Azay Quliyev: “Bu il sülh müqaviləsi imzalana bilər”

2023-01-16 11:18:00

Azay Quliyev: “Bu il sülh müqaviləsi imzalana bilər”

2022-ci ildə Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq, gərginliyi azaltmaq və 10 noyabr Üçtərəfli Bəyanatın bütün müddəalarının icrasına nail olmaq mümkün olmadı. Azərbaycanın səmimi istəklərinə və cəhdlərinə, o cümlədən irəli sürdüyü 5 baza prinsipinin qəbul olunmasına baxmayaraq, Ermənistan gözlənilən sülh müqaviləsini imzalamağa maraq göstərmədi. Çünki Ermənistan özünün havadarlarına güvənərək danışıqları uzatmaq taktikasını seçdi və bununla da, düşdüyü çətin və məğlub durumdan çıxmağa, mövcud reallığı öz xeyrinə az da olsa, dəyişməyə uğursuz cəhdlər etdi. Məqsədinə çatmaq üçün Ermənistan 2022-ci ildə Azərbaycanın əleyhinə bütün vasitələri və arsenalında olan kozırları diasporanı və lobbi qruplarını da cəlb etməklə tam gücü ilə istifadə etdi.

Ermənistanın əsas ümidləri və ya kozırları nə idi?

1) Əsas tərəfdaşı Fransanı maksimum nizamlama prosesinə cəlb etməklə və Azərbaycana qarşı yönəltməklə müəyyən üstünlüklər qazanmaq;
2) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyanı şantaj etməklə onlardan Azərbaycanın əleyhinə istifadə etmək;
3) İranın Azərbaycana qarşı qeyri-dost mövqeyindən faydalanaraq bu ölkədən siyasi və hərbi dəstəyi daha da artırmaq;
4) Sentyabr sərhəd toqquşmalarını və Laçın- Xankəndi yolundakı dinc aksiyanı bəhanə edərək beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı hər hansı bir sənəd qəbul elətdirmək.

Ermənistan bütün bunların hamısını paralel və xarici havadarlarının sinxron dəstəyi və məsləhəti ilə həyata keçirməyə çalışırdı.
İndi isə görək, Ermənistan nəyə nail oldu, nəyə nail olmadı?

1) Ermənistanın əsas tərəfdaşı Fransadan başlayaq. Bəli, Ermənistan Makronun sayəsində Azərbaycanla Fransa arasında münasibətlərin kifayət qədər pisləşməsinə, ölkəmzin əleyhinə beynəlxalq kampaniaynın genişlənməsinə, bədnam bəyanatların və parlament qətnamələrinin qəbul edilməsinə nail oldu. Hətta, Fransanın köməyi ilə Avropa İttifaqının məhdud sayda mülki müşahidə missiyasının oktyabr-dekabr aylarında (hazırda missiyanın müddətini uzatmağa çalışırlar) hər iki ölkənin sərhəddində yerləşdirə bildi. Ancaq bütün bunların heç biri yerdəki reallığı dəyişdirmədi, Azərbaycanın üstün mövqeyinin zəifləməsinə və yaxud Ermənistanın danışıqlarda əlinin güclənməsinə gətirib çıxartmadı. Əksinə, Fransanın iştirakı ilə 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən görüşdə Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyi prinsipini qəbul etdi. Bu, Azərbaycanın çox böyük diplomatik qələbəsi idi. Lakin sonrakı həftələrdə Makronun ölkəmiz əleyhinə verdiyi açıqlama onun vasitəçilik missiyasına ağır zərbə vurdu və dekabrın 7-ə Brüsseldə təyin olunan növbəti danışıqlar raunduna Ermənistan tərəfindən Fransanın dəvət olunmasına Azərbaycan imkan vermədi və beləliklə, görüş baş tutmadı.

Bundan sonra, deyəsən, Fransa vəziyyəti yenidən təhlil etməyə və Azərbaycana qarşı olan siyasətinin yanlış olduğunu anlamağa başladı. İki il əvvəl “Dağlıq Qarabağın müstəqilliyi”nin tanınmasının zəruriliyi haqqında qətnamə qəbul edən Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin bu ilin yanvarın 13-də İrəvanda rəsmi səfərdə olarkən “Fransa beynəlxalq hüquqdan irəli gələrək “Dağlıq Qarabağın” müstəqilliyini tanımır” məzmunlu bəyanat verməsini bu baxımdan qiymətləndirmək lazımdır. Bütün bunların hamısı onu deməyə əsas verir ki, Ermənistanın Fransadan istifadə etməklə vəziyyəti xeyrinə dəyişmək cəhdi iflasa uğradı.

2) 2022-ci ildə Ermənistan KTMT-ni və Rusiyanı əleyhimizə istifadə etmək üçün çox hər şeyə əl atdı. Sentyabrda sərhəddə geniş miqyaslı hərbi təxribatın baiskarı olan Ermənistan KTMT-ni öz çirkin niyyətlərinə alət etməyə çalışdı və qurumdan hərbi kömək istədi. Bu addımın arxasında Rusiyanı və KTMT-ni şantaj edərək onları iki seçim qarşısında qoymaq niyyəti açıq hiss olunurdu: a) Azərbaycana qarşı hərbi güc tətbiq etmək, bu olarsa, nə əla; b) bu, plan baş tutmasa, KTMT-nin heç nəyə yaramadığını səbəb gətirərək qərbdən və ya başqa yerlərdən hərbi dəstək əldə etmək. Məlum olduğu kimi, bunların heç biri baş tutmadı, hətta, böyük bacısı Fransa bildirdi ki, KTMT-dən çıxsa Ermənistanın təhlükəsizliyinə heç kim zəmanət verməyəcək. Azərbaycanın 2022-ci ildə həyata keçirdiyi Fərrux, “qisas” və Laçın əməliyyatlarını da bura əlavə etsək, görərik ki, Ermənistanın Rusiyanı bizə qarşı istifadə etmək avantürası da heç bir nəticə vermədi.

3) İranla bağlı vəziyyət bir qədər fərqlidir. Təəssüf ki, özünü islam dövləti adlandıran İran islamın dəyərlərini və müqəddəs yerlərini daima təhqir edən Ermənistana praktiki dəstəyi əsirgəməyən yeganə region ölkəsi olaraq qalmaqdadır. İranın keçən il Qafanda konsulluq açması, 27 nəfərlik təxriabtçı-diversantını Qarabağa göndərməsi, Araz boyunca ölkəmizə qarşı hərbi təlim keçirməsi, hər türlü hədə-qorxu, siyasi və informasiya təxribatları və hətta, Ukraynada dinc əhaliyə qarşı istifadə edilən dronları Ermənistana da tədarük etməsi hər kəsin məlumudur. Bu baxımdan etiraf etməliyik ki, İran cəbhəsində Ermənistan müəyyən uğurlara nail oldu.

Lakin sonda Azərbaycanın sərt və cəsarətli əks-tədbirləri nəticəsində İran da geri çəkilməyə məcbur oldu. İran rəsmilərinin, o cümlədən İran parlamenti sədrinin yanvarın 11-də Azərbaycanla dostluq münasibətlərini qoruyub saxlamağa çalışdıqlarını bildirməsi də qeyd etdiyim fikrin təsdiqi kimi qəbul edilə bilər. Ermənistan indi yaxşı başa düşür ki, Azərbaycan və Türkiyə tandemi, müttəfiqliyi və qardaşlığı qarşısında İran çox acizdir və ona bel bağlamağa dəyməz. Demək ki, Ermənistanın İranla bağlı ümidləri də özünü doğrultmadı.

4) Nəhayət, Ermənistanın 4-cü kozırını, beynəlxalq təşkilatları və BMT-ni ölkəmizin əleyhinə istifadə etmək mexanizmini işə saldı. Bildiyimiz kimi, 2022-ci ilin sentyabrın 12-də sərhəddə hərbi toqquşmalar başlamamışdan bir gün öncə Ermənistanın səfirlikləri təmsil olunduqları beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq rəsmiləri ilə görüş üçün müraciət etmişdilər. Yəni, sentyabrın 12-də sərhəddə başlanan qızğın döyüşlərin getdiyi vaxtda, artıq, erməni diplomatlarının xarici həmkarları ilə görüşləri keçirilirdi. Başqa sözlə, Ermənistan tərəfindən hər şey dəqiq hesablanmış, Azərbaycana qarşı çox böyük siyasi, hərbi və diplomatik təxribat hazırlanmışdır.

Ermənistan Fransanın köməyi ilə sentyabr döyüşləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı və var gücü ilə ölkəmizə qarşı hər hansı bir sənədin qəbul olunmasına çalışdı. Eyni cəhd dekabr ayında Laçın- Xankəndi yolundakı QHT-lərin və ekoloji fəalların dinc aksiyası bəhanə edilərək təkrar olundu. Hər iki cəhdin qarşısı uğurla alındı, Azərbaycan yenə də diplomatik döyüşdə qalib gəldi və erməni-fransız koalisiyasını acı məğlubiyyətə uğratdı.

Bundan başqa, Fransa ATƏT-də eyni oyunu davam etdirdi və konsensus prinsipinin kobud şəkildə pozulması hesabına “ATƏT-in ehtiyacların qiymətləndirilməsi heyəti” adlandırdıqları qrupun 21-27 oktyabr tarixlərində Ermənistana göndərilməsinə nail oldu. Lakin Azərbaycanın qətiyyətli mövqeyi və aparılan işlər nəticəsində ATƏT-in baş katibliyi iki ay sonra bildirdi ki, Ermənistana göndərilən qrupun qurumla heç bir əlaqəsi yoxdu, bu haqda qərar ATƏT-in müvafiq qərarverici orqanlarının və ya ATƏT-in katibliyi tərəfindən deyil, fəaliyyətdə olan sədrin şəxsi təşəbbüsü ilə verilib, yəni, bu addım özfəaliyyətdən başqa bir şey deyil. Bu da Ermənistanın ATƏT məcarasının miskin sonluğu oldu.

Beləliklə, göründüyü kimi, Ermənistan 2022-ci ildə bütün imkanlarından və malik olduğu kozırlardan istifadə edərək vəziyyəti öz xeyrinə dəyişmək üçün çoxlu cəhdlər etdi. Ancaq Azərbaycan bu cəhdlərin hamısının qarşısını məharətlə aldı, bütün döyüşlərdə- istər hərbi, istərsə də diplomatik döyüşlərdə Ermənistanı və onun havadarlarını darmadağın edərək qalib gəldi.

Sonda isə hesab edirəm ki, əgər, Paşinyan rejiminin az da olsa, praqmatik düşünmək qabiliyyəti qalıbsa, o zaman, keçən il məruz qaldığı uğursuzluqdan, həmçinin Makron, Pelosi və onun kimilərinin boş bəyanatlarının və axıtdıqları timsah göz yaşlarının Ermənistana heç bir fayda gətirmədiyindən düzgün nəticə çıxartmalı və bu il sülh müqaviləsinin imzalanmasına mane olmamalıdır. Ən vacibi isə Paşinyan Prezident İlham Əliyevin “2023-cü il sülh müqaviləsinin imzalanması baxımından Ermənistan üçün son şansdır” və ya “Rusiya sülh məramlılarının müddəti 2025-ci ildə başa çatır” bəyanatını təkrar-təkrar oxumalı və verilən mesajı adekvat dəyərləndirməyi bacarmalıdır.

Əlbəttə, bütün bu faktorlar 2023- cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalını yüksəldir, lakin bunun baş verməsi üçün beynəlxalq təşkilatlar və bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olan ölkələr də gərək öz səylərini bu istiqamətdə artırsınlar.

Azay Quliyev, millət vəkili

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140829