"Azərbaycan hərbi əməliyyatlar keçirib Zəngəzuru öz ərazisinə birləşdirə bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2022-06-02 11:44:00

"ABŞ başda olmaqla, Qərb koalisiyası Rusiyanın bu siyasətinin qarşısını almasa, yeni dünya nizamı sərhədlərin dəyişməsi ilə nəticələnə bilər"

"Rusiyanın Ukraynaya hücumu dünyada yeni siyasi-hərbi böhranı dərinləşdirdi. Diplomatiya öz yerini silahlara verdi. Biz bunun ən aktiv fəaliyyətini ikinci Qarabağ müharibəsinin başlanması ilə gördük. Rusiyanın Ukraynaya qarşı işğalı bunun kulminasiya nöqtəsi oldu". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra "soyuq müharibə"nin qurduğu nizam işləmir və bunun da əsas səbəbi beynəlxalq qanunların böyük dövlətlər tərəfindən öz məqsədləri üçün istifadə edilməsi və yeni iddialardır: "Demək olar ki, dünyanın siyasi xəritəsi dəyişə bilər və dövlətlərin sərhədlərinin dəyişməsində yeni proseslər baş verməkdədir. Sərhədlərin dəyişməsi 2014-cü ildə Rusiyanın Krımı anneksiya etməsi, Qərbin isə buna seyirçi qalması ilə başladı. Rusiya Ukraynanın cənub-şərqini işğal edərək referendum keçirib həmin əraziləri Rusiyaya birləşdirməyi planlaşdırır. Bu, uzun müddətli münaqişəyə, növbəti mərhələdə Rusiyanın dövlətlərə parçalanmasına gətirə bilər. Təəssüf ki, Qərbdə bir neçə mərkəzlər Rusiyanın ilhaq siyasətini sülhün əldə edilməsinə görə dəstəkləyir".

Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ başda olmaqla, Qərb koalisiyası Rusiyanın bu siyasətinin qarşısını almasa, yeni dünya nizamı sərhədlərin dəyişməsi ilə nəticələnə bilər: "Yeni ittifaqlar və beynəlxalq təşkilatların yeni alternativi yaranmaqla, ənənəvi təşkilatların öz missiyasını itirməsi gözlənilir. Bu sahədə Böyük Britaniya mühüm rol oynayaraq Türkiyə ilə birgə yeni siyasi nizamda koordinasiyalı fəaliyyət başladacaq. Bununla yanaşı, bizim üçün vacib və aktual olan Türkiyənin öz təhlükəsizliyini və sərhədlərinin mühafizəsi, öz qonşuluğunda yeni terror dövlətinin yaranmaması üçün Suriyanın şimalında 30 km. içəridə anti-terror əməliyyatı keçirməsidir. Çünki Türkiyənin beynəlxalq güc olması Suriyada keçirdiyi əməliyyatlardan asılıdır. Türkiyə həmçinin, "tampon bölgə" qurduğu əraziləri öz ərazisinə daxil edə bilər. Çünki şimali Suriyada Qərb tərəfindən PKK/YPG vasitəsilə yeni terror dövləti yarana bilər. Türkiyənin bu əraziləri öz ərazisinə daxil etməsi üçün hüquqi və mənəvi haqqı var. İlk növbədə iki milyon suriyalını qəbul edib və insanları yaratdığı təhlükəsizlik bölgəsinə köçürməklə prosesi tamamlaya bilər. Məhz əhali də Suriyanı və terror təşkilatı PKK-nı deyil, Türkiyənin tərkibində yaşamağı qəbul edəcək".

Milli Cəbhə Partiyasının sədr müavini onu da əlavə edib ki, hazırda Azərbaycan üçün də yeni imkanlar mümkündür: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanınmayacağı təqdirdə, Qarabağ məsələsini qabardacaqsa, Azərbaycan Zəngəzurda hərbi əməliyyatlar keçirib 1920-ci il xəritəsinə uyğun olaraq bu əraziləri hüquqi cəhətdən öz ərazisinə birləşdirə bilər. Yeni dünya nizamının sərhədlərin dəyişməsi ilə nəticələnməsi qaçılmazdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya