Saat:09:26
Haqqımızda

"Azərbaycan alternativ-bərpaolunan enerji istehsalı mərkəzlərindən birinə çevrilmək istəyir, lakin..." NATİQ CƏFƏRLİ

2023-02-03 14:24:00

"Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq"

"Azərbaycan alternativ-bərpaolunan enerji istehsalı mərkəzlərindən birinə çevrilmək istəyir, bunun üçün xarici və yerli investisiyaları cəlb etməyi düşünür. Hətta Qara dənizin altı ilə Rumıniyaya yüksək gərginlikli elektrik xətti də çəkməyi planlaşdırır. Bura qədər eyvallah, olsun, dünya da bu yolla gedir. Amma hökumət, nədənsə bunun təhlükəli tərəfləri haqqında düşünmür, danışmır, beynəlxalq güc mərkəzlərinin gündəliyini həyata keçirməyə çalışır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun fikrincə, təhlükə ondan ibarətdir ki, əgər pararlel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq: "Bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var. Onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri "bərpaolunan enerji iynəsinə" otuzdursunlar. Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək".

REAL-ın icra katibi hesab edir ki, bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq: "Bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, labaratoriyaları olan, bilikli müəllimlər dərs deyən ali məktəblər yaradılmalıdır. Pararlel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir. Əgər bu işlər pararlel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR