Saat:03:30
Haqqımızda

Azərbaycan müdafiə nazirinin İran səfərinə baxış

2022-01-29 00:25:00

Azərbaycan müdafiə nazirinin İran səfərinə baxış

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Tehrana səfəri zamanı İran İslam Respublikasının prezidenti, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə naziri də daxil olmaqla, bir sıra rəsmi şəxslərlə görüşüb, iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələlərini müzakirə edib.

 

İran prezidenti Seyid İbrahim Rəisi çərşənbə günü Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Görüş zamanı Rəisi bildirib ki, Tehran-Bakı münasibətləri sadəcə hansısa iki ölkə arasında ikitərəfli əlaqə deyil. “İranla Azərbaycanı təkcə qohumluq əlaqələri birləşdirmir. Bizim xalqlarımız arasında dərin münasibərlər var. Bu münasibətlər ümumi dini prinsiplərə, inanca əsaslanır. Bu münasibətlərin qədim tarixi var və o, hər zaman güclü olub”, - deyə İranın dövlət başçısı bildirib.

 

Zakir Həsənov isə İran rəsmiləri ilə apardığı danışıqların son dərəcə faydalı, səmərəli keçdiyini, gələcək əməkdaşlıq üçün irəli addım olduğunu söyləyib.

 

Qeyd edək ki, son aylarda Azərbaycan tərəfinin bəzi bəyanatları iki ölkənin münasibətində müəyyən gərginliyə səbəb olmuşdu. 2021-ci il sentyabrın əvvəlində isə Azərbaycan Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirmişdi. O zaman bu təlimdən 2 həftə sonra İran Ordusu Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlamışdı.

 

Lakin qısa sürən gərginlik və fikir ayrılıqlarından sonra hər iki tərəf qonşu ölkələr olan İranla Azərbaycan arasında mübahisələrin həllinin vacibliyini bəyan edib. Nəticədə 2021-ci il noyabrın 28-də İran və Azərbaycan prezidentləri Türkmənistanın paytaxtında bir araya gəlib, danışıqlar aparıblar. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin qorunub saxlanmasının əhəmiyyəti vurğulanıb.

 

Elə həmin görüş zamanı tərəflər arasında Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqlinə dair müqavilə də imzalanıb. Sənədə əsasən, İran Türkmənistandan ildə 1,5-2 milyard kubmetr qaz alacaq, eyni həcmdə “mavi yanacağ”ı Astara sərhədindən Naxçıvan Muxtar Respublikasına ötürəcək.

 

Ümumiyyətlə, istər İran, istərsə də Azərbaycan enerji resursları hasilatı sahəsində qabaqcıl ölkələr sırasındadır. Onlar regional və qlobal enerji bazarında əməkdaşlıq səviyyəsini artırmaq üçün yaxşı potensiala malikdirlər. Son illər iki ölkənin neft bazarında yürütdüyü siyasət də oxşardır.

 

Ötən ilin 11 ayında İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30% artıb.

 

Bundan başqa, hər iki dövlət İqtisadi Əməkdaşlıq Təşkilatının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, onların regional maraq və məqsədlərinin reallaşmasında mühüm əhəmiyyət kəsb edir.

 

Qərbi Asiya və Qafqaz regionunda bəzi böhranlar, ixtilaflar və xüsusən də xarici müdaxilələr nəticəsində yaranmış vəziyyət terrorçuların burada mövcudluğuna, eləcə də bölgədə sabitlik istəməyən və öz siyasi-iqtisadi məqsədlərini güdən rejimlərin təxribatına zəmin yaradır. Xüsusilə İsrail və ABŞ davamlı olaraq ixtilaflar yaratmağa, müxtəlif böhranlar nəticəsində müsəlman ölkələrinin yaxınlaşmasını əngəlləməyə, regionda sabitliyi pozmağa çalışır. Bu mənada, İran-Azərbaycan sərhədi də daxil olmaqla, regionda qeyri-sabitlik yaratmağa çalışan qüvvələrlə mübarizə üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq vacibdir.

 

İran prezidenti də Azərbaycanın müdafiə naziri ilə görüşdə ölkəsinin təhlükəsizliyi təmin etmək gücündə olduğuna diqqət çəkib: “Təkfirçi və İŞİD qüvvələrinin mövcudluğu heç bir bölgədə xalqların maraqlarına xidmət etmir. Bu qruplaşmalar hər yerdə yalnız cinayət törədirlər”.

 

Reallıq budur ki, qonşuluq, ümumi din və tarix, dəniz və quru sərhədləri, ortaq təhlükəsizlik və iqtisadi maraqlar İranla Azərbaycanın ikitərəfli və regional çərçivədə sıx əməkdaşlıq etməsi zərurətini yaradır. Bu, hər iki ölkənin maraqlarına uyğun olmaqla yanaşı, həm də regional təhlükəsizlik və sabitliyin qarantıdır.

 

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Müəllif: Həsən Əqiqi Salmasi

Mənbə: İranpress

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR