Azərbaycan elminin şən gülümsərovları...

2022-07-28 11:25:00

Azərbaycan elminin şən gülümsərovları...

Azərbaycanda elm sahəsi haqda ən güclü tənqid “Ulduz” filmindədir. Dəqiq, qərəzsiz və vicdanlı... Qara yumor da öz yerində. Filmdə Gülümsərovun timsalında uğursuzluğu anlayıb getmək mədəniyyəti öz əksini tapmışdı. Biz indi buna istefa mədəniyyəti deyirik. Bugünkü gülümsərovlar isə fərqlidir, bu, öz yerində.

Ramiz Mehdiyev nə etdisə, necə etdisə, Azərbaycan Milli Elmlər Akademiyası hədəf taxtasına çevirildi. Hətta onun Gülümsərov kimi papkasını qoltuğuna vurub getməsindən aylar keçib, amma Akademiya yenə də hər kəsin gözünə nişangah kimi görünür. Gələn də vurur, gedən də. Həmişə də hədəfə dəyir. 

Azərbaycan elmində uğursuzluq boy verir. Bu bəllidir. Sadəcə, məni başqa məsələ düşündürür: Azərbaycanda hansı sahədə problem yoxdur ki?! Elə özümüzdən deyim: Bəyəm, media sahəsində güllük-gülüstanlıqdırmı?! Səhiyyəmizin durumu AMEA-nın durumundan nə qədər fərqlidir ki?! Təhsildəki problemlər bizi cana-boğaza yığmayıbmı?! Hüquq-mühafizə orqanlarımız saat kimi işləyirmi?! Hələ sahibkarlıq, xidmət, sosial, nəqliyyat sahələrindən danışmıram.

Dediyim odur ki, biz necəyiksə, elmimiz də elədir. O başqa məsələdir ki, elm, alimlər cəmiyyətdən heç olmasa bir addım öndə olmalıdır ki, toplumu ardınca apara bilsin. İndi nə edək, bizdə bu qayda alınmayıb?!

Mövzunu yenidən gündəmə AzTV-nin məlum reportajı gətirdi. Jurnalist kimi qeyd edim ki, həmin reportaj çox zəif hazırlanmışdı. Səsləndirilən arqumentlər tutarsız idi. Belə bir materialı əli kamera tutan istənilən şəxs hazırlaya bilərdi. Halbuki, AMEA haqda daha ciddi, tam hədəfə dəyən peşəkar reportaj hazırlamaq mümkün idi. Sözügedən süjet o qədər zəif idi ki, hətta AMEA rəhbərliyi bu materialla sanki məzələndi, videonu öz rəsmi saytında da yayımlayaraq demək istədi ki, sən Allah baxın, belə tənqid olar?!

Bəs, bizdə niyə elm arzuladığımız kimi deyil. Bunun yüzlərlə səbəbini demək olar. Mən ikisini qeyd edim: 

Birincisi, elmdə pul yoxdur. Söhbət elm məmurluğundan, bazarlığından getmir, Azərbaycanda professor adı daşıyan adamlar var ki, milyonlara sahibdir. Sözün həqiqi mənasında elmlə məşğul olan adamlardan danışıram. Onlar ağızları ilə quş tutsalar da, qazancları qəpik-quruş və ya aylıq maaşdan o tərəfə keçmir. Onda görə də bir az beyni olan, istənilən bir sahədə perspektiv görən şəxslər ölkədən gedir. Türkiyəyə, Avropa ölkələrinə üz tutan elm adamlarımız kefdən getməyiblər. Burada şərait və imkan olsaydı, qalardılar. 

İkincisi, bu gün Azərbaycanda təəssüf olsun ki, elmlə elm adamları məşğul olmur. Elm sahəsi də məmurlaşıb, zavoda çevirilib. Uzağa getməyək, Milli Məclis deputatlarının və icra başçılarının tərcümeyi-hallarına diqqət yetirin. Aşağı-yuxarı onların 60-70 faizinin elmi dərəcəsi var, alimdir. Soruşsan, hansı sahədə elmi dərəcə aldığını əzbərdən deyə bilməz. Çünki onlar Şən Gülümsərovlardır...

Seymur Baycanın “Elm və Həyat” adlı hekayəsi var. Azərbaycan elminə rəhbərlik edənlərin qavrama potensialını çılpaqlığı ilə ortaya qoyub. İmkanı olan oxusun. Hekayənin qısa məzmunu belədir ki, professor elmi tənqid edən jurnalisti araq və kababa qonaq edir. Sonra soruşur ki, araq necə idi. Jurnalist də cavab verir ki, bu arağın dünyada tayı-bərabəri yoxdur. Professor da deyir ki, bu arağı bizim alimlər hazırlayıb, tam yeni texnologiya ilə və həqiqətən də dünyada analoqu yoxdur.

Professor sonra soruşur ki, kabab necə idi. Jurnalist buna əladan da əla cavabını verir. Professor onu kabab bişirilən yerə göndərir ki, gözü ilə görsün. Jurnalist baxır ki, kababı bir robot bişirir. O robotu da bizim alimlər hazırlayıb. Robot kabab bişirmək üzrə “ixtisaslaşıb”. Həm də danışa bilir. Məsələn, jurnalistə deyir: “Mən bir robot kimi vətənimə və xalqıma xidmət etməkdən qürur duyuram, xalqımın mədəniyyətini, mətbəxini təbliğ etməkdən həzz alıram”.

Belə...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.076202