Saat:22:33
Haqqımızda

Azərbaycan bank sektoru gəlirləri Gürcüstan və Ermənistanla müqayisədə niyə azdır?

2024-09-16 23:05:00

Azərbaycan bank sektoru gəlirləri Gürcüstan və Ermənistanla müqayisədə niyə azdır?

"Qeyri-neft sektorunun zəif inkişafı və müvafiq vəsaitləri həzm edə bilməməsi Azərbaycan banklarının xalis gəlirlərinin Gürcüstan və Ermənistan bankları ilə müqayisədə az olmasına gətirib çıxarıb".

Hurriyyet.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Azərbaycan bank sektoru gəlirlərinin Gürcüstan və Ermənistan bankları ilə müqaysədə az olmasının səbəblərindən danışarkən deyib.  

"Azərbaycan iqtisadiyyatı hazırda durğunluq vəziyyətindədir. İqtisadiyyat banklarda olan pulu həzm edə bilmir. İzafi likvidlik də əsasən məhz bu səbəbdən ortaya çıxır. Təbii neft sektoru güclüdür. Amma bank sektoru daha çox qeyri-neft sektoruna işləyir. Qeyri-neft iqtisadiyyatının inkişaf meylləri isə zəifdir və müvafiq vəsaitləri həzm edə bilmir. Bu da öz-özlüyündə banklarda pulun dövretmə sürətini aşağı salır. Belədə banklar daha böyük gəlir əldə etməkdən məhrum olur. Banklar eyni zamanda, məcburən pulu qiymətli kağızlar və sair izafi vəsaitlərdə yerləşdirir ki, burada da mənfəət çox aşağıdır", deyə Rəşad Həsənov bildirib.

Ekspertə görə, bankların böyük əksəriyyətinin maliyyə vəziyyətinin yaxşı olmaması da burada öz sözünü deyib: 

"Mənfəətin 70-80 faizi 3-4 əhəmiyyətli bankın payına düşür. Yüksək faizlərlə əmanətlərin cəlbi yolu ilə gəlir əldə etmək imkanları da məhduddur. Bank sektorundakı qeyri-şəffaflıq da burada öz sözünü deyə bilər. Bu sektorda hesabatlılıq aşağıdır və risklər var. Bu risklər fonunda vergi və digər fiskal öhdəliklərdən yayınmaq üçün bilərəkdən xərclərin şişirdilməsi meyli də ortaya çıxır. Bu da xalis mənfəətin daha aşağı olmasına gətirib çıxarır". 

Bank sektorunda rəqabətliliyin aşağı olması da mərkəz rəhbərinin fikrincə, Azərbaycan bankları ilə digər iki Cənubi Qafqaz ölkəsinin bankları arasında mövcud vəziyyətin yaranmasına təsir göstərib: 

"Banklarımızın xarici vəsaitləri cəlb etmək imkanları məhduddur. Azərbaycan bankları çox qapalı və mühifizə olunan mühitdə fəaliyyət göstərir, rəqabətə elə də meyilli deyil. Belə bir şəraitdə əlavə dəyərlərin əldə edilməsi meyli də aşağıdır”. 

Qeyd edək ki, 2024-cü ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən 23 bankın xalis mənfəəti 360 milyon dollar olub. Anoloji dövrdə Gürcüstanın 17 bankının xalis mənfəəti 524 milyon dollar, Ermənistanın 18 bankının xalis mənfəəti isə 443 milyon dollar təşkil edib. Belədə Azərbaycanın bir bankının orta hesabla xalis mənfəəti 15,7 milyon dollar olduğu halda, Gürcüstanda bu göstərici 30,8 milyon dollar, Ermənistanda isə 24,6 milyon dollar olub. Bu da o deməkdir ki, Azərbaycanın bank sektoru bir çox göstəricilərə görə Gürcüstan və Ermənistana uduzur.

 

Rüfət Sultan

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.209368