Saat:12:22
Haqqımızda

Azadlıq meydanından Şuşa qalasınadək: istiqlalımıza və Qarabağımıza görə ONLARa borcluyuq!

2022-01-18 12:09:00

Azadlıq meydanından Şuşa qalasınadək: istiqlalımıza və Qarabağımıza görə ONLARa borcluyuq!

20 yanvar 1990-cı ilədək imperiya cəlladları Azərbaycan xalqının istiqlala gedən yolunu kəsmək, mübarizə əzmini qırmaq üçün çox ssenarilər qurdular, çox məkrli planları icra etdilər. Sovet “KQB”-si gah Sumqayıtda “erməni talanları” tamaşasını səhnələşdirdi, gah Bakıda... Amma imperiya cəlladları baxdılar ki, müydanlarda “Qarabağ” hayqıran, Topxana meşəsinin qırılmasını belə, sinirə bilməyən, üstəlik, 1989-cu ildə “İlin xalqı” titulunu qazanan Azərbaycan xalqını başqa cür susdura bilməyəcək, üstünə ordu göndərdilər...

Amma bu dəfə də istəklərinə çata bilmədilər, Azərbaycan xalqı Yanvar qırğınından sonra Lefortova zindanında cəza çəkmiş istiqlal şairi Xəlil Rza Ulutürk demişkən, “nallı çəkməli” sovet ordusunun tökdüyü qandan qorxmadı, əksinə, toplumun mübarizə əzmi daha da artı, istiqlalın alternativinin olmadığını özlüyündə tam yəqinləşdirdi. Beləliklə, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bəli, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqının taleyində faciədir. Amma təkcə böyük faciə deyil. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli səhifədir. İllər keçir, amma bu qanlı səhifələri oxuyan hər kəs millətimizin ucalığına, böyüklüyünə, əzmkarlığına təkrar-təkrar şahid olur. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

İllərdir o müdhiş hadisələrdən danışılır, yazılır, suallara cavablar axtarılır. Ən çox da “bu faciə baş verməyə bilərdimiz”, soruşulur. Cavablar müxtəlifdir. Amma bəlkə də artıq bu müzakirələrin heç bir əhəmiyyəti yoxdur. Çürüməkdə olan imperiyanı qoruyub-saxlamaq istəyən cəlladlar istiqlala susamış bir toplumun qanını tökməyi qəsd etmişdilərsə, bundan qaçmaq imkansız idi, şübhəsiz. Axı, bu, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət idi. Xalqın taleyi Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.

SSRİ-ni Qorbaçov parçaladı? Azərbaycandan baxış - BBC News Azərbaycanca

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Nəinki küçələrdəki əliyalın insanlar, hətta evlərinin eyvanından, pəncərəsindən boylanan sakinlərimiz də gülləyə tutuldu o gecə. Məqsəd öldürmək, bu xalqın “gözünün odunu” almaq idi. Düzdür, Azərbaycan xalqı “qırmızı ordu”nun hansı məramla gəldiyini 70 il əvvəl, 1920-ci ilin 27 aprelində görmüşdü. Amma nəsillər dəyişmişdi bu dövrdə, hətta xalqımız sovetlərin faşizmə qalib gəlməsi üçün nəinki malından, var-dövlətindən, hətta 300 mindən artıq canından keçmişdi.

20 yanvar hadisələrindən 27 il ötür

Gənclərimiz sovet ordusunda xidmət keçmişdi bu illər ərzində, “sovet ailəsi”nin üzvü olaraq. Bu mənada çoxları ağlına belə, gətirməzdi ki, sovet əsgəri ona atəş aça bilər. Özü də nəinki rezin güllələrdən, hətta zəhərli, insan bədənində “gəzib” də, bütün orqanlarını sıradan çıxarmağa qadir olan güllələrdən istifadə etməklə...Amma məlum oldu ki, üstündən 70 il keçsə də, imperiyanın mahiyyəti dəyişməyib. Üstəlik də “sovet ailəsi”nin təmənnasız üzvü olmuş Azərbaycan xalqının üzərinə “xüsusi ordu”göndərildi, Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantlar! Xankəndidəki “miatsum” şüarlarına qarşı çıxıb, “Ölərik, Qarabağı vermərik”, deyən xalqın üstünə təpədən-dırnağadək silahlanmış, əsas hissəsi erməni killerlərdən ibarət olan ordunu göndərdi Kreml. Məhz buna görəydi ki, sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edildi. Hətta tətbiq edilmiş fövqəladə vəziyyət haqqında belə, əhali xəbərdar edilməmişdi, məqsəd daha çox insanı qan gölündə boğmaq idi. 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular...

20 Yanvar faciəsindən 30 il ötür - Fotolar

Sonralar aparılan araşdırmalar nəticəsində məlum oldu ki, bu hərbi cinayət əvvəlcədən planlaşdırılıbmış. Belə ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnı” aerodromlarında, Respublika stadionunda, Salyan “kazarma”sında yerləşdirilib. Hələ fövqəladə vəziyyət elan olunanadək (!) artıq sovet ordusu cinayətlər törədib, qan töküb. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilib, 3 saat əvvəldən! Yəni məqsəd asayişi təmin etmək, qayda-qanun yaratmaq olmayıb, sadəcə bir məmləkətin paytaxtına quldur basqını edib, xalqı güllə-baran etməkdən ibarət olub. Faktlar ortada: fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək qatil hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə veriblər. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, hətta Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı, sanki bir ölkə digərinə hücum təşkil edib.

Heydər Əliyevin dərc olunmamış FOTOLARI

Qanlı hadisənin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək brifinq keçirən və sovetlərə sərt etirazını bildirən mərhum prezident Heydər Əliyev o zaman Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etmiş, rəsmi açıqlama verilməsini istəmişdi. Heydər Əliyev haqlı olaraq demişdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. Doğrudan da Azərbaycanda saysız topu-topxanası olan SSRİ rəhbərliyinin əlavə hərbi qüvvə göndərməsi heç şübhəsiz məqsədliydi.

akg-images -

 Vadim Bakatin

Fövqəladə vəziyyət elan edildikdən sonra, yanvarın 20-də və sonrakı günlərdə də qırğın dayandırılmadı, təkcə Bakı şəhərində 21 nəfər qətlə yetirildi. Qanlı “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiriblər: Azərbaycan xalqının düşmənləri!

O zaman Azərbaycanın hər yerində xalq ayaqda idi. Qanlı cinayəti törədənlər lənətlənirdi, etirazlar səngimirdi. Odur ki, qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Belə ki, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da imperiya cəlladları qan tökdülər: yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər heç bir əsas olmadan həbs edildi, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Yaralılara yardıma gələn həkimlər belə, qətlə yetirildi, bu fakt sovet rəhbərliyi və ordusunun mahiyyətini ortaya qoymaq üçün yetərlidir. Məlum hadisələr nəticəsində dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulduğu bildirilsə də, heç şübhəsiz, zərərin miqyası daha böyük idi.

Təəssüf ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın təşkilatçıları və icraçıları cəzalarını almayıb bu günədək. Necə ki, Qanlı Yanvardan sonra demək olar ki, eyni ssenari və erməni killerlərin iştirakı ilə törədilmiş Xocalı soyqırımına görə ədalət məhkəməsi qurulmayıb hələ də. Dünyadakı “ikili standartlar” hələ ki, hüquq müstəvisində ədalətin bərqərar olmasına imkan vermir. Bu “ikili standartlar” Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni işğalında qalmasına da səbəb olmuşdu, ordumuz nəhayət, təkbaşına ədaləti təmin etdi. Amma yuxarıda sadalanan hərbi cinayətlərə görə heç şübhəsiz ki, beynəlxalq miqyasda ədalət mühakiməsi qurulmalıdır. Bununla bağlı presedentlər kifayət qədərdir. Təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəməni xatırlayaq: 1945-46-cı illərdə baş vermiş, tarixə “Nürnberq prosesi” kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsdə - mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və sairə görə - hazırlamaqda və həyata keçirməkdə ittiham olunanlar ədalət məhkəməsinin hökmü ilə layiqli cəzalarını almışdılar. SSRİ və Azərbaycanın ozamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər var.

Qanlı Yanvar hadisələrindən 31 il ötür...

Azərbaycan xalqı onun taleyinə biganə yanaşan siyasi rəhbərliyi istefaya səsləsə də, hakimiyyət nəinki bu tələbi eşitmədi, üstəlik, ordunun Bakıya və digər şəhərlərimizə daxil olması, qan tökməsi üçün zəmin hazırladı o zaman. Heyrətamizi odur ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu “araşdırmaların sonunda” hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı. Bu da sovet hökumətinin başqa bir “ədalətli” qərarı. Məqsəd bir xalqı qan gölündə boğmaq olubsa, o halda ədalətin ortaya çıxarılması istiqamətində əlbəttə ki, cəhd göstərilməsini gözləməyə dəyməzdi...

Bütün tökülən qanlara rəğmən, 20 Yanvar hadisələri Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin mübarizə aparmağa sövq etdi, müstəqillik ideyaları ümummilli, alternativi olmayan, vazkeçilməz amala çevrildi,  Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Bakının ən yüksək nöqtəsində dəfn olunan şəhidlərimiz milyonlarla insanımızın çiynində son mənzilə yola salındı, əlisilahlı imperiya əsgərlərinin nəzərlərinin müşayiəti ilə. Azadlıq meydanından qərənfil yağışı altında Şəhidlər Xiyabanına, müqəddəs ziyarətgahına yürüyən bu xalq həmin gün bütün dünyaya göstərdi ki, heç nədən, heç kimdən, heç bir tirandan və imperiyadan qorxmur, istiqlal uğrunda, torpaq naminə uşaqdan-böyüyə qanından, canından keçməyə hazırdır! O mübarizə əzmi bu milləti azadlığına qovuşdurdu, artıq müstəqilliyimizin 30 ili geridə qalıb, məhz o döyüş ruhu işğaldakı Qarabağımızı azad etməyə imkan verdi, üçrəngli bayrağımız Şuşa qalasından dalğalanır. Bütün zəfərlərimizə görə şəhidlərimizə borcluyuq!

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR