Saat:02:23
Haqqımızda

Azərbaycan komandoları son hazırlıqlar içində - İrəvan sülh dilini anlamasa...

2022-01-28 09:43:00

Azərbaycan komandoları son hazırlıqlar içində - İrəvan sülh dilini anlamasa...

Yeni çevik qüvvələrin daha bir təyinatı; erməni tərəfi odla oynamağa son verməlidir, çünki...

Yarımçıq sülh və ya sabitlik olmur. Hamiləlik kimi, o, ya var, ya da yoxdur. Yoxdursa, deməli, alternativi olacaq - müharibə. Çünki onlardan biri yoxsa, digəri qaçılmaza çevrilir. Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonrakı durum da indi aşağı-yuxarı təxminən belədir: müharibə sona çatıb, amma sülh də gözə dəymir. Niyə?

Ona görə ki, tərəflər sülh müqaviləsi imzalamayıb. O səbəbə ki, kapitulyant Ermənistan ərazi bütövlüyümüzü tanımağa tələsmir. Orada hələ də xəyal edirlər ki, nə vaxtsa regionda və ya dünyada geosiyasi şərtlər və konyunktura onların xeyrinə dəyişəcək. Odur ki, vaxtı maksimum uzatmağa çalışır, ənənəvi erməni hiyləgərliyi ilə oyun oynayırlar.

*****

Rəsmi Bakı isə məğlub tərəfə düşünmək üçün yayın ortasına kimi vaxt verib. Həmin zamanadək İrəvan xüsusən də 10 noyabr üçtərəfli sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi yönündə kardinal addımlar atmalıdır.

Məsələn, Azərbaycan ikinci ildir Laçın dəhlizinin təhlükəsiz fəaliyyətinə şərait yaradıbsa, Ermənistan da Zəngəzur dəhlizinin işə düşməsi üçün gərəkən işlərin görülməsini sürətləndirməlidir (9-cu bənd).

Yaxud həmin sənədin bu günədək reallaşmamış qalan 4-cü bəndi: qanunsuz silahlı qüvvələrin qalıqlarının Qarabağdan çıxarılması.

Nəhayət, sərhədlərin delimitasiyası və demarkasiyası. İlin ilk ayı başa çatır, ancaq İrəvan əldə olunan razılaşmaya məhəl qoymayaraq hansısa şərtlər irəli sürməyə cəhd edir. Halbuki bu ay ikitərəfli komissiya yaradılmalı idi...   

*****

Oxu.az - Vitali Arkov: Ermənistan fəlakətə yalnız Moskvanın dəstəyi  sayəsində düçar olmadı - EKSKLÜZİV

Vitali Arkov 

PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, tanınmış rusiyalı ekspert Vitali Arkov düşünür ki, Ermənistanın bu qəbildən hərəkətləri, nala-mıxa vurmaları və vaxtı süni şəkildə uzatmaq cəhdləri yeni müharibəyə gətirə bilər. 

“Prezident İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ istənilən halda həll olunacaq. Burada sözsüz ki, güc tətbiqi istisna edilmir. İrəvan öz öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, bu, mütləq Ermənistanla yeni müharibəyə gətirib çıxaracaq”, - deyə o qeyd edib.

Hurriyyet.az-ın məlumatına görə, bu haqda o, Axar.az-a müsahibəsində bildirib.

“İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı öhdəliklərindən imtina edəcəyi təqdirdə də Azərbaycan güc tətbiq edə bilər. Bunu həmçinin sülh müqaviləsinin icrasına aid etmək olar. Qarabağa gəlincə, bu ərazilər dünya birliyi, o cümlədən Kreml tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Burada sual qalmayıb”, - rusiyalı ekspert əlavə edib.

*****

 

Rusiya Strateji Araşdırmalar İnstitutunun analitiki, Cənubi Qafqaz üzrə mütəxəssis Konstantin Tasitsın fikrincə isə çətin ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə olsun: “Biz hazırda görürük ki, tərəflər mövcud problemləri siyasi və diplomatik üsullarla həll etməyə hazır olduqlarını nümayiş etdirirlər. Həm İrəvan, həm də Bakı kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyasının tərəfdarıdır. Ayrı-ayrı ziddiyyətlər yalnız müəyyən aspektlərə aiddir. Məsələn, sülh müqaviləsinin icrasında İrəvan tərəfinin müəmmalı mövqeyi. Çünki tərəflərin hər biri maksimum fayda əldə etməyə çalışır. Amma bütün bu fikir ayrılıqlarını qarşılıqlı kompromis yolu ilə həll etmək olar. Amma istisna etmək olmaz ki, Ermənistanla Azərbaycan arasında danışıqlar çıxılmaz vəziyyətə gəlib çatarsa, o zaman güc elementlərinin tətbiqi də daxil olmaqla, qarşıdurma ehtimalı xeyli artacaq”.

Yəni yenə müharibə riski gündəmə gəlir...

*****

Oxu.az - Aleksandr Perenciyev: “Ermənistan əvvəlcə yeddi rayonu azad  etməlidir” - ŞƏRH

Aleksandr Perenciyev 

Öz növbəsində digər tanınmış rusiyalı analitik Aleksandr Perenciyev hesab edir ki, İrəvanla sülh yolu hələ bitməyib. Onun sözlərinə görə, mövcud maneələri dəf etmək üçün üçtərəfli işçi qrupu çalışır: “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həll, sülh müqaviləsi danışıqlarının başlanması ilə bağlı məsləhətləşmələr aparılır”.

Rusiyalı ekspert Ermənistanın sülh prosesinə daimi maneə yaradacağı təqdirdə Azərbaycanın təkliflərdən imtina edəcəyi barədə mülahizələrə də toxunub: “Yeni müharibə 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatları ilə müəyyən edilmiş sülh prosesinə ciddi zərbə vurar. Müharibəyə tələsməyin. Azərbaycanla Ermənistan arasında problemlərin sülh yolu ilə həlli mexanizmləri hələ tükənməyib. Azərbaycanın özünün isə pul yatırmaq üçün daha uğurlu yeri var - işğaldan azad edilmiş ərazilərin inkişafına”.

*****

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına qısa BAXIŞ

Bu arada məlumat yayılıb ki, Türkiyə Ordusunun Azərbaycanda fəaliyyət göstərən hərbi qrupunun komandanlığı Azərbaycanın Quru Qoşunlarında komando təlimləri keçirir. Xəbəri Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, yanvarın 17-də başlayan və çətin relyef və hava şəraitində keçirilən təlimlər yanvarın 30-dək davam edəcək. Təlimlərdə əsas məqsəd komando bölmələrinin döyüş qabiliyyətini artırmaqdır.

Aydındır ki, məxsusən Qarabağda yerləşdirilən yeni çevik hərbi birləşmələrimizin hədəflərindən biri yeri gələndə ərazimizdəki qanunsuz erməni silahlı dəstələrinə qarşı lokal antiterror əməliyyatı aparmaqdır. Necə deyərlər, ermənilər bu dəfə də ağıllarını başlarına yığmasalar, sülh dilini anlamasalar, onda növbəti ağır bədəli ödəyəcəklərini gərək ki, yaxşı bilsinlər.

Azərbaycanı o halda heç nə dayandırmayacaq. Nə barədə ki, 12 yanvardakı son müsahibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha İrəvana xəbərdarlıq edib: “Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb... İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.

Prezident İlham Əliyev: Komando briqadasının yaradılması bizim üçün  yenilikdir

Prezident müsahibədə komando qüvvələrindən də söz açmışdı: “Komando qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Bu proses başlanıb və davam etdiriləcək. Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Söhbət revanş cəhdlərindən gedir... Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Əlbəttə ki, bu xəbərdarlıq Qarabağda gizlənən erməni separatçı-quldur dəstələrinə münasibətdə də eyni dərəcədə keçərlidir...

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR