AZƏRBAYCAN MUSİQİ SƏNƏTİNDƏ VƏ DÜNYA KLARNET İFAÇILARI SIRASINDA HAKİMİN ÖZ YERİ VAR - Əhsən Rəhmanlı yazır
Hakim Abdullayev çox böyük musiqiçi, mahir klarnet ifaçısı olaraq vətəndən kənarda da tanınır, sevilir və təqdir olunur. Çox əfsus ki, hələ də bizdə ona kifayət qədər dəyər verilməyib. Hakimi dünyanın ən mahir klarnet ifaçılarından Vasilis, İbo Papazov, Okka, Hüsnü Şənləndirici və başqaları da tanıyır, onun ifasına yüksək qiymət verirlər.
Son illərdə Okka Bakıda olarkən Hakimlə birlikdə TV-lərdə çıxış etmişdi.
Vasilis nümunəvi sənət adamı olaraq çox təsirli ifa göstərir. Həqiqətən klarnet belə sənətkarların əlində sehrlənir və insanlarla danışır. O, Hindistan qaraçısıdır, Yunanıstanda yaşayır. Bu adam İsrail, Türkiyə və başqa ölkələrə qastrol səfərlərinə dəvət olunur.
1988-ci ildə bəstəkar, əməkdar incəsənət xadimi Eldar Mansurovun “Bayatılar” mahnısını əməkdar artist (haz.x.a) Brilliant Dadaşova oxuyaraq radio və disklər üçün yazdırır. Bu mahnıda Hakim solo çalır. Mahnı dünyaya yayılaraq geniş populyarlıq qazanır. Əslində bu əsərin sevilməsində Hakimin ifasının da müəyyən təsiri var. Hazırda bu mahnı dünyanın əksər ölkələrində, müxtəlif dillərdə oxunur və solo kimi çalınır.
1995-ci ildə Vasilisin Almaniyada “Omeqa vayb” (əslində “Omeqa vibes”) albomu çıxıb. O, “Bayatılar” mahnısını eynən bizdə çalınıb-oxunan tonallıqda, emiqma ritmində (eynən həmin əsərdəki ritm kimi) ifa edib və muğam gəzişmələrini Hakimin ifasından tam bəhrələnərək çalıb.
Bolqarıstanın məşhur klarnet ifaçılarından biri Kutti Azərbaycana gəlir və mahir qarmon ifaçısı Xanlar Cəfərovla görüşür. Bu zaman Hakimlə maraqlandığını, ifası ilə tanışlığını da bildirir. Xanlar onu Hakimlə görüşdürərək yaxından tanış edir. Kutti Hakimin ifasında lirik, həzin melodiyalar və muğamlara heyran olduğunu dilə gətirir.
1980-ci və 1986-cı illərdə Hakim Abdullayevin kasetləri çıxaraq Azərbaycan, Zaqafqaziya, İran, Türkiyə və bir sıra ölkələrə yayılmış, sənətkara məşhurluq və dərin sevgi qazandırmışdı. Bu kasetlərdə zəngin repertuar sərgilənirdi. Beləki, Azərbaycan, İran, Türkiyə, hind, ərəb mahnıları qrupla birlikdə əla qaydada ifa olunmuşdu. Bu zaman onun ifa qaydası, tembri, ürəyi və repertuarı erməni klarnet ifaçıların da diqqətini çəkmiş, çox da rahatsız edərək onların yuxularını ərşə çəkmişdi. Bu üslub, ifa erməni klarnetçalanlarını Hakim sənətindən bəhrələnməyə sövq etmişdi. Xeyli sonralar artıq erməni sənətçilərdən bir neçəsi Hakim kimi çalğı sərgiləməyə çalışdılar.
Məqsədə qayıdaq. 1986-cı ildə işıq üzü görən kasetdə Hakimlə birlikdə Xanlar Cəfərov və say-seçmə instrumentalistlər də qrupun tərkibində olub. Xanlar bu iki kaseti və “Ümid” ansamblının ifalarını Kuttiyə hədiyyə verir. Kutti məmnun olur və deyir: “Bunları aparacağam İbo Papazov da dinləsin. İbo Hakimin ifasını çox bəyənir. O, bu ifaları dinləyib raki içəcək və ağlayacaq”.
İbo Papazov Bolqarıstan türküdür və həmin ölkədə yaşayır. O, da Hakim sənətinin xiridarıdır.
Hamıya aydındır ki, Hakim sənət meydanına çıxanda Türkiyə klarnet üslubu ilə tanınaraq sevilib. Çox maraqlıdır ki, onun ifası Türkiyədə yayılanda, sevilməklə bərabər, oradakı klarnetçalanların çalğısına müəyyən qədər təsir də göstərib. Belə ki, Hakimə qədər türk ifaçılar əsasən Mustafa Kandralı üslubunda çalırdılar.
Haşiyə: “Mustafa Kandralı böyük sənət adamı və dünya səviyyəli musiqiçi olub. O, doğulduğu bölgənin, vətəninin adını özünə soyad götürüb. Türkiyədə Kocaeli vilayətinin Kandra rayonu var.
Mustafanın repertuarı çox geniş olub. Bura müxtəlif janrlı ifalar daxil idi:-çiftəlilər (çiftətelli, zeybək, bəyoğlu və s.), roman havaları (bura bolqar, rumın, macar üslublu havalar-asta, orta, iti ritmli melodiyalar daxildir). O, istər müğənnilərlə işləmələrdə, istərsə də solo ifalarında taksimlər, uzun havalar (muğam janrı), türk sanat muziği nümunələrini də çalırdı. Mustafanın davamçıları da bu yöndə idilər. Belə melodiyalar türk klarnet sənətinin ifa qaydalarını bilavasitə öz təsiri altında saxlamışdır. Lakin sonra yumşaq, həzin, lirik ifaya və bu qaydada olan musiqi nümunələrinə meyl yarandı. Həmin istiqamət, qayda, forma-biçim indi də davam etməkdə və öz təsir qüvvəsini saxlamaqdadır”.
Hakimdən daha çox işlər gözləyirik. O, bu sahədə daha böyük naiiyyətlər əldə edə bilər və buna hər zaman qadirdir. Yaşa dolduqca bunlara nail ola bilməyəcək. Onun təvazökarlığı bəzi işlərinin qarşısını alır. Bu xasiyyəti kənara qoymaq lazımdır. Bizim cəmiyyətdə təvazökarlıq heç nəyə lazım deyil. Təvazökar olanları dəyərləndirmir və bastayıb keçirlər. Hakim öz qüdrətli sənətinin hakimi, sahibi olaraq durmadan irəli getməlidir. Bzi binu ondan yalnız xahiş deyil, həm də tələb edirik. Axı hamı Hakim deyil. Allah ona bu istedadı veribsə, daha həvəslə, enerji və məsuliyyətlə çalışmalıdır. Onun yaradıcılıq gecəsi keçirilməli, ustad dərsləri təşkil olunmalıdır.
Hələlik bu qədər. Əziz izləyicilər, vaxt mənə imkan versə, sizə Hakim Abdullayev haqqında oçerk təqdim edəcəyəm. Ümumiyyətlə Azərbaycan klarnet ifaçılığı barədə geniş fikir bildirəcəyəm. Maraqlananlar izləsin.
Əshən RƏHAMNLI