibində İsraildə konsertdə olmuşdur.
Sənətkar özünün bəstələdiyi “Aybəniz” və “Təranə” rəqs melodiyalarını 1970-ci ildə radio fonduna yazdırmışdır. Həmin vaxt onun ifasında “Səməni”, “Qaytağı” xalq havaları da radio üçün lentə yazılıb. Abutalıbın radioda qorunan və FM-105-də səsləndirilən “Segah” muğamı çox təsirli alınıb. Sənətkar 1975-ci ildə “Qars”, “Məlahəti”, 1977-ci idə “Xalabacı”, “Vahidi”, “Rahimi” oyun havalarını (sonuncu iki musiqi A.Sadıqovun öz bəstəsidir), 1998-ci ildə “Nabatxanım”, “Ayşadı”, “Brilliant”, “Zərifə” rəqs melodiyalarını radio fonduna yazdırmışdır.
A.Sadıqov sənətdə tanındığı andan tele-radio ilə əməkdaşlıq etmişdir. 1997-ci ildən ağır xəstə hala düşənə qədər o, yeganə qarmonçalan olaraq Azərbaycan Teleradio Verilişləri QSC-nin solisti olmuşdur.
Bu maraqlı, hünərli, zəhmətkeş, bacarıqlı insan 1999-cu ildən Bakı Humanitar Kolleci, Milli Konservatoriya tərkibində Musiqi Kolleci və Sumqayıt Musiqi Kollecində qarmonun muğam tədrisi ilə məşğul olmuşdur. Hazırda raespublikamızın hər tərəfində onun uğurlu yetirmələri çalışmaqdadır.
Bu böyük sənətkar sənətinin ən məsuliyyətli, sanballı, şirəli vaxtnda iflic xəstəliyinə tutulmuşdur. O, 2005-ci ildə Həcc ziyarətində olmuşdur. Xatırlayıram ki, onu müqəddəs yerə yola salanlar arasında Zakir Mirzə, Baxışəli Əliyev və mən də var idik. Həcdən qayıtdıqdan sonra onun evinə ziyarətə gələnlərin sayı-hesabı yox idi və onların sırasında biz də olmuşuq.
A.Sadıqov uzun sürən xəstəlikdən sonra, 2008-ci il aprelin 2-də haqq dünyasına qovuşmuşdur. Məzarı Yasamal qəbristanındadır.
Hacı Abutalıb bu dünyada yaxşı ad, dərin iz, gözəl xatirələr, maraqlı söhbətlər, dadlı-duzlu lətifələr, layiqli övladlar və nəvələr qoyub getmişdir.
Artıq neçə illərdir ki, onun anım günündə, Novruz bayramı ərəfəsində sənət dostları ilə Hacı Abutalıbın halal və bizə çox doğma olan ruzili, bərəkətli, zəngin süfrəli ocağına toplaşırıq. Hacı Abutalıbın oğlu Ağasadıq cəmiyyətdə və musiqi aləmində böyük nüfuz qazanmışdır. Bu səmimi, dərin əxlaqlı insan musiqi camesində, bizim hamımızın xeyir-şərində atası Hacı Abutalıb əvəzi olaraq iştirak edir. Ruhun şad olsun Hacı Abutalıb, sənin yurdunda, halal ocağında Ağasadıq kimi oğul və pak nəvələrin var.
ƏHSƏN RƏHMANLI
Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya