"Azdrama"dan işdən qovulan Çingiz Ələsgərovla bağlı AÇIQLAMA
Akademik Milli Dram Teatrı (Azdrama) 10-a yaxın işçinin teatrdan qovulması ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.
Hurriyyet.az xəbər verir ki, Teatrın mətbuat katibi Cavid Zeynallı Ölkə.Az-a açıqlmasında teatrşünas Çingiz Ələsgərovun işdən çıxarılmasının qanunvericiliyə uyğun şəkildə aparıldığını deyib:
"Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb.
Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin.
65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbidir", - deyə cavabda bildirilib.
"Azdrama"dan işdən çıxarılan digər şəxslərlə bağlı suala isə cavab verilməyib.
Qeyd edək ki Ç.Ələsgərov "Azdrama"nın bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırdığını deyib. O bildirib ki, bununla bağlı tapşırıq Mədəniyyət Nazirliyindən verilib.