Azərbaycan müxalifətinin Soçi görüşünə təpkisi: “Rusiyanın “tərcüməçiliyinə“ ehtiyac yoxdur“

2021-11-24 14:33:00

Azərbaycan müxalifətinin Soçi görüşünə təpkisi: “Rusiyanın “tərcüməçiliyinə“ ehtiyac yoxdur“

Dekabrın 15-i Brüsseldə İlham Əliyev və Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Görüşün keçiriləcəyi ilə bağlı xəbərlərin yayılmasından dərhal sonra Rusiya hərəkətə keçdi və Putinin iştirakı ilə noyabrın 26-sı Soçidə üçtərəfli görüş baş tutacaq. Qərb və Rusiyanın Qarabağ münaqişəsinin həllində təşəbbüsü əldən verməmək cəhdi aşkar hiss olunur.

Bəs, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas rolu kim oynayır?

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında tərəflərin bütün problemləri öz aralarında həll edilməli olduğunu bildirib:

“Problemlərin həllini üçüncü tərəf öz üzərinə götürür. Ümumiyyətlə, bu məsələdə Azərbaycan üçün faydalı ölkə Türkiyə ola bilər. Çünki başqa heç bir ökə Azərbaycanın maraqlarını güdmür”.

Sərdar Cəlaloğlu ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub:

“Bundan sonrakı proseslərdə ATƏT-in iştirakı üçün hüquqi əsas yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Ermənistan və Azərbaycanın əsas rolu öz üzərinə götürməsinin vacibliyini qeyd edib:

“Bakı və İrəvan qəti şəkildə deməlidirlər ki, bizə Rusiyanın tərcüməçiliyi lazım deyil. Rusiya keçmiş SSRİ və indiki MDB məkanında söz sahibliyini saxlamaq üçün bu cür addımlar atır. Azərbaycan isə bu məsələdə astagəllik edir”.

M.Mirəlioğlu Soçi görüşü haqqında fikirlərini səsləndirib:

“Azərbaycan tərəfi bu görüşə getməməlidir. Bu görüş Rusiyanın diqtəsidir, Kremlin planına, layihəsinə uyğundur. Bir müddət öncə də həmin görüşlə bağlı məlumatlar yayılırdı. Bu, nəbzi yoxlamaq üçündür”.