"AZAL inhisarçıdır, ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur" - NATİQ CƏFƏRLİ

2022-04-21 13:15:00

"Nədən hamının şikayətçi olduğu AZAL heç kimi və heç nəyi vecinə almadan həm büdcəni, həm də vətəndaşların cibini "sağmaqda" davam edir?!"

"Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, AZAL-da ciddi yoxlamalar başlanılıb, 2 aya yekunlaşacaq və ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcək. Dövlət qurumu araşdırmasında olsun, gəlin sizə indiyədək bilinən bəzi məsələlər haqqında məlumat verim. Dünyada məşhur olan "Deloitte" audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrinə görə, AZAL-ın məcmu zərəri 2018 ci ildə 151 mln 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub. 2021-ci il üçün məlumatlar hələ ki, yoxdur, amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlətrdən biridir – 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib. 

Politoloqun sözlərinə görə, AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir, ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur: "Bundan başqa, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır, büdcədən dotasiya, təyyarələri də büdcə hesabına alır, amma ziyanla, zərərlə işləyir. Prezidentdən tutun da sadə vətəndaşlara qədər hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir. Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının da əsas səbəbkarlarından biri də AZAL-dır – bazarı əlindən buraxmaq istəmir".

REAL-ın icra katibi ümid edir ki, Hesablama Palatasının başladığı yoxlamalar AZAL-ın idarəetməsinin, bu sahəyə münasibətin dəyişməsi ilə nəticələnəcək: "Yoxsa insanda sual yaranır ki, nədən hamının şikayətçi olduğu AZAL heç kimi və heç nəyi vecinə almadan həm büdcəni, həm də vətəndaşların cibini "sağmaqda" davam edir?!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya