Azərbaycan hökuməti 2 nəfərə 16,8 min manat ödəyəcək – AİHM-in qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprelin 25-də Azərbaycandan göndərilmiş ərizələr üzrə daha 2 qərardadını elan edib.
Hurriyyet.az xəbər verir ki, hər 2 ərizəçi AİHM qarşısında seçki hüququnun pozuntusunu mübahisələndirib.
“Qorxmaz İbrahimli Azərbaycana qarşı” və “Rəfail Zeynalzadə Azərbaycana qarşı” – işlərdə hər iki ərizəçi 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslərdir.
Onlar yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasından, bunun onların seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarını pozmasından şikayət ediblər.
Hər iki ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Məhkəmənin qərardadına görə, hökumət “İbrahimli Azərbaycana qarşı” işində ərizəçiyə 4500 avro (8206 manat) məbləğində maddi və mənəvi zərər əvəzi ödəyəcək.“Zeynalzadə Azərbaycana qarşı” işində isə ərizəçiyə 4750 (8662 manat) avro məbləğində maddi və mənəvi, xərc və məsrəf əvəzi ödənilməlidir.
yeniavaz.com