Saat:03:30
Haqqımızda

"Azərbaycan hökuməti anti-ABŞ demarşında tam haqlı tərəfdir, qınamağa yer yoxdur" - RƏŞİD HACILI

2023-11-30 12:03:55

"Bakı bir az kənara çəkilib, Ermənistanda Rusiya ilə Qərbin gözlənilən ağır savaşın gedişini seyr etmək, nə ilə qurtaracağını gözləmək taktikası seçib"

"Son 30 ildə ilk dəfədir ki, Azərbaycan hökuməti anti-ABŞ demarşında tam haqlı tərəfdir. Qınamağa yer yoxdur. Lap 44 günlük savaş sonrası Minsk qrupuna "Nəyə gəlmisiniz?" deyəndə haqlı olduğu kimi. ABŞ-ın indiki administrasiyası acıqlayıb ki, Azərbaycan AbŞ-ın israrlı tələblərinə və xəbərdarlığına baxmayaraq, Xankəndidə antiterror əməliyyatı keçirdi. Blinkenin köməkçisi O’Brayan isə lap sarsax bəyanatlar verib". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı deyib.

Rəşid Hacılının fikrincə, böyük Qərb ölkələri bunu özlərinə böyük sayğısızlıq kimi qəbul edirlər: "Onlar Azərbaycanı bəyənmədiyi şərtlər altında Ermənistanla sülh sazişi bağlamağa məcbur etməyə çalışırlar. Təxminən, belə şərtlər: Rusiyanı Xankəndidən tam çıxar, Qərb ölkələrinin sülhməramlı qüvvələrinin gəlişinə razılıq ver, çünki ermənilər Qarabağa yalnız onların təminatı altında qayıtmağa razıdırlar. Zəngəzur yolunu İrandan çəkmə, Ermənistandan çək və Ermənistanın istədiyi şərtlərlə. Bu keçidə Rusiya, İran yox, ABŞ nəzarət etməlidir-filan. Azərbaycan bölgədə rusun indiyədək oynadığı rolu indi ABŞ-ın yerinə yetirəcəyi perspektivi ilə razılaşmaq istəmir. Yaxşı halda nə rusu, nə də Qərbi istəyir. İndiki halda rus iqtidara Qərbi buraya buraxmamaq üçün lazımdır. İdealda özünün və Türkiyənin nəzarətində olmasını istəyir".

İctimai-siyasi fəal hesab edir ki, son addımlar onu deməyə əsas verir ki, Bakı Qərbdən bərk incidiyini, geri çəkilmək yox, əksinə hücum pozası aldığını kimlərəsə göstərmək istəyir: "Məsələnin ciddi olduğuna inandırmaq işinə sanki Türkiyə tərəfi də qoşulub. Bu arada, Türkiyə AK Parti sözçüsü deyib ki, ABŞ Türkiyədən Qarabağ məsələsində Azərbaycana yardım etməməyi tələb edir, əks halda F-16 verməyəcəyi ilə hədələyir. Əgər belədirsə, Türkiyənin durumdan necə çıxacağını görəcəyik. Beləliklə, Bakı fırtınaönü manevrlər edib özünə güvənli lövbər yeri axtaran gəmiyə bənzəyir. Bakı bir az kənara çəkilib, Ermənistanda Rusiya ilə Qərbin gözlənilən ağır savaşın gedişini seyr etmək, nə ilə qurtaracağını gözləmək taktikası seçib. Ermənistanın Qərbə gerçək (xəyali yox) yolu Azərbaycan və Türkiyə ilə dil tapmaqdan keçir. Qərbi Azərbaycan və özəlliklə Türkiyə üzərinə qaldırmaq Paşinyana yaxşı vədlər vermir. Nəhayət, Bakının Qərblə münasibətlərindəki bu gərginlik keçicidir. Üstəlik, həm də ona görə ki, ABŞ böyük seçkiyə gedir və indiki administrasiya tezliklə tam seçki davasında itib-batacaq, bəlkə də heç üzə çıxmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153616