Saat:19:20
Haqqımızda

Azərbaycan parlamentinin 103 yaşı tamam olur

2021-12-07 15:55:00

Azərbaycan parlamentinin 103 yaşı tamam olur

Azərbaycan Milli Məclisinin - müsəlman şərqində ilk parlamentin “doğum günü” 103 il öncənin bugünkü günündə -7 dekabr 1918-ci il saat 13-00-də gerçəkləşib. Azərbaycan Cümhuriyyəti Parlamentinin sələfi sayılan Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə ilk iclasın açılışında sonralar dillər əzbəri olan “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri ilə Məclisi - Məbusan üzvlərini təbrik edib.

Azərbaycan Xalq Cümhuriyyətindən 6 ay az -17 ay yaşayan Azərbaycan Parlamentinin bu müddətdə 145 iclası keçirilib, 270 qanun layihəsi müzakirəyə çıxarılıb, 230-u  qəbul olunub . 120 deputatdan təşkil olunan Azərbaycan  Parlamentində ermənilərə 21, ruslara 10 yer verilsə də, hər iki fraksiya  ilk iclasda iştirak etməkdən imtina edib. Rus Şurası 1919-cu ilin 31 yanvarından, ermənilər isə fevraldan başlayaraq parlamentə qatılıblar.

İndiki Füzuli adına Əlyazmalar İnstitutunun (keçmiş Tağıyevin Qızlar seminariyasının) binasında yığılan qurucu babalarımız  parlamentin ilk sədrinin o çağlar İstanbulda dövlət adına görüşlər keçirən “Müstəqillər” fraksiyasından Əlimərdan bəy Topçubaşov olmasına səs veriblər. Sədrin birinci müavini Həsən bəy Ağayev, sədrin Bakıda olmaması nədənindən Parlamentin və  ilk iclasın sədri kimi tarixə düşüb.

1920-ci ilin 27 aprelində saat 20-45-də  Azərbaycan Parlamentinin iki saat qırx dəqiqə çəkən  son iclası “açıq qapı” şəraitində keçirilib və milli hakimiyyət zor qarşısında  bolşevik güclərinə verilib. Azərbaycan Demokratik Respublikasının yaradıcısı Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Parlamentinin 17 aylıq işinə “Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi” qiymətini verib.

1920-ci ilin 28 aprelindən Azərbaycan Parlamentinin binasından Azərbaycan xalqının yanıqlı ürəklərinə enən üçboyalı ay – ulduzlu Azərbaycan Bayrağı, nə yaxşı, indi bütün ölkə ərazisində ucalır. 103 yaşlı Parlamentimizin doğum günü  qutlu olsun! BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!

“Hürriyyət”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR