Saat:08:49
Haqqımızda

“AZƏRBAYCAN MÜHARİBƏDƏ QƏLƏBƏ QAZANDI, İNDİ İSƏ...” - Xorvatiya Respublikasının ölkəmizdəki Səfiri ilə müsahibə

2021-08-05 11:24:00

“AZƏRBAYCAN MÜHARİBƏDƏ QƏLƏBƏ QAZANDI, İNDİ İSƏ...” - Xorvatiya Respublikasının ölkəmizdəki Səfiri ilə müsahibə

Branko Zebiç: “Azərbaycan yalnız regional deyil, qlobal gündəmi, qlobal məsələləri həll etməyə çalışır”

 

Xorvatiyanın yerləşdiyi Balkan yarımadası Cənubi Qafqaz kimi hər zaman böyük güclərin maraqlarının kəsişmə nöqtəsi olub, bölgə daim etnik münaqişələrdən əziyyət çəkib. Bəlkə elə buna görədir ki, Zaqrebdə Bakının Cənubi Qafqazda davamlı sülh əldə olunmasıyla əlaqədar təşəbbüslərini yaxşı anlayır və dəstək verirlər. Xorvatiya şirkətləri Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərində yaxından iştirak etməyə maraq göstərirlər. Zaqreb, həmçinin Azərbaycanla minaların təmizlənməsi, turizm, İT sektorunda əməkdaşlıq üçün müzakirələr aparır.

“AzPolitika.info”-nun Xorvatiya Respublikasının ölkəmizdəki Səfiri Branko Zebiç ilə müsahibəsində yuxarıda qeyd edilən məsələlərlə yanaşı, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər və Bakının beynəlxalq təşəbbüsləri kimi mövzulara da toxunulub:

- Cənab səfir, müsahibəmizi qeyri-siyasi mövzu ilə başlamaq istərdim. Xorvatiyanın futbol üzrə yığmasının Avropa çempionatındakı çıxışını necə qiymətləndirirsiniz? Gözləntiləriniz doğruldumu?

-- Deyə bilərəm ki, gözləntilər təsdiqləndi. Xüsusən, biz futbol azerkeşləri və ölkə olaraq Xorvatiya bu çempionatdan razı qaldı. Moskvada keçirilən futbol üzrə Dünya Çempionatının nəticələrinin təkrarlanacağı gözlənilmirdi, çünki yeni nəsil, çox istedadlı və eyni zamanda gənc futbolçularımız var. Qrup mərhələsini keçmək belə bizim üçün, Xorvatiya üçün bir uğurdur. Bundan sonra bir oyun qazandıq. 1/4 finala çıxa bilmədik, çünki Avropa çempionatında ən yaxşı oyunlardan birində, Xorvatiya - İspaniya oyununda məğlub olduq. Əsas vaxtın sonuna hesab 3-3 oldu və əlavə vaxtda İspaniya 2 qol vurub 3-5 hesabl ilə oyunu başa çatdırdı. İnanılmaz bir oyun oldu, buna görə çox razı qaldıq. Xorvat futbolu bir yerdə dayanmır, inkişaf edir və komandamızın bir neçə ildən sonra ən yaxşı komandalardan birinə çevriləcəyinə inanıram.

- “Futbolla siyasət yanaşı addımlayır” deyirlər. Futboldan sonra siyasətə keçə bilərik. Bu günlərdə Xorvatiyanın eks-prezidenti İvo Yosipoviç “Qərbi Balkanlarda vəziyyətin dəyərləndirilməsi: irəliyə doğru” mövzusunda keçirilən videokonfransda deyib ki, Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. O, həmçinin gözlənilən VIII Qlobal Bakı Forumunun müxtəlif coğrafi regionlarda yaşayan insanların birləşdirilməsində praktiki olaraq əvəzedilməz rol oynadığını qeyd edib. Eks-prezidentin dəyərləndirməsini Zaqreb-Bakı münasibətlərinə uyğun yanaşma saymaq olarmı?

- Xorvatiya Hökumətinin rəsmiləri Qlobal Bakı Forumunda iştirak etmir, yalnız keçmiş prezidentlərimiz, baş nazirlərimiz, parlamentin sədrləri iştirak edir. İllərdir bu Forumu izləyirəm, şəxsən, mən keçmiş Prezident Yosipoviçin sözlərinə qatılıram. Həqiqətən Qlobal Bakı Forumu müxtəlif coğrafi bölgələrdə yaşayan insanları, xüsusən də indiki pandemiya şəraitində bir araya qətirən misilsiz bir tədbirdir. Biz bunu yüksək qiymətləndiririk və buna həqiqətən müsbət baxırıq. Əlavə edərdim ki, nəinkiQlobal Bakı Forumu, həm də ümumiyyətlə, Azərbaycan öz xarici siyasəti, eləcə də Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatında sədrlik çərçivəsində peyvəndlərin paylanmasıyla qlobal gündəliyə qatqı verir. Yəni bunların hamısı onu göstərir ki, Azərbaycan yalnız regional deyil, qlobal gündəmi, qlobal məsələləri həll etməyə çalışır.

- Təcrübəli və uzun müddət münaqişələrdən əziyyət çəkən bir coğrafiyadan olan diplomat kimi indiki prosesləri müşahidə edərkən Cənubi Qafqazda davamlı sülhün yaranmasının zəminləri barədə hansı düşüncələriniz var?

- Xorvatiya Avropa İttifaqına üzv dövlət olaraq, böhranın sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin sülh danışıqları müvəfəqiyyətlə başa çatmadı, buna görə də hal-hazırda post-müharibə vəziyyətidir. Düşünürəm ki, davamlı sülh üçün əsaslı zəminlər var. Azərbaycan Birinci Qarabağ Müharibəsi zamanından işğal altında olan torpaqlarının böyük hissəsini geri qaytardı.

Vurğulamaq istərdim ki, Azərbaycan müharibədə qələbə qazandı, ancaq indi sülh qazanmaq üçün başqa bir “döyüş” var. Beləliklə, barışıq prosesi Azərbaycanın qarşısındadaha bir çağırış olaraq qalır. Bu təcrübəni illərlə Xorvatiyada yaşamışıq. Bölgədəki davamlı sülh üçün barışıq cəmiyyətlərin barışığı deməkdir. Mən ümid edirəm ki, bu bölgədən olan bütün qaçqın və köçkünlər geri qayıdacaq, Azərbaycan və Ermənistan əməkdaşlıq etməyə başlayacaq.

- Bildiyimiz kimi, Azərbaycan Avropa İttifaqı ilə yeni Saziş imzalamağa hazırlaşır. Səhv etmirəmsə, ötən ilin əvvəlində Xorvatiya Avropa İttifaqı Şurasına sədrlik edirdi və elə o zaman da yeni Saziş layihəsi əsasən hazırlanmışdı. Avropa İttifqaı - Azərbaycan münasibətlərini necə görürsünüz? Sizcə, Azərbaycan ikitərəfli münasibətlərdən daha çox yararlanmaq üçün hansı məsələlərə diqqət etməlidir?

- İllərdir Azərbaycanla danışıqlar apardığımız bir saziş layihəsi var. Düşünürəm ki, sazişlə bağlı danışıqlar 5-6 ildir davam edir. Bu, çox vacibdir. Bu, Aİ ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərimizi maliyyələşdirmək üçün ətraflı bir sazişdir. Yaxşı xəbər odur ki, Avropa Komissarı Oliver Varhelyinin son səfəri zamanı bəzi müsbət nəticələr əldə olunub və, mənim məlumatıma görə, saziş layihəsini yekunlaşdırmaq üçün çox qısa müddətdə yenidən prosesə başlayacağıq.

 

 

- Son illər SSRİ dağıldıqdan sonra Avropa İttifaqına(Aİ) üzv olan ölkələrin iri Qərbi Avropa ölkələrindən və Brüsselin dotasiyalarından asılı vəziyyətə düşməsi, böyük dövlətlərinsə bu İttifaqdan daha çox fayda götüməsilə bağlı müzakirələr açılıb. Siz bu fikirləri və müzakirələri necə şərh edərdiniz? Zaqreb Aİ-nin perspektivini necə görür?

- Yalnız böyük Aİ ölkələrinin bu təşkilatdan daha çox faydalanması barədə fikirlə razı deyiləm. Düşünürəm ki, Aİ minillik bir layihədir və hamı bu təşkilata üzv olmaqdan faydalanır. Yalnız bir məsələni qeyd edəcəyəm. Keçən həftə Pelyeşaç körpüsünü yenicə bitirdik və Xorvatiya ərazisini birləşdirdik. Bu, Xorvatiyanın tək reallaşdırması üçün çətin ola biləcək böyük bir layihə və tarixi məqamdır. Bu layihənin həyata keçməsi Aİ-nin ayırdığı maliyyə ilə mümkün oldu, əks təqdirdə xarici borcumuz daha da artacaqdı. Pelyeşaç körpüsü 420 milyon avro dəyərində bir layihədir və bu məbləğdən 357 milyonu və ya 85 faizi Aİ tərəfindən maliyyələşdirilib.

İkinci nümunə. Keçən il böyük zəlzələlər baş verdi və Aİ böyük həmrəylik nümayiş etdirdi. İttifaqa üzv olmaq yaxşıdır və düşünürəm ki, Aİ böyük ölkələr kimi kiçik ölkələr üçün də önəmlidir.

- Ötən il iyulun 6-da Xorvatiyada parlament seçkiləri keçirildi və iqtidarda olan Xorvat Demokratik Birliyi Partiyası qalib gəldi. Eyni zamanda bilirik ki, ölkənin iqtisadi inkişafının təmin olunması ilə bağlı ciddi vəzifələr var. İqtisadiyyatın geriləyəcəyinə dair proqnozlar var. Yeni hökumət hansı tədbirləri planlaşdırır və Brüssel ona kifayət qədər dəstək verirmi?

- Yaxşı sualdır. Deməli, 2020-ci ildə gerilmə 8,4 faiz təşkil etdi. Bu il üçün 5 faiz artım gözləyirik. Avropa Komissiyasının da eyni gözləntisi var. Aİ-nin köməyi ilə əlaqədar olaraq deməliyik ki, “Covid-19” pandemiyası nəticəsində yaranan ciddi iqtisadi böhrana Brüssel "Bərpaolunma və Dayanıqlılıq" adlı xüsusi mexanizmlə reaksiya verdi. Bir neçə həftə əvvəl Avropa Komissiyası "Bərpaolunma və Dayanıqlılıq" çərçivəsində Xorvatiya planını qəbul etdi. Bu plana əsasən Xorvatiya yaxın bir neçə il üçün 6,3 milyard avro qrant alacaq.

"Bərpaolunma və Dayanıqlılıq" planından alınan bu 6.3 milyard avro, Xorvatiya ÜDM-nin 12 faizindən çoxdur və Aİ-dəki orta göstəricidən yüksəkdir.

Ümumiyyətlə, bu quruma üzv olmağımız sayəsində Xorvatiya yaxın on ildə 30 milyard avro əldə etmiş olacaq. Yəni iqtisadiyyatı bərpa etmək üçün əlimizdə yalnız "Bərpaolunma və Dayanıqlılıq" planı deyil, eyni zamanda Aİ büdcəsindən hissəmiz var. Odur ki, Aİ-nın bir hissəsi olmaq çox böyük fayda gətirir.

- Azərbaycan-Xorvatiya münasibətlərini, ölkələrimiz arasındakı əməkdaşlıq səviyyəsini necə dəyərləndirirsiniz? Əməkdaşlığın inkişafı üçün hansı planlar var, hansı yeni təşəbbüslərə ehtiyac görürsünüz?

- Azərbaycan-Xorvatiya münasibətlərini yüksəsk qiymətləndirirəm. İkitərəfli və çoxtərəfli formada çox yaxşı siyasi əməkdaşlığımız var. Təəssüf ki, mövcud pandemiya ilə bağlı vəziyyət bu əməkdaşlığı genişləndirməyimizə mane oldu. Lakin biz, xüsusən də iqtisadiyyat sahəsində geniş əməkdaşlıq etməyə başlamışıq. Xorvatiyanın Azərbaycanla bu xüsusi məqamda daha yaxından əməkdaşlıq etmək və Qarabağın bərpasında iştirak etmək üçün bir neçə planı var. Torpaqları minalardan təmizləmədə dünya təcrübəmiz var, azad edilmiş bölgələr üçün vacib olan bərpa olunan enerji layihələri ilə məşğul olan Xorvtiya şirkətləri mövcuddur.

Həmçinin, bu yaxınlarda İT şirkətləri Azərbaycana səfər etdilər. Gələcəkdə perspektiv gördüyüm sahələrdən biri də turizmdir. Nəhayət, sərhədlər açıldıqdan sonra Bakıda Xorvatiya turizminin böyük bir təqdimatını təşkil etməyi planlaşdırırıq, bu müddət ərzində tur operatorları ilə müqavilələr imzalanacığını gözləmək olar və bundan sonra növbəti mövsüm üçün Xorvatiyaya çarter uçuşlarının təşkili ilə məşğul ola bilərik. Turizm yalnız Xorvatiya üçün çox vacib bir iqtisadi sahə kimi deyil, həm də insanlar arasında əlaqələrin olması üçün vacibdir. Düşünürəm ki, hələlik Azərbaycan və Xorvatiya xalqları bir-birilərini yaxşı tanımır. Buna görə də, bir araya gəlmək və əməkdaşlığımızı bütün sahələrdə genişləndirmək üçün bu, çox yaxşı bir fürsətdir.

- Turizmdən söz düşmüşkən, Xorvatıyanın Ümumi Daxili Məhsulunun 20 faizi turizm sektorundan formalaşır. Azərbaycan da turizmi inkişaf etdirməyə çalışır. Ölkəmizdə turizmin inkişafı ilə bağlı bir kənar müşahidəçi olaraq nə düşünürsünüz və hansı tövsiyyəlləri verərdiniz?

- Bu, doğrudur və hətta 20 faizdən də çox – turizm sektoru Xorvatiya ÜDM-nin 24 faizini təşkil edir. Çox yaxşı bilirəm ki, Azərbaycan neft və qazdan sonra iqtisadiyyatın şaxələndirilməsi planının bir hissəsi olaraq turizm sektorunu da inkişaf etdirmək üçün çox çalışır. Bu, doğru istiqamətdə atılan bir addımdır. Bir diplomat kimi Azərbaycan hökumətinə bir şey tövsiyə edə bilmərəm, amma əminəm ki, onlar turizmi inkişaf etdirmək üçün əllərindən gələni edəcəklər. Təkcə onu deyə bilərəm ki, nəhayət, Qarabağla, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və Şuşa ilə, turizmi inkişaf etdirmək üçün potensialınız var. Turizmlə bağlı onu da əlavə edə bilərəm ki, bu, asan bir sektor deyil. Avstriya-Macarıstan İmperiyasının tərkibində olduğu zamandan başlayaraq - yüz ildən çoxdur ki Xorvatiyada turizm inkişaf etdirilir. Turizm üçün yaxşı akademiyalarımız, məktəblərimiz var və bu sektor gələcəkdə əməkdaşlıq edə biləcəyimiz sahələrdən biridir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR