Azərbaycan İranın təxribatlarına NECƏ CAVAB VERƏCƏK?

Məhəmməd Əsədullazadə: "Tehran və Moskva Qarabağda erməni icmasının separatçı fəaliyyətinə son qoyulmasında, həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil"
"Ölkəmizə qarşı gərginliyi səngitmək məqsədiylə yaxın günlərdə "Şuşa Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan və Türkiyənin birgə böyük miqyaslı hərbi təlimlərinə ehtiyac var"
Elçin Mirzəbəyli: "İran Azərbaycana qarşı terror siyasəti həyata keçirir və bu hal onu Ermənistanla eyniləşdirir"
Aqşin Kərimov: "Rəsmi Bakı soyuqqanlılığını qoruduqca, Tehran rejimi daha da qızışır"
Tural Turan: "İddialara görə, yeni səfir Müctəba Dəmirçi İranın "tədris və elm kəşfiyyatçıları"ndandır"
İran Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik fəaliyyətinə vaxtından əvvəl xitam verib və onu geri çağırıb. Bununla bağlı axar.az-da yer alan informasiyada deyilir ki, İran Ermənistandan sonra ölkəmizdə də səfirini dəyişəcək. Belə ki, Ermənistana Suriyada səfir olan Mehdi Sübhani, Azərbaycana isə bundan öncə Qazaxıstan və Gürcüstanda səfir işləmiş, İranın Bakıdakı səfirliyinin ikinci katibi vəzifəsində çalışmış Müctəba Dəmirçi təyin ediləcək.
O da bildirilir ki, İran mediası İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti başa çatmadan geri çağırılmasının səbəbi haqda sensasiyalı məlumatlar yayır. İddiaya görə, Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətləri olub və bu səbəbdən İranda hətta onun geri çağırılması üçün petisiya da başladılıb.
İran həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası da təqdim edib. İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılan etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını vurğulayıb: "İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir".
"SEPAH İranda seçkilərdə siyasi hakimiyyətə əl qoyduqdan sonra Azərbaycanla münasibətləri kəskinləşdirməyi seçib"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə regionda geosiyasi proseslərin gərginləşəcəyinin gözlənildiyini bildirməklə yanaşı, Tehran rejiminin Azərbaycana qarşı hərbi təhdidlərin nəticəsiz qalması səbəbindən terror siyasətinə əl atdığını qeyd edib: "Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorda İranın izinin olmasını açıqlaması ciddi siyasi mesajdır. Xarici İşlər Nazirliyinin bu bəyanatı təhlükəsizlik orqanları ilə razılaşdırılmış və əldə edilmiş sübutlara əsaslanaraq qeyd edilib. İrana xatırladılır ki, terrorun arxasında Tehran rejimi dayanır və məsuliyyət daşıyaraq iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq fəaliyyətdən çəkinməlidir. Bəyanatda İrana eyham vurulması göstərir ki, proseslərin arxasında Tehran dayanır və bununla da rəsmi səviyyədə İrana terrorda əlinin olduğu xatırladılıb. Bununla yanaşı, İran rejiminin xarici ölkələrdə Azərbaycana məxsus obyektlərdə terror və təxribatlara əl atacağı da ifşa edilib. Göründüyü kimi, Tehran rejimi Azərbaycana qarşı hərbi təhdidlərin nəticəsiz qalması səbəbindən terror siyasətinə əl atıb. Tehranda hesablanılırdı ki, Azərbaycana təzyiq etməklə prosesləri istədikləri müstəviyə yönləndirə biləcəklər. Və nəticədə Azərbaycan geri addım atıb Tehran rejiminin siyasəti ilə barışacaq".
"Rusiya İranın Azərbaycana qarşı destruktiv siyasətinə dəstək verir"
İkinci Qarabağ müharibəsindən əvvəl rəsmi Bakının Tehranla münasibətləri korlamamağa çalışdığını vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, SEPAH İranda seçkilərdə siyasi hakimiyyətə əl qoyduqdan sonra Azərbaycanla münasibətləri kəskinləşdirməyi seçib: "Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra bu böhranı inkişaf etdirməkdədir. Təbii ki, İran hakimiyyətində mühafizəkar qanadı təmsil edən SEPAH Rusiya ilə sıx əməkdaşlıq edir. Bu xüsusda İranın Azərbaycana qarşı destruktiv siyasətinə Moskva da dəstək verir. Odur ki, regionda geosiyasi proseslərin gərgin olaraq davam etməsi gözlənilir. Azərbaycan hər iki ölkədən qaynaqlanan bu böhranı öz leyhinə dəyişərək Laçın dəhlizində post qoyduqdan sonra sular durulmağa başlaya bilər. Çünki Tehran və Moskva Qarabağda erməni icmasının separatçı fəaliyyətinə son qoyulmasında, həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Azərbaycan Ermənistanla Qarabağda erməni separatçıları ilə əlaqəni kəsdikdən sonra Nikol Paşinyan rejimi çıxılmaz vəziyyətə düşəcək".
Azərbaycanın yalnız gücdən istifadə edərək sülhün əldə edilməsini təmin edəcəyini iddia edən Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, ölkəmizə qarşı gərginliyi səngitmək məqsədiylə yaxın günlərdə "Şuşa Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan və Türkiyənin birgə böyük miqyaslı hərbi təlimlərinə ehtiyac var: "Bu təlimlər regionda geniş miqyaslı olmaqla Azərbaycana qarşı təxribat xarakterli siyasət ortaya qoyan Tehran və Moskvaya mesaj olmalıdır. Təlimlər üçün ölkəmizə gələn Türk ordusu və qoşun növlərinin hərbi texnikaları bir müddət ölkəmizdə qalmalıdır. İranın artan təxribatlarına yalnız birgə təlimlərlə cavab vermək lazımdır".
"İranın ölkəmizdə qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər"
Millət vəkili Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçı və digər iştirakçılarının kimliyinin məlum olduğunu xatırladan siyasi şərhçi Elçin Mirzəbəylinin fikrincə, baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığını aydın şəkildə göstərir: "Beləliklə, məlum olur ki, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb. Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür. Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib. Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir. Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir". Siyasi şərhçi bildirib ki, İranın öz məqsədlərini reallaşdırılması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir: "İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq".
Molla rejiminin Azərbaycan mediasının "İran" adlanan ölkənin iç üzünü, saxta mahiyyətini açıb ortalığa tökən araşdırmalarından, molla rejiminin Azərbaycana, türk və müsəlman dünyasına, bütövlükdə isə sivil bəşəriyyətə qarşı xain əməlləri barədə həqiqətləri işıqlandırmasından tədirgin olduğunu qeyd edən siyasi şərhçi bu qənaətdədir ki, Tehranın insanların səmimi hisslərinin istismarı üzərində qurulmuş riyakar təbliğatı artıq heç bir işə yaramır: "Azərbaycan mediası 60 milyonluq bir xalqın və şübhə etmirəm ki, "İran" adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan digər xalqların da düşüncələrini ifadə edir, haqlarını qoruyur. Tehran rejimi isə hər zaman olduğu kimi onun gerçək simasını, fitrətindəki eybəcərlikləri əks etdirən aynanı "sındırmağa" çalışır, özünü islah etmək, haqq yoluna qayıtmaq, terrordan, şərə xidmət etməkdən, təcavüzkar davranışlarından əl çəkmək istəmir. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk günlərdən Tehran rejimi öz mediasında ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdür, azərbaycanlıları aşağılamaqdan, bütöv bir xalq haqqında təhqiredici materiallar yayımlamaqdan, təfriqə yaratmaqdan əl çəkmir. Təkcə "Səhər TV" adlanan zəhərli ilanın uzun illərdən bəri Azərbaycan dövlətinə və xalqına qarşı yürütdüyü çirkin informasiya siyasətinə nəzər salmaq yetərlidir ki, Tehran rejiminin düşmənçilik niyyətini görmək mümkün olsun. Vətənpərvər, ləyaqətli Azərbaycan mediası isə "İran" adlanan ölkənin xüsusi xidmət orqanlarının yaratdığı təxribatçı resursların yalan və böhtanlarına, sadəcə faktlarla, həm də tutarlı cavab verir".
"İran ambisiyasından əl çəkməli, Azərbaycana qarşı bəhanələrinə son qoymalıdır, bu zaman rəsmi Bakı da öz növbəsində, konstruktiv dialoq üçün kanalları açıq tutar"
Siyasi ekspert Aqşin Kərimov isə qeyd edib ki, İslam adı altında fundamentalist radikal ideyaların yayıcısı olan İran bütün dünyanı Azərbaycanla İsrailin yaxınlığının onun maraqlarına zidd olduğuna inandırmağa çalışır: "Bu bəhanələrin arxasına sığınaraq İran öz xalqı üzərində tətbiq etdiyi tiranlıq rejimini təhlükəli şəkildə Cənubi Qafqazın sərhədləri içərisində bərqərar etməyə girişir. Bu təhdidlərinin ideoloji bazası üçün "islam inqilabı" ideyalarını əlində bərk saxlayaraq regionda terrorçu şüurunda olan kütlə formalaşdırmağı hədəfləyir. Azərbaycan isə kontr-hərəkətlərlə İranın ixrac etdiyi idealları zərərsizləşdirməlidir və bu istiqamətdə onun İsraillə əlaqələri olduqca normal qarşılanmalıdır. Çünki İran təkcə ideoloji hab yaratmaqla kifayətlənmək istəmir, SEPAH da daxil olmaqla İranın hərbi-siyasi kəşfiyyat aparatı milli təhlükəsizliyi qorumaq adı altında sərhədyanı ərazilərdə təxribatlar başlatmağa bəhanələr axtarır". Onun sözlərinə görə, İran regionu barıt çəlləyinə döndərmək istəyən digər qüvvələrlə şərik ola bilmək üçün fərqli təxribatlara inteqrasiyanı da plan kimi nəzərdən keçirə bilər: "Tehran əlini istədiyi rəflərə uzatmaq üçün Rusiya-Ukrayna müharibəsini fürsət bilir. Belə ki, təklənən İran Rusiya ilə əməkdaşlıq formatında regionda məsələləri aydınlaşdırmağa çalışır. İsrail də İranın nüvə ambisiyalarının regiona təsirlərini, onun Ukraynadakı müharibədə Rusiyaya necə kömək etməsi xətti ilə paralel şəkildə izləyir. Bəzi məsələlər aydınlaşdıqca rəqiblərin toqquşma meydanlarından birinin Cənubi Qafqaz olacağı gözlənilə bilər. İran Azərbaycanın və onun strateji müttəfiqi Türkiyənin, regionda fəallaşan İsrailin maraqlarından əl çəkmələri üçün öz proksi qüvvələrinin Cənubi Qafqaz səhnəsində peyda olmasına çalışır. İran proksi qüvvələrinin düyməsini basaraq onların bir qismini ortaya atıb, artıq Azərbaycanda da ictimai-siyasi xadimlərin qətlə yetirilməsi və ya bənzər vasitələrlə terror aktları törətmək niyyətini az qala aşkar göstərir".
Aqşin Kərimovun fikrincə, Azərbaycan İranla güc qarşıdurmasının hərbi döyüş meydanına çevrilməsində maraqlı deyil, ancaq hibrid üsullarla Tehranın oyunlarını pozmaq məcburiyyəti ilə qarşı-qarşıyadır: "İran təhlükəsinə qarşı ümumi maraqları bölüşən İsrail və ABŞ ilə strateji tərəfdaşlığı inkişaf etdirmək Azərbaycan üçün optimal reseptlərdən biridir. Çünki İran ümumi yanaşmasını Azərbaycanı müstəqil ölkə kimi həzm etməmək xəttindən ayırmayıb və diplomatik-siyasi təmaslar belə, Tehranın düşüncəsini dəyişmir. Dəyişməyən düşüncələr silsiləsi İranı avantüralar törətməyə təşviq edən amildir. İran özünü terror-təxribat suyunun üzündə saxlamağa çalışdıqca, regionda təhlükələr bir-birini əvəz edəcək. Odur ki, Azərbaycan-İsrail-ABŞ üçbucağında beynəlxalq terrorizmlə mübarizə çərçivəsində yeni işlərin görüləcəyini də proqnozlaşdırmaq olar".
Hazırda Azərbaycan-İran münasibətlərinin özünün ən gərgin dövrünü yaşadığını vurğulayan siyasi ekspert onu da əlavə edib ki, rəsmi Bakı soyuqqanlılığını qoruduqca, Tehran rejimi daha da qızışır: "Təbii ki, qızışan emosiyanı yatırtmaq üçün Azərbaycan kontur-bəyanatlar səsləndirir və İran kəşfiyyatının fəaliyyətinə qarşı addımlar atır. İranın isə təxribat silahlarındakı güllələr bitməyib. Hər halda iki dövlətin dil tapması və mövcud mübahisələri dondurmaq barədə razılığa gəlməsi ən yaxşı variantdır. İran öz ambisiyasından əl çəkməli, Azərbaycana qarşı bəhanələrinə son qoymalıdır. Bu zaman Azərbaycan da öz növbəsində, konstruktiv dialoq üçün kanalları açıq tutar".
"Müctəba Dəmirçinin gəlişindən sonra universitetlərimizin və digər təhsil ocaqlarımızın təhlükəsizliyini gücləndirməliyik"
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik fəaliyyətinə vaxtından əvvəl xitam verilib onu yerinə Müctəba Dəmirçinin təyin olunmasına toxunan siyasi şərhçi Tural Turan isə bildirib ki, iddialara görə, yeni səfir İranın "tədris və elm kəşfiyyatçıları"ndandır: "Onun beynəlxalq hüquq, Xəzər dənizinin hüquqi statusu, keçmiş sovet respublikaları və onların idarəetməsi mövzularında məqalələri çap olunub. Bu istiqamətdə bir neçə kitab da yazıb. Bir sıra beynəlxalq konfranslarda adıçəkilən mövzularda çıxışları ilə yadda qalıb. Bir sıra ölkələrin universitetlərində Xəzər dənizi ilə bağlı mühazirələr də oxuyub. İddialara görə, İranın "tədris və elm kəşfiyyatçıları"ndandır. ETTALAT-ın nəzarətində olan tədris mərkəzlərində nüfuzu daha böyükdür. İranda bir sıra tədris mərkəzlərinin elmi şurasının üzvüdür. Bir sözlə, İran regionu daha yaxşı tanıyan adamı Azərbaycana göndərir. Görünür, hazırkı səfirin fəaliyyəti mollakratiya rejimini qane etməyib". Siyasi şərhçi sonda onu da əlavə edib ki, Müctəba Dəmirçinin gəlişindən sonra universitetlərimizin və digər təhsil ocaqlarımızın təhlükəsizliyini gücləndirməliyik.
Vazeh BƏHRAMOĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya