Saat:07:06
Haqqımızda

“Azərbaycan bölgədə Rusiyanın əsas dostuna çevrilib” iddiasına reaksiya

2024-02-27 16:16:15

“Azərbaycan bölgədə Rusiyanın əsas dostuna çevrilib” iddiasına reaksiya

Ermənistan KTMT üzvlüyünü dondurur. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu “Franse-24" telekanalına müsahibəsində bəyan edib. Paşinyan həmçinin Rusiyanı ittiham edərək bildirib ki, rus hərbçilər Ermənistanda çağırışdan yayınan Rusiya vətəndaşlarını oğurlayaraq Gümrüdəki hərbi bazada gizlədirlər.

Məsələyə münasibət bildirən rusiyalı politoloq Sergey Markov deyib ki, bu açıqlama hələ 19-cu əsrdə - Ermənistanın mövcud olmadığı vaxtlarda (Gümrüdə) yaradılan Rusiya hərbi bazasının oradan çıxarılmasına hazırlıqdır. “Paşinyan bunu Makronla danışıqlardan sonra Fransa televiziyasında deyib. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir”, - vurğulayıb.

Onun qənaətincə, Paşinyan və Makron mahiyyətcə Rusiyanı Cənubi Qafqazdan qovmaq və burada Fransa hərbi bazaları yaratmaq üçün sui-qəsd hazırlayıb. “Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilir”, - Markov Telegram kanalında yazıb.

Digər rusiyalı ekspert İqor Korotçenko isə hesab edir ki, Fransa Cənubi Qafqaz regionundan zorla çıxarılan Rusiyanı de-fakto əvəz etməyə başlayıb. “2024-cü ilin sonuna kimi İrəvan Gümrüdəki Rusiya hərbi bazasının bağlanması və orada Fransa hərbi bazasının yerləşdirilməsi ilə bağlı siyasi qərar qəbul edə bilər. Eyni aqibət Ermənistandakı Rusiya sərhədçilərini də gözləyir. Fransa hərbi bazasının ardınca çox yaxında Erebunidə Amerika hərbi hava bazası peyda ola və ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər”, - Korotçenko vurğulayıb.

Bəs baş verənlər fonunda doğrudanmı Azərbaycan Qafqazda Rusiyanın əsas dostuna çevrilir? Bu bizim üçün strateji hədəflər baxımından yaxşıdır, ya pis?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Paşinyan ötən həftə Fransa prezidenti Makrondan yeni tapşırıq və tövsiyələr almağa getmişdi: “Makronla danışıqlardan sonra Paşinyan regional sülh prosesini pozmaq və revanşı qızışdırmaqda daha da fəallaşıb. Fransa və digər Qərb ölkələrinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyi mübahisə doğurmur. Ukrayna müharibəsindən sonra bu istəklərini xeyli açıq ifadə etməyə başladılar. Azərbaycan Qarabağ münaqişəsini tam həll edəndən sonra isə Fransa və digər qərblilər antiAzərbaycan və anti-Rusiya siyasətini maksimum açıq aparmağa başladılar. Makron-Paşinyan cütlüyü bölgəmizdə Azərbaycan və Rusiyaya qarşı əməli planlar hazırlayır. Makronun Paşinyanı anti-Rusiya və anti-Azərbaycan ruhda qızışdırması konkret məqsədlərə xidmət edir. Ermənistan KTMT-dən, MDB- dən və Azərbaycanla sülh prosesindən çıxmağa sövq edilir. Fransa paralel olaraq Ermənistandakı Avropa İttifaqı missiyasını hərbiləşdirir. Ermənistan yeni hərbi texnika ilə təmin olunur. Fransa Ermənistanı Rusiyaya, Azərbaycana və Türkiyəyə qarşı güclü hərbi mərkəz kimi hazırlayır. Təbii ki, rus bazasının və rus sərhədçilərin Ermənistandan çıxarılması Fransanın əsas məqsədlərindən biridir.

Paşinyan bundan sonra Rusiya ilə bütün inteqrasion qurumlardan mümkün qədər uzaqlaşmağa çalışacaq. Paşinyana müxtəlif vədlərlə belə tapşırıq verilib.

Paşinyan KTMT və MDB ilə formal əlaqələri asanlıqla xeyli qısalda bilər. Bir dəfə deyır ki, tədbirlərinizə gəlmirəm, vəssalam. Necə ki, dəfələrlə deyib. Ancaq rus hərbçilərini Ermənistandan çıxartmaq Paşinyan üçün heç bir halda asan deyil, asan olmayacaq. Təbii ki, Makron Ermənistanda fransız qüvvələrini yerləşdirmək üçün əldən-ayaqdan gedir. Ancaq fransız hərbçilərini yerləşdirməkdən qabaq rus hərbçilərini çıxarmağı bacarmalıdır. Rusiya hərbi bazasını ölkədən ilk çıxarmaq cəhdi Paşinyanın intiharı olacaq".

Siyasi ekspertin fikrincə, Paşinyanın planları ancaq o halda uğur qazana bilər ki, Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti fakta çevrilsin: “Ancaq görünən odur ki, Paşinyan artıq Makronun vədlərinin eyforiyasına düşüb. Geosiyasi reallıqlar baxımından avantüristə çevrilib.

Azərbaycana gəldikdə isə ölkəmizin bölgədə Ermənistan və İrandan başqa hamı ilə dostluq, tərəfdaşlıq və müttəfiqlik imkanları və perspektivləri var. Bu istiqamətdə real iş də var. Rusiya ilə strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə keçidin ərafəsindəyik. Gələcəkdə Rusiya ilə strateji müttəfiqə də çevrilə bilərik. Ancaq Azərbaycan bölgədə Rusiya ilə strateji münasibətləri başqa heç bir dost ölkəyə qarşı çevirmir. Azərbaycanın Rusiya ilə münasibətlərinin unikal məzmunu var - dostluq, tərəfdaşlıq, ya müttəfiqlik olsun, əsas odur Azərbaycan onu bölgənin digər dost ölkələrinə qarşı çevirmir. Azərbaycanın bölgədə Türkiyənin, Rusiyanın dostu olmasında pis və qorxulu nə isə yoxdur".

Siyasi şərhçi Azad Məsiyev isə bildirdi ki, Paşinyan hələ jurnalist olduğu zamandan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən əməkdaşlığa cəlb edilmiş, sonra isə ABŞ-ın, "Soros" Fondunun dəstəyi ilə hakimiyyətə gətirilmiş şəxsdir. Amerika Paşinyanı məhz Ermənistanı Rusiyadan qoparmaq üçün iqtidara gətirib. Artıq bunu gizlətmək mümkün deyil, kartlar açıqdır. ABŞ Cənubi Qafqazı Ermənistan üzərindən tamamilə nəzarətə almaq və buradan Rusiyanı tamamilə sıxışdırıb kənara çıxarmaq istəyir: “İlk növbədə Ermənistanda bütün hakimiyyət qollarında aşağıdan ən başa qədər vəzifələrdə Amerikaya bağlı olan, Rusiyaya isə nifrət edən fiqurlar yerləşdirildi. Bundan sonra isə Rusiyaya qarşı demarşa start verildi. Artıq bu gün elə vəziyyət yaradılıb ki, Ermənistan hakimiyyətinin təmsilçiləri Rusiyaya sanki meydan oxuyurlar, Ermənistanın KTMT-də, MDB-də fəaliyyətini dondurduqlarını elan edirlər, Ukrayna prezidenti Zelenskinin İrəvana olacaq səfərinə Rusiyanın necə reaksiya verəcəyinin Ermənistanın vecinə olmadığını bəyan edirlər. Paşinyana və komandasına Rusiya ilə körüpüləri tamamilə yandırmaq təlimatı verilib. Paşinyan isə bu təlimatı layiqincə həyata keçirməkdədir. Qarşıya Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması hədəf qoyulub. Ermənistanla, eləcə də bütövlükdə Cənubi Qafqazla bağlı gedən proseslər, şübhəsiz, Azərbaycana da təsirini göstərir. Qərb yeni taktika həyata keçirməkdədir. Bu dəfə Amerika özünü nisbətən kənarda göstərməyə çalışır və Fransa ilə Almaniyanı önə çıxarıblar. Bölgəyə bu iki dövlətin müdaxiləsi müşahidə olunur. Fransa artıq müəyyən dərəcədə Ermənistana yerləşib”.

A.Məsizadə qey etdi ki, Qərb koalisiyası Cənubi Qafqazı tamamilə ələ keçirmək üçün Azərbaycanı da öz təsir dairəsinə almaq istəyir: “Azərbaycana son zamanlarda təşkil edilən təzyiqlər də bununla bağlıdır. Azərbaycan Ermənistandan fərqli olaraq hansısa kənar dairələrin, dövlətlərin əlində Rusiyaya qarşı işlədilən alət rolunu öz üzərinə götürməyib və götürmür. Bu, Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütmək xəttindən irəli gəlir. Azərbaycan qonşu Rusiya ilə həmişə normal münasibətlərdə olmağın tərəfdarı kimi çıxış edir. Dövlətimizin milli maraqları böyük dövlətlərin əlində qonşu dövlətə qarşı alətə çevrilməyi istisna edir. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əməkdaşlıq üzərində qurulub. Bu münasibətləri daha da dərinləşdirən 2022-ci ilin fevralında iki dövlət arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında saziş oldu. Bu saziş hər iki tərəfə bərabər imkanlar tanıyır. İndi bir sıra dairələr Azərbaycan-Rusiya münasibətlərini korlamağa çalışırlar. Cənubi Qafqazda qlobal güclərin mövqe savaşı gedir. Azərbaycanı da bu savaşda Rusiyaya qarşı qoymaq istəyənlər var. Lakin Azərbaycan bu savaşda alət olmaq niyyətində deyil. Azərbaycanın Rusiya ilə yaxın əlaqələri Amerikaya, Qərbə arxa çevirmək kimi qəbul edilməməlidir. Azərbaycan Amerika ilə də, Avropa ilə də əlaqələrini, əməkdaşlığı davam etdirir. Azərbaycan-Rusiya münasibətləri Türkiyə-Rusiya münasibətlərinin vəziyyətinə də uyğundur. Qardaş Türkiyənin Rusiya ilə əməkdaşlıq münasibətləri də Azərbaycanın Rusiya əməkdaşlığına təsir göstərir. Milli maraqlarımız hazırda bunu tələb edir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204579