Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Beynəlxalq Çernobbio Forumunda iştirakı, bir sıra şəxslərlə və qlobal şirkət rəhbərləri ilə görüşü dünya ictimaiyyətinin diqqətindədir. Dövlət başçısının Forumda çıxışı zamanı olduqca önəmli məqamlara təmas etməsi də dünya mediasının nəzərindən qaçmayıb. İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Bu isə o deməkdir ki, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Elə buna görədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Cənab Prezidentin səfəri zamanı istər COP 29-la bağlı İtaliyanın Azərbaycan hərtərəfli dəstək verməyə hazır olması ilə bağlı mövqe, istər İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə razılşama, istərsə də Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsi ilə bağlı məsələlər iki ölkə arasında münasibətlərin daha da inkişf edəcəyini söyləməyə əsas verir. Prezidentin İtaliyaya səfəri və əldə olunan razılşmalar ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinə təkan verəcək. Şübhə yoxdur ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Azərbaycanın İtaliya ilə əlaqələrini genişləndirməsi ikitərəfli münasibətlərə strateji qazanclar gətirir. Avropa İttifaqının və dünyadakı "böyük yeddiliy"in güclü üzvlərindən biri olan İtaliya ilə dostluq münasibətləri Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycanın İtaliya vasitəsilə qazandığı mövqelər onun Avropa İttifaqının diqqət mərkəzinə düşmək imkanlarını artırır. İtaliya ilə Azərbaycan arasındakı əlaqələr Cənub Qaz Dəhlizi layihəsi ilə daha da bərkiyib (TAP qolu) və bu, qarşılıqlı anlaşma üçün böyük dərəcədə qiymətli rol oynayıb. Ancaq indi həm Azərbaycan, həm də İtaliya bu əlaqələri daha yüksək zirvələrə doğru inkişaf etdirmək üçün yenilənmiş yanaşmaları qarşılıqlı maraqlar əsasında prioritetləşdirmək planlarını müzakirə edirlər. Çernobbio Forumu dünyanın ən reytinqli beyin mərkəzi toplantılarından biridir. Prezident İlham Əliyevə bu forumda diqqətin göstərilməsi, eyni zamanda ölkə başçısının bu forumda dünyanı narahat edən bir sıra iqtisadi, siyasi və ekoloji məsələlərlə bağlı mövqe ortaya qoyması Azərbaycanın həm qlobal problemlər və tendensiyalarla bağlı baxışlarını dünyaya nümayiş etdirir, həm də onun Avropada təşkil olunan bu kimi əhəmiyyətli forumlarda əsas natiqlərdən biri kimi xüsusi hörmətə sahib olduğunu göstərir.
Millət vəkili, iqtisadçı Azər Badamov Şərq.Az-a deyib ki, Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir.
Deputat vurğulayıb ki, cənab Prezident səfər çərçivəsində İtaliyanın prezidenti, baş naziri ilə görüşməklə yanaşı, bir çox dünya səviyyəli beynəlxalq şirkətlərin rəhbərləri ilə də görüşdü:
"Bu, Azərbaycanın nəinki İtaliya ilə həm də Avropa Birliyi ölkələri ilə əməkdaşlığının genişlənməsinə töhfə verir. Azərbaycanla Avropa Birliyinə daxil 10 ölkə arasında Strateji Tərfdaşlıq haqqında sənədlər imzalanıb. Dövlət başçımızın Avropa Birliyi ölkələrinə səfərlərin intensivləşməsi və bu qitənin enerji təhlükəsizliyində rolumuzun artması Azərbaycanı etibarlı tərəfdaş olaraq Avropaya daha da yaxınlaşdırır. Azərbaycan-İtaliya münasibətləri tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Azərbaycandan neft və qaz alır. O cümlədən siyasi və humanitar sahələrdə də əməkdaşlığımız günü-gündən dərinləşməkdədir. İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən, işğaldan azad olunmuş ərazilərin yenidən bərpasında da İtaliya, Türkiyədən sonra ikinci yerdədir".
Parlamentari vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yerlə yeksan etdiyi mədəni dini abidələrimizin yenidən qurulmasında İtaliya şirkətlərinin yaxından iştirakı və birgə universitetin fəaliyyətə başlanması xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır:
"Dövlət başçımız ikinci dəfədir ki, Beynəlxalq Çernobbio Forumunda çıxış edir. Cənab Prezidentin forumdakı çıxışı “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda olmuşdur. Bu mövzu həm regionumuz, həm də Avropa üçün çox vacibdir. Bu baxımdan dövlət başçımızın çıxışı bütün Avropa tərəfindən diqqətlə dinlənilib. Çünki, Avropada Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək istəyən ölkələr də vardır. Dövlət başçımız öz çıxışında bir çox vacib məslələri səsləndirdi. Belə ki, torpaqlarımız işğal altında olduğu 30 ildə ATƏT-in müvafiq qurupun fəaliyyətsizliyi, o cümlədən ərazilərimizdə suverənliyi bərpa etməyimizdən sonra bizə qarşı bəzi dövlətlərin düşməncəsinə hücuma keçməsi, Azərbaycanın Ümumavropa qaz təchizatçısı oldunu və bu gün Avropa birliyinə daxil 7 ölkəyə qazımızı ixrac etməyimizi, həm də 3 ölkə qazımızı almağa hazır olduğunu dövlət başçımız xüsusilə vurğuladı. Dövlət başçımızın səsləndirdiyi vacib məsələlərdən biri də beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real gücün vacib olmasıdır. Halbuki torpaqlarımız işğal altında olduğu dövürdə qərb münaqişənin güc yolu ilə həlli olmadığını və ancaq danışqlar aparılmalı olduğunu bildirirdi. Biz isə reallığı düzgün dəyərləndirdik və beynəlxalq hüququn bərpası üçün güc faktorunun əsas amil olduğunu sübut etdik".
A.Badamov qeyd edib ki, dövlət başçısı Azərbaycanın beynəlxlaq tədbirlərin keçirməkdə məqsədi dünyada sülh və əməkdaşlığöın inkişafına xidmət etməkdən ibarət olduğunu qeyd etdi:
"O cümlədən Azərbaycan COP 29 beynəlxalq konfransını keçirməklə fərqli qitələr arasında körpü yaradacağını xüsusilə vurğuladı. Bu gün dünya nizamı pozulmuşdur. Ölkələrin harada yerləşməsindən asıllı olmayaraq qolobal məsələlərin həllində dialoqun qurulması vacib məsələdir. Azərbaycan bu gün qlobal dialoq mərkəzi kimi çıxış edir. Beləliklə Dövlət başçımızın İtaliyaya səfəri Azərbaycanı dünyaya daha da yaxşı tanıtmaq baxımdan çox əhəmiyyətli olduğunu hesab edirəm".