"Azərbaycan növbəti danışıqlara əlini kifayət qədər gücləndirərək qatılır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2022-12-16 13:25:00

"Xarici işlər nazirlərinin növbəti görüşü Moskvanın vasitəçiliyi ilə deyil, Brüssel formatında keçirilərsə, yeni danışıqlar üçün zəmin yarana bilər"

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir. Bu görüş Laçın yolunda baş verən proseslər fonunda baş tutacaq. Görüş həm də İrəvanın mövqeyində nələrin dəyişəcəyini göstərəcək". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan növbəti danışıqlara əlini kifayət qədər gücləndirərək qatılır: "Ermənistan bir il ərzində aparılan intensiv danışıqlar prosesini pozub. Həm Moskvada, həm də aktiv olan Brüssel formatı, həm də Vaşinqtonun vasitəçiliyi nəticəsiz qaldı. Demək olar ki, yola saldığımız ili itirilmiş il olaraq xarakterizə etmək olar. Halbuki, bu il ərzində sülh müqaviləsi bağlana bilərdi. Amma il ərzində bir çox məsələlərə aydınlıq gəldi və Azərbaycan son "yumşaq gücdən" istifadə edərək Qarabağda əsas təzyiq rıçaqlarının əlində olduğunu Ermənistana anlatdı".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, xarici işlər nazirlərinin növbəti görüşü Moskvanın vasitəçiliyi ilə deyil, Brüssel formatında keçirilərsə, yeni danışıqlar üçün zəmin yarana bilər: "Artıq Avropa İttifaqı da Ermənistanın sülh müqaviləsinin yayınmasından və Rusiyanın vasitəçiliyinə üstünlük verməsindən narahatdır. Qeyd edim ki, sülhü və təhlükəsizliyi təhdid edən Rusiyadır. Odur ki, Moksvanı prosesdən uzaqlaşdırmaq üçün ciddi mexanizmlər işləyib tapmaq lazımdır. Türkiyə faktoru isə ən optimal variantdır. Avropa İttifaqı da bu kontekstdə Ankaranın vasitəçiliyini irəli sürüb. Xarici işlər nazirlərinin görüşündə Türkiyənin vasitəçiliyi danışıqlar predmeti olacaq. Ermənistan Türkiyənin vasitəçiliyinə razı olarsa, bu, Ankara İrəvan əlaqələrinin inkişafına zəmin yaradacaq. Hazırda iki ölkə arasında normallaşma prosesi başlayıb. Ona görə də Türkiyə faktoru Cənubi Qafqazda əsas sülhün təminatçısı ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135258