Azərbaycan çox qısa vaxtda XANKƏNDİYƏ DE-YURE NƏZARƏTİ BƏRPA EDƏCƏK

2023-09-19 10:55:25

Azərbaycan çox qısa vaxtda XANKƏNDİYƏ DE-YURE NƏZARƏTİ BƏRPA EDƏCƏK

Məhəmməd Əsədullazadə: "Paşinyanın yaranmış sülh fürsətindən istifadə etməyərək Qərbin bəzi mərkəzlərinin təlimatı ilə hərəkət etməsi, sonda onu siyasi iflasın eşiyinə gətirə bilər"

Natiq Cəfərli: "Tələsməsək, ardıcıl və ağıllı siyasət aparsaq, təxribatlara getməsək, o zaman bir güllə belə atmadan Xankəndi məsələsini həll edəcəyik"

Turan Rzayev: "Rəsmi Bakı humanist davranış sərgiləsə də, ən kiçik təxribat, silahlı insident, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına maneənin törədilməsi Laçın yolunun yenidən bağlanmasına gətirib çıxaracaq"

Bugünlərdə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinlə dördtərəfli görüş keçirməyi təklif edib: "Biz bu məsələdə dördlü görüş təklif etdik. Yəni, bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, Rusiya lideri cənab Putinlə, Azərbaycan prezidenti cənab Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistanın baş naziri Paşinyanla dördlük olaraq belə bir görüş keçirək. Dedim, gəlin görüşək, atılması lazım olan addımları birlikdə müzakirə edək. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Bu təklifi götür-qoy eləmək üçün qardaşım İlham Əliyevlə danışacağam".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifi ilə bağlı açıqlama verərkən, müxtəlif təkliflər və ideyaların olduğunu, lakin onların heç birini açıqlamaq istəmədiyini bildirib: "Problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq". Paşinyan həmçinin, əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə oktyabrın 5-də Qranada şəhərində keçiriləcək görüşdə hər hansı sənəd imzalanması planlaşdırılmır: "Həqiqətən demək istərdim ki, bəli, Qranadada sənədin imzalanacağını gözləyirik, amma təəssüf ki, yox. Ümid edirik ki, intensiv danışıqlar davam edəcək və problemin həllinə gələcəyik".

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, artıq Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıblar. Odur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib. Bununla paralel olaraq Ağdam-Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır. Bunu xeyirin şərə qalib gəlməsi kimi qiymətləndirən rusiyalı ekspert İqor Korotçenko bildirib ki, separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başlayıb: "Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla, Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb. İndi "blokada", "kütləvi aclıq", "soyqırım" yoxdur – təbliğat bitdi". Ekspert hesab edir ki, bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır.

"Ermənistan rəhbərliyinin Qarabağ məsələsinə dair şərtlər irəli sürməsi mümkün sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan rəhbərliyinin Qarabağ məsələsinə dair şərtlər irəli sürməsi mümkün sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkir: "Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan Azərbaycanla sülh müqaviləsinin bağlanmasından danışıblar. Hətta Paşinyan bu ilin axırına kimi sülh müqaviləsinin bağlana biləyəcini də vurğulayıb. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, Ermənistan rəhbərliyinin Qarabağ məsələsinə dair şərtlər irəli sürməsi mümkün sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkir". Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Qarabağ məsələsi ilə bağlı fikir ayrılıqlarının olduğunu vurğuladığını deyən Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etsə də, bunun sülh müqaviləsində yer almasında maraqlı deyil: "Bu isə Paşinyanın Azərbaycana qarşı ərazi iddiasının əsasını təşkil edir. Düşünürəm ki, Qərbin Cənubi Qafqazda qəbul etdiyi "demokrat" imicli Paşinyanın ərazi iddiaları, Qarabağı gündəliyə gətirməsi onun liberal və demokrat siyasətçi olmadığını, tipik erməni daşnakı olaraq Azərbayacana pataloji nifrətinin təzahürüdür. Amma buna rəğmən, Azərbaycan çox qısa vaxtda Xankəndiyə de-yure nəzarəti bərpa edəcək. Paşinyanın yaranmış sülh fürsətindən istifadə etməyərək Qərbin bəzi mərkəzlərinin təlimatı ilə hərəkət etməsi, sonda onu siyasi iflasın eşiyinə gətirə bilər".

"Ağdam-Xankəndi yolunun açılması, buradan yüklərin göndərilməsi reinteqrasiya prosesinin tərkib hissəsidir"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Xankəndi-Ağdam yolunun açılması, buradan yüklərin göndərilməsi reinteqrasiya prosesinin tərkib hissəsidir: "Ağdam-Xankəndi yolu ilə paralel olaraq Laçın yolunda nəzarət buraxılış məntəqəsindən Qırmızı Xaç Komitəsinin yük avtomobillərinin maneəsiz hərəkəti təmin edilib. Bu, o demək deyil ki, Ermənistanın yüklərinin Laçın yolundan maneəsiz keçidinə icazə veriləcək. Azərbaycanın Laçın nəzarət buraxılış məntəqəsində sərhəd-gömrük nəzarəti davam edəcək. Onu da qeyd edim ki, Ağdam-Xankəndi yolunun açılması, buradan yüklərin göndərilməsi reinteqrasiya prosesinin tərkib hissəsidir. Fikrimcə, Azərbaycan "yumuşaq güc" yolu ilə separatçılara təzyiqləri davam etdirməlidir. Həmçinin, Azərbaycan dövlət nömrə nişanlı yük avtomobilləri Qızıl Aypara vasitəsilə yükləri Xankəndinə göndərməlidir. Bu proses təkcə Qırmızı Xaç vasitəsilə həyata keçirilməməlidir".

Politoloq onu da əlavə edib ki, artıq Ermənistan və Qarabağdakı separatçıların "humanitar böhran" şousu fiaskoya uğrayıb: "Demək olar ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri də mülki geyimdə Qarabağı tərk edirlər. Təkcə, onlar deyil, Azərbaycanla birinci və ikinci Qarabağ müharibəsində döyüşənlər, vətəndaşlığı qəbul etməyənlər də Qarabağı tərk edəcəklər. Bununla da Azərbaycana qarşı ABŞ və Avropanın bəzi mərkəzlərinin siyasi ritorikasında "humanitar böhran" termininə son qoyuldu. Qarabağda erməni silahlı birləşmələri və ağır silahların çıxarılması istiqamətində təzyiqlər həyata keçirilməlidir. Tanklar və digər artilleriya qurğularının maneəsiz çıxışı təmin edilməli, yaxud onlar Azərbaycana təhvil verilməlidir. Hesab edirəm ki, Ermənistanın 30 illik işğal və anneksiya siyasəti onun hərbi məğlubiyyəti ilə yanaşı, Azərbaycanın Xankəndiyə de-yure nəzarətinin bərpası ilə nəticələnəcək. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə gəldikdə isə onların vəzifəsi azərbaycanlılarla ermənilər arasında təhlükəsizliyi təmin etməkdir. Odur ki, Rusiya 2025-ci ildə bölgəni tərk etmiş olacaq".

"Ərdoğanın təklif etdiyi "2+2" formatının reallaşması gözlənilmir, çünki Kreml Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil"

Rəcəb Tayyib Ərdoğanın dördlü görüş təklifinə gəlincə, Məhəmməd Əsədullazadə bildirib ki, "2+2" formatı mümkün görünmür: "Türkiyə prezidentinin "2+2" formatında Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində verdiyi təklif regionda yeni təhlükəsizlik nizamı yarada bilər. Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın iştirakı ilə sülh müqaviləsinin bağlanması reallaşa bilər. Amma Rusiyanın buna gedəcəyi inandırıcı görünmür. Çünki Kreml Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ermənistanın baş nazirinə gəlincə, Paşinyanın Fransa və ABŞ-la sıx siyasi əlaqələri kontekstində buna getməsi mümkün deyil. Həmçinin, Rusiyanın iştirakını Ermənistanda mövqelərini gücləndirməsi kimi qəbul edir. Ona görə də Ərdoğanın təklif etdiyi "2+2" formatının reallaşması gözlənilmir. Odur ki, ən optimal variant kimi Rusiyanın regiondan çıxması ilə sülhün bərqərarı mümkündür".

"Azərbaycanın Qarabağ da daxil, ərazi bütövlüyünü tanıyan Paşinyan və komandası getsə, yerinə tam "ruskafalılar" gəlib bütün öncəki anlaşmalardan vaz keçsə nə olacaq?!"

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bu qənaətdədir ki, Cənubi Qafqazda gərginliyin azalması, Ağdam-Xənkəndi və Laçın-Xənkəndi yollarının eyni anda açılması pozitiv gedişatdır: "Bu gün bölgədə gərginliyin artmasında maraqlı olan ölkələr var, əsas da Rusiya. Şimal qonşumuz gərginlik zəminində bölgədə mövcudiyyətini möhkəmləndirməyi, Ukraynaya qarşı işğalçı müharibə zəminində Qərblə kəsilən kanallarının Qarabağ məsələsi fonunda bərpa etməyi düşünür, əlində olan yeganə "sülh" kartını oynamağa çalışır. Xankəndi məsələsi Azərbaycanın daxili işidir, daxili mexanizmlərlə də mütləq həllini tapacaq. Tələsməsək, ardıcıl və ağıllı siyasət aparsaq, təxribatlara getməsək, o zaman bir güllə belə atmadan məsələni həll edəcəyik".

Politoloq hesab edir ki, bunun üçün cəmiyyət də ağıllı-səbrli olmağı öyrənməlidir: "1994-cü ildən 2020-ci ilə qədər ərazimizin 20 faizinin işğalı ilə heç kim barışmasa da, etiraf edək ki, bu 26 ildə küçələrə çıxıb hökumətdən torpaqların azad edilməsi də tələb etməmişik. İndi nə olub ki, bu qədər militarist dalğaya köklənmişik?! 26 ildə güclü ordu quruldu, 2020-ci ildə də dünyada "ulduzlar bizim xeyrimizə düzüldü" və işğal edilmiş torpaqlarımızın böyük bir hissəsini düşməndən təmizlədik, bacardıq, dünyadan da dəstək gəldi, ciddi irad eşitmədik. İndi gərginliyin artmasından nə qazanacağıq?! Paşinyan və komandasının "devrilməsinə" səbəb olan addımlar atsaq, bu kimin xeyrinə olacaq?! Azərbaycanın Qarabağ da daxil, ərazi bütövlüyünü tanıyan Paşinyan və komandası getsə, yerinə tam "ruskafalılar" gəlib bütün öncəki anlaşmalardan vaz keçsə nə olacaq?! Kreml adamlarına hörmət və legitimlik qazandırmaq üçün Azərbaycana qarşı öz adamlarına dəstək verib kiçik hərbi uğur hekayələri yaratmağa çalışsa, biz buna necə cavab verəcəyik?! Bu sullara cavab vermək üçün düşünmək, düşündükcə də səbrlə, ağılla davranmaq lazımdır. Ermənistan cəmiyyəti İrəvan şəhər bələdiyyəsinə seçkilərdə yenə "Paşinyan" dedi, onun partiyası ən çox, 32,57 faiz səs topladı. Ümumiyyətlə, İrəvan əhalisi seçkiyə getmədi, çünki məhz "ruskafalılar" böyük aktivlik yaradıb Paşinyanı devirmək istəyirdilər, camaat da getmədi, gedənlərdən hər 3 nəfərdən biri də Paşinyanın komandasına səs verdi. Baxmayaraq ki, "ruskafalılar" İrəvənın hər yerinə Paşinyanın, "Qarabağ Azərbaycandır", sözlərindən düzəldilmiş plakatlar asdılar, "Paşinyan türkdür", şüarları sələndirdilər, yenə təsiri olmadı, əhali onları böyük ölçüdə dəstəkləmədi. Ermənistan əhalisindəki bu yanaşmanı dəyərləndirmək, bu köklü dəyişikliyin Paşinyan və komandasının nailiyyəti olduğunu görmək lazımdır. Bölgəmizdə dayanıqlı sülh üçün hələ də ciddi imkanlar var, çox yaxşı ki, həm Azərbaycan rəsmiləri, məsələn, hörmətli Hikmət Hacıyev, həm də Paşinyan bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu söylədilər. Doğru olan da budur, bölgədə sülh olsa rifah, rifah olsa şimaldan gələn təhlükələrə sinə gəlmək mümkün olacaq. Ən əsası isə bölgə ölkələrinin, əsas da Azərbaycan hökumətinin daim gərginliyi əsas gətirərək köklü islahatlara getməmək bahələri də aradan qalxacaq".

"Beynəlxalq Qızıl Xaç Komitəsinin prosesə qoşulması Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir"

Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobillərinin eyni vaxtda keçidinin təmin edilməsini rəsmi Bakının növbəti diplomatik qələbəsi kimi dəyərləndirən politoloq Turan Rzayevin sözlərinə görə, BQXK-nin prosesə qoşulması həm də Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir: "Birincisi, keçid rəsmi Bakının tələb etdiyi kimi Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda paralel olaraq gerçəkləşib. Bu, o baxımdan vacibdir ki, ermənilər bundan sonra həmin yoldan yüklərin daşınmasına etiraz edə bilməyəcək. Hər hansı etiraz rəsmi Bakıya Laçın-Xankəndi yolunu bağlaması üçün real əsas verəcək. Bakının şərti bir və dəyişməzdir: Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolundan istifadə edildiyi təqdirdə istifadə edilə bilər. İkincisi, BQXK-nin yük avtomobilləri hər iki yoldan eyni anda keçid edib. Bu nüans çox vacibdir. Məsələ ondadır ki, BQXK Cənubi Qafqazda 1992-ci ildən etibarən fəaliyyət göstərir və Laçın yolu ilə daşınmalar həyata keçirən yeganə beynəlxalq təşkilatdır. Təşkilatın yük avtomobillərinin eyni anda hər iki yoldan keçməsi o mənaya gəlir ki, BQXK Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarını eyni kontekstdə görür. Ağdam-Xankəndi yolundan bundan öncə yalnız Rusiyanın keçidi baş tutmuşdu. Bu, yoldan istifadə baxımda ilk addım idi. Lakin Qərb dairələri üçün bu yolun legitimliyinə şübhə etmək imkanı qalırdı. BQXK-nin prosesə qoşulması isə Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir".

Turan Rzayevin fikrincə, burada ən önəmli məsələlərdən biri də odur ki, BQXK Laçın yolundan daşınmaları məhz Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirib: "Mümkündür ki, yük maşınları Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq gömrük yoxlamasından keçirilib. Nəticə etibarilə bu hadisəni Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar. Lakin bu, o demək deyil ki, separatçılar rahat nəfəs ala bilərlər. Rəsmi Bakı humanist davranış sərgiləsə də, ən kiçik təxribat, silahlı insident, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına maneənin törədilməsi Laçın yolunun da yenidən bağlanmasına gətirib çıxaracaq. Laçın sərhəd-buraxılış məntəqəsində gömrük qaydalarının tətbiqi vacibdir. Burada sərhəd qaydalarına əməl edilməli, gömrük rüsumu ödənilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamasında sözügedən qaydaların yenidən vurğulanması da Bakının yeni hədəfinin bu olduğunu göstərir".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000137