“AZƏRBAYCAN BU HƏFTƏ HƏRBİ ƏMƏLIYYATLARA BAŞLAYIR...” – Ermənilər ciddi təşvişə düşüb

2023-09-06 10:49:02

“AZƏRBAYCAN BU HƏFTƏ HƏRBİ ƏMƏLIYYATLARA BAŞLAYIR...” – Ermənilər ciddi təşvişə düşüb

Azərbaycanın Ermənistanla sərhəddə qarşı tərəfin törətdiyi təxribatlara kəskin cavab həmlələri Ermənistanda ciddi təşvişə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, son günlər Ermənistan mətbuatında və sosial şəbəkələrdə Azərbaycanın guya yaxın günlərdə geniş miqyaslı müharibəyə başlayacağı barədə məlumatlar dolaşır. Bəzi hərbi ekspertlər və politoloqlar isə bu məlumatları təsdiqləyir və şərh edirlər.

Məsələn, erməni hərbi ekspert Van Ambartsumyan artıq bu həftə Azərbaycanın genişmiqyaslı hərbi əməliyyata başlayacağını proqnozlaşdırıb. Azərbaycanın hərbi üstünlüklərini sadalayan hərbi ekspert Ermənistan üçün acınacaqlı ssenari cızıb.

Məsələ ondadır ki, həmin hərbi ekspert hələ 44 günlük müharibədən əvvəl Azərbaycan Ordusunun gücü və müharibənin baş verəcəyi tarixlə bağlı olduqca dəqiq proqnozlar vermişdi. 2019-cu ildə isə Ambartsumyan demişdi ki, Azərbaycan Ordusunun İrəvana qədər irəliləyə biləcək hərbi potensialı var. Bu səbəbdən Ambartsumyanın Azərbaycanın guya tezliklə genişmiqyaslı hərbi əməliyyata başlayacağı barədə dedikləri erməni cəmiyyətində təşviş yaradıb.

 

 

Erməni türkoloq Varujan Geqamyan da ermənilərə Azərbaycanın guya tezliklə müharibəyə başlayacağı barədə xəbərdarlıq edib: “Azərbaycanın və Türkiyənin yaxın günlərdə Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlayacağı ehtimalı yüksəkdir”.

Geqamyan bunun göstəricisi kimi Azərbaycanın guya Ermənistanla sərhəd boyunca Zəngəzur və Çəmbərəkənd rayonu istiqamətində çoxlu sayda hərbi texnika və canlı qüvvə toplaması ilə əlaqələndirib.

O, həmçinin qeyd edib ki, son günlər Azərbaycan hərbi-siyasi rəhbərliyinin Ermənistana qarşı sərt ritorikadan istifadə etməsi, eləcə də sərhəddə intensivləşən atışmalar guya Azərbaycanın genişmiqyaslı hərbi əməliyyat hazırlığının göstəicisidir.

Geqamyan bildirib ki, Azərbaycan Ordusu eyni zamanda, Naxçıvan istiqamətindən də irəliləyərək, bu hərbi əməliyyatla Ermənistanı iki yerə bölə bilər: “Söhbət Ermənistan ərazisinin ən dar hissəsindən – Cermux-Vayk xəttindən gedir ki, onun da eni 30 kilometri keçmir. Bu məsafəni qət etmək üçün Azərbaycan Ordusuna cəmi bir neçə saat lazımdır”.

Erməni türkoloq əlavə edib ki, Ermənistan ordusunun və rəhbərliyinin Azərbaycanın bu mümkün həmləsinin qarşısını alacaq gücü və imkanı yoxdur.

 

Erməni politoloq Qrant Melik-Şahnazaryan isə bildirib ki, artıq sosial şəbəkələr Azərbaycan Ordusuna aid hərbi texnikanın və canlı qüvvənin sərhəd boyu hərəkətilə bağlı videolarla doludur. Rusiya telegram kanalları isə hətta Azərbaycanın Ermənistanı hansı istiqamətdə vuracağı barədə məlumatlar yayırlar. Melik-Şahnazaryan şikayət edir ki, Nikol Paşinyan hökuməti bu “real təhlükəni” görməzdən gəlir. O da guya tezliklə Azərbaycanın hərəkətə keçəcəyi barədə xəbərdarlıq edib.

Göründüyü kimi, 30 il torpaqlarımızı işğalda saxlayan, vaxtilə hər addımbaşı “yenilməzlikdən”, “qəhrəmanlıqdan”, “qələbədən” dəm vuran erməni cəmiyyəti və ordusu Azərbaycanın cüzi hərəkətlənməsindən belə təşvişə, qorxuya düşəcək qədər miskin durumdadır...

azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136044