Azərbaycan Qarabağda əməliyyata başlayacaq - Deputat zaman verdi

2022-07-21 15:28:00

Azərbaycan Qarabağda əməliyyata başlayacaq - Deputat zaman verdi

Artıq bir müddətdir ki, Qarabağda qalan erməni silahlılarına qarşı antiterror əməliyyatının keçiriləcəyi ilə bağlı məlumatlar yayılır.

Bildirilir ki, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının şərtlərini yerinə yetirməkdən imtina edərsə, Azərbaycan antiterror əməliyyatları keçirə bilər. Bəzən hətta 3-cü Qarabağ müharibəsinin başlayacağna dair də iddialar gündəmə gəlir.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Parlament üzvləri Cebhe.info-ya danışıblar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Cebhe.info-ya açıqlamasında bildirib ki, belə məlumatları yaymaq ancaq insanları çaşdırmaq üçündür:

"Belə fikirləri səsləndirənlər bilirlərmi əsgərlikdə övladı olanlar hansı hissləri, narahatlıqları keçirir? Son vaxtlar baş verən hadisələr göstərir ki, ermənilər heç cür öz üzərlərinə götürdükləri, 10 noyabr sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmirlər. Birmənalı şəkildə sülhməramlı qüvvələrin üzərinə düşən missiyanı yerinə yetirməməsi bir daha göstərir ki, onlar zamanı uzadaraq status-kvonu saxlamaq istəyirlər. Buna görə Azərbaycan olaraq ərazimizdə heç bir beynəlxalq qanunları pozmayaraq antiterror əməliyyatı keçirə bilərik. Bu da silahlı münaqişəyə, qarşıdurmaya gətirib çıxara bilər. Məhz buna görə də ermənilər düşünməlidirlər ki, sülh imzalanmalıdır. Əks halda, bu, regional təhlükəsizliyə təhdidə, beynəlxalq təhlükəsizliyə gətirib çıxara bilər. Həmçinin hər hansı münaqişənin yenidən alovlanmasına şərait yaradar".

Deputat Azərbaycanın istənilən vaxtı antiterror əməliyyatı keçirə biləcəyini vurğulayıb:

"Sadəcə biz sülh imzalanması istiqamətində addımlar atırıq və bunu ermənilər başa düşməlidirlər".

Parlament üzvü keçiriləcək əməliyyatın nəticəsi kimi Azərbaycan ərazisində olan qanunsuz silahlı birləşmələrin çıxarıla biləcəyini deməklə yanaşı, qruplaşma üzvlərinin əsir götürüləcəyini və həbsləri də istisna etməyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı isə dünyada çox ciddi proseslərin getdiyi ərəfədə Azərbaycanın hələ öz problemlərini həll edə bilmədiyini deyib. Bunun fonunda deputat 3-cü Qarabağ müharibəsinin başlaması səbəbini ermənilərin avantürist siyasətində axtarmağın lazım olduğunu bildirib:

"Əgər Ermənistan imzalanmış bəyanatların müvafiq bəndlərini yerinə yetirməsə, Ermənistanın silahlı qüvvələrinin tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması həyata keçirilməzsə, ölkəmiz antiterror əməliyyatı başladacaq. 3-cü Qarabağ müharibəsini başlayacağını güman etmirəm. Çünki Ermənistanın buna gücü, imkanı da yoxdur. Ermənistanın gücsüz ordusu 44 günlük müharibədə darmadağın edildi. Həm canlı qüvvəsini, həm hərbi potensialını itirdi. Hansı qüvvə ilə Ermənistan Azərbaycanla müharibəyə başlayacaq? Rusiyanın özü də elə durumdadır ki, bu prosesə açıq şəkildə müdaxilə etmək imkanına malik deyil. Rusiya Ukrayna bataqlığında məhv olmaqdadır. Digər tərəfdən, qardaş Türkiyə ilə imzaladığımız müttəfiqlik müqaviləsi var. Ona görə də 3-cü Qarabağ müharibəsini gündəliyə gətirmək kifayət qədər əsaslı deyil və bu, Ermənistanın imkanlarını şişirtmək demək olardı. Əgər ölkə Prezidentinin son xəbərdarlığından Ermənistan hakimiyyəti ölçü götürməsə, silahlı birləşmələrini ərazilərimizdən çıxarmasa, antiterror əməliyyatı qaçınılmazdır".

Deputat bildirib ki, Ermənistan üçün müəyyən edilən şərtlər yerinə yetirilməsə, senytabr ayı üçün Azəbaycan antiterror əməliyyatına başlaya bilər:

"Ermənistanın Təhlükəsizlik Şurasının katibi rəsmi şəkildə açıqlama verib ki, sentyabra qədər Ermənistanın silahlı qüvvələrinin qalıqları oradan çıxarılacaq. Biz onu gözləyirik. Əgər sentyabrda çıxarılmasa, təbii ki, antiterror əməliyyatı başlaya bilər".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.084246