Azərbaycan Britaniyaya “xüsusi təyinatlılar” göndərsin!

2022-08-05 14:10:00

Azərbaycan Britaniyaya “xüsusi təyinatlılar” göndərsin!

Azərbaycanın Britaniyadakı səfirliyinə “Mehdi qulluqçuları” birliyinin hücumunda ən ciddi narahatlıq səfirliyimizin içərisinə girməkdir, bir də Bayrağımızın sökülüb yerə atılması zamanı bu yaramazlığa etiraz edəcək səfirlik əməkdaşının olmamasıdır.

Əlbəttə, bütün məsuliyyəti Britaniyanın daşıdığı şübhəsizdir. Azərbaycan mediası və ictimaiyyətinin Britaniyanın Bakıdakı səfirinə diqqəti də hər kəsə bəllidir, bu səfirliyin təhlükəsizliyinin təminində Azərbaycan dövlətinin mövqeyi də. Azərbaycanlıların Britaniyaya yatırımlar qoyması, şirkətlər qurması, bu ölkənin banklarında vəsaitlər saxlaması və ictimai-siyasi həyatında rol oynaması da bilinən faktdır. Yəni Britaniya-Azərbaycan münasibətləri kifayət qədər yüksəkdir, eyni zamanda, Londonda azərbaycanlıların aktivliyi ölkəmizin düşmənlərindən daha yuxarıdır. Bu baxımdan Britaniyanın məsuliyyəti sorğulanmalıdır və Britaniya XİN-i də, DİN-i də, kəşfiyyatı da açıqlama verməlidirlər – əvəzində Britaniyanın Bakıdakı səfirliyinin “araşdırırıq” kimi paylaşımını görürük və başa düşməyə çalışırıq ki, Britaniyanın Bakıdakı səfirliyi Londonda səfirliyimizə hücumu necə araşdırmaqdadır!

Bütün bunlar öz yerində, ancaq sual olunur: Azərbaycanın Britaniyadakı səfirliyini mühafizə edən kimsə varmı? Bu mühafizəçi və yaxud mühafizəçilər üzərlərində təhlükəsizlik məqsədi ilə silah gəzdirirmi?

Bir ölkənin səfirliyi – həmin ölkənin suveren ərazisi sayılır. Londonda Azərbaycan ərazisinə hücum edilib, binası zəbt edilib, Bayrağımız bir qrup marginal tərəfindən qoparılaraq yerə atılıb. Səfirliyin mühafizəçiləri onlara necə etiraz etməyib, qarşılarına çıxmayıb, Azərbaycanın ərazisinə soxulanlara silah tətbiq etməyib?

Ola bilər ki, odlu silahdan istifadə etmək məqbul sayılmayıb – çünki hücum edənlər silahlı deyildi. Bəs, elektroşok və yaxud pnevmatik silahlardan niyə istifadə olunmayıb və ümumiyyətlə, baş verənləri əks etdirən görüntüdə Azərbaycan səfirliyini qoruyanlardan tutmuş diplomatlara qədər, niyə görünmürlər, hücumçuların qarşısını niyə kəsmirlər?

Diplomatın vəzifəsi sözü, addımı, davranışı, intellekti ilə Bayrağı qorumaq, ölkənin maraqları uğrunda mübarizə aparmaqdır. Əgər söz, diplomatiya, intellekt sənin Bayrağının dalğalanmasına kifayət etmirsə və kimlərsə sənin ölkənin ərazisi sayılan səfirliyə hücum edirsə, o Bayrağı canı ilə qorumaq da diplomatın vəzifəsidir.

Yaşlı-başlı səfirin özünün şəxsən müdaxilə etməsini gözləyən və uman yoxdur - səfirin də qorunması orada çalışanların bir nömrəli vəzifəsidir və belə məqamlarda səfir xüsusi otaqdan çölə çıxmamalıdır. Ancaq ən azı gənc diplomatlar var axı orda!

O diplomat+ların ora hücum edənlərin hamısını “döyüb qovacaq” qədər fiziki imkanlara sahib olmasını da uman yoxdur. Ancaq “yalnız mənim meyitimin üstündən” deyilən bir anlayış var. Bayrağımıza əl uzadan şəxsə etiraz etmək diplomatın borcudur – eybi yox, qoy onu itələsinlər, vursunlar və bayrağı onun əlindən zorla alsınlar. Heç kəs bir şillə ilə yıxıldığı üçün diplomatı qınamayacaq – diplomatın silahı da, gücü də sözdür. Ancaq bütün dünya görəcək ki, Azərbaycan diplomatı möhtəşəm intellekti və sözü ilə bərabər, cılız canı ilə də Bayrağını qoruyur!

Azərbaycan Bayrağı Azərbaycanın suveren ərazisində yalnız son azərbaycanlı “öldükdən” – bu kontekstdə döyüldükdən, “zərərsizləşdirildikdən” – sonra endirilə və atıla bilərdi. O Bayraq yerə atılanda ən azı diplomatlardan biri qaçıb, Bayrağı yerdən götürə bilərdi - əgər onu təpikləyərdilərsə, eybi yox, öz canını Bayrağa sipər edərdi.

O təpiklərlə ölməzdi diplomatımız, heç o proses vaxtı kənarda durub baxan ingilis polisi də imkan verməzdi ki, Azərbaycan diplomatını küçənin ortasında təpikləyib öldürsünlər.

Səfirliyi – yəni Azərbaycanın suveren ərazisini qorumalı olan mühafizəçi ortalıqda görünməməklə, diplomat bayrağımızın sökülməsi zamanı canını oda atmamaqla - biri bəlkə də həbsdən, digəri isə xəsarət almaqdan qurtuldu – baxmayaraq ki, Azərbaycan səfirliyinin içində hər hansı ölüm baş versəydi, yalnız Azərbaycan səfirliyinin icazəsi ilə Britaniya polisi içəri girib, araşdırma apara bilərdi, əks halda, o mühafizəçi səfirliyin içərisində kiməsə xəsarət yetirdiyi və yaxud kimisə gəbərtdiyinə görə Azərbaycan qanunları ilə mühakimə olunacaqdı.

Qorundular – biriləri həbsdən, biriləri xəsarət almaqdan və yaxud ölməkdən.

Ancaq mənəvi baxımdan bütün azərbaycanlıların gözündə artıq öldülər.

Yəqin ki, Azərbaycan XİN o diplomatlarla bağlı ölçü götürəcək: Bayrağımız uğrunda canını fəda etməyi bacarmayan diplomat Azərbaycan üçün söz savaşına da çıxa bilməz.

Belə şəxslər Bakıda işləsələr yaxşıdır – ön cəbhəyə “xüsusi təyinatlılar” getməlidir – hər mənada...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059336