"Azərbaycan ərazilərindən sanki başqa dövlətin ərazisiymiş bəhs etmək vərdişini tərgitmək lazımdır" - ARAZ ASLANLI

2021-09-15 13:38:00

"İfadələr ərazilərimizin rəsmi adlarına görə və strategiyamıza uyğun olmalıdır, ən azı "Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı Azərbaycan ərazisi" yazmaq olar"

"Hörmətli Azərbaycan mediası və sosial media istifadəçiləri, Azərbaycan ərazilərindən sanki başqa bir dövlətin ərazisiymiş, ya da müstəqil bir subyektmiş kimi bəhs etmək vərdişini tərgitmək lazımdır". Hurriyyet.az xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı deyib.

QAFSAM rəhbəri bildirib ki, ifadələr ərazilərimizin rəsmi adlarına görə və strategiyamıza uyğun olmalıdır: "2003-cü ildə ingilis dilində yayınlanan Azərbaycan saytında təxminən belə bir başlıq var idi: "Armenians are resettled from Iraq to Nagorno-Karabakh" . Xəbərin içində də heç bir yerdə Azərbaycan ifadəsi keçmirdi. Hər hansı bir xarici ölkə vətəndaşı bu xəbəri oxusa "Nagorno-Karabakh"ın müstəqil bir dövlət olduğunu düşünəcəkdi. İmkanlarımızdan öz əleyhimizə istifadə etmişdik. Halbuki, xəbəri elə yazmaq olardı ki, oxuyan hər kəs Azərbaycan ərazisinin Ermənistanın işğalı altında olduğunu, Ermənistanın beynəlxalq hüquqa zidd fəaliyyətlərə davam etdiyini anlayardı. Bu barədə 1998-ci ildən mediamıza, alim və tədqiqatçılara müraciət edirik. Terminologiya və mahiyyəti üzrə yanaşmada çox diqqətli olmalı olduğumuzu bildiririk".

Amma bunun faydasının çox az görüldüyünü vurğulayan Araz Aslanlının fikrincə, bu işlər sadəcə cənab prezident bir ifadə işlədən kimi onu təkrarlamaqla olmaz: "Yanaşma stratejik olmalıdır. Sadəcə son dövrlərdəki başlıqlara nəzər salaq: "Erməni nazir Qarabağa gəldi", "Qarabağda banklar açılır", "Qarabağda Rusiya sülhməramlılarına yeni komandan", "Qarabağda sülhməramlılarla ermənilərin toqquşması olub", "Rus sülhməramlıları Qarabağda təlimlərə başladı" və s. Çox üzücüdür. Ən azı "Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı Azərbaycan ərazisi" yazmaq olar. Hər şeyin yaxşılığa doğru dəyişməsi üçün bəzən öz yanaşmalarımızı da dəyişdirməliyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az