Saat:12:39
Haqqımızda

“AYRILIQ” MAHNISI BARƏDƏ… - Və ya həqiqəti söyləmək də imandandır

2024-08-05 14:14:24

“AYRILIQ” MAHNISI BARƏDƏ… - Və ya həqiqəti söyləmək də imandandır

Öncədən deyirəm ki, mən bu yazını qalmaqal üçün ortaya qoymadım. Bu mənə qəti lazım deyil. Qalmaqaldan, mübahisədən uzaq adamam. Nə də ki, bu, gündəmdə olmağım üçün deyil. Yaşı ötmüş, xəstəliklərlə mübarizə apararaq yaşayan adamam. Gündəmdə olmaq nəyimə lazımdır. Ya da ki, bunu yazı xatirinə yazmıram . Yazıya daxil edilməli  o qədər tədqidat işlərim var ki.. İstilərin keçməsini, payızın gəlişini gözləyirəm, yalnız yazıları deyil, inşəallah mahnılarımı da ortaya çıxarmalıyam.

Bir həqiqəti sizə çatdırmaq istədim.

Latın məsəli: “Həqiqət birdir, uydurmalar istənilən qədər”. Həqiqəti söyləməyi hər kəs bacarmır və əksər hallarda həqiqət qəbul olunmur, öz yerini almır (çox əfsus). Həqiqətlə çox məsələlər açılır, incəliklər çözələnir. Həqiqətin içində tənqid də olur. Tənqidi kim xoşlayır ki...

1988-ci ildə və 1990-cı illərin əvvəllərində, milli azadlıq hərəkatı zamanı “Ayrılıq” mahnısı çox sevildi, konsertlərin və hətta toylarımızın da repertuarına daxil oldu. Mahnının sözləri Ərdəbildən şair Fərhad İbrahiminin, musiqisi uzun illər Təbriz radiosunda xalq çalğı alətləri ansamblının rəhbəri olmuş, tarzən-bəstəkar Əli Səliminindir. Sovet dövlətinin, Stalin rejiminin siyasəti nəticəsində  Ə.Səlimi də çoxları kimi 1938-ci ildə Bakıdan İrana deportasiya edilib. Bakıdan ora hazır tarzən, əsl musiqiçi kimi getmişdi. Onu Bakı musiqi mühiti yetişdirmişdi. Əlinin tar sənəti üzrə müəllimi ustad Əhməd Bakıxanov olmuşdu.

Məqsədə qayıdaq. Mahnının təsir yükü böyükdür, əsl əsərdir, burada doğrudan da bəstəkarlıq işi var, musiqi cümlələri ardıcıllıqla incə, zərif çalarlarla bir-birini əvəz edir. Mahnı düşünülmüş halda, təsir gücü baxımından həzin “Bayatı-Şiraz” məqamına əsaslanmışdır. Həm də bəstəkar əsərin təsir gücünü daha da artırmaq üçün “Segah”a (axı bu məqamda qəm-qüssə var) keçid edərək çalğı yeri verir və yenə əvvəlki məqama qayıdır.  

Əli Səlimi əsərdə öz hisslərini tərənnüm edib və ayrılığa düşdüyü anları yaşayıb. Bəstəkar mahnını o zaman bəstələyib ki, ondan incimiş xanımı, ömür-gün yoldaşı küsüb ata evinə sığınmışdı. Aylar ötdükcə Əli bu ayrılığa, hicrana dözə bilməyərək dərdini mahnıya çevirmişdi. Əsər ona görə təsirli alınaraq həmişəyaşarlıq qazanıb ki, burada dərin hissli, ürəyi məhəbbət dolu, sevgisindən ayrı düşməsinə dözə bilməyən həssas bir şəxsin yaşantıları, qəlb çırpıntları və insanlıq münasibətləri var.     

Yuxarıda qeyd etdiyim dövrdə, elə sonralar da, bu mahnı bizlərdə Şimal-Cənub ayrılığı, həsrəti, vətənin ikiyə bölünməsi kimi qəbuıl olunmuşdu. Əslində isə belə deyil. Bu mahnının sözləri məhəbbət mövzuludur, burada bir insanın öz sevgilisinin ayrılığına, hicrana dözə bilməməsindən bəhs edilir. Mahnının Güney-Qüzey ayrılığına aidiyyətı yoxdur. Zamanında mahnıya siyasi don geyindirildi, siyasiləşdirildi. Sözlər isə bunu demir.

Fikrindən gecələr yata bilmirəm,

Bu fikri başımdan ata bilmirəm.

Neyləyim ki, sənə çata bilmirəm.

Nəqarət:

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq.

 

Uzundur hicrində qara gecələr,

Bilmirəm mən gedim hara gecələr.

Vurubdur qəlbimə yara gecələr.

Nəqarət:

Rəşid Behbudov 1961-ci ilin sonları və 1962-ci ilin əvvəllərində İranda konsert səfərlərində olub. Tehran, İsfahan, Abadan, Şiraz, Məşəd, Ərdəbil, Zəncan, Təbriz və Xoy şəhərlərində konsertlər verib. Onu tarzən Əhsən Dadaşov, pianoçu Çingiz Sadıqov və qavalçalan Əzizağa Nəcəfzadə müşayiət edib. 

Təbrizdə olarkən Əli Səlimi Rəşid Behbudovla görüşüb və onu evinə qonaq çağırıb. Söhbət zamanı o, böyük müğənniyə iki mahnısını təqdim edib. Bildirib ki, Rəşid bəy bunları oxusa o, çox məmnun olar və özünü xoşbəxt sayar. R.Behbudov onun xahişini yerinə yetirərək Bakıya qayıdandan sonra bəstəkarın “Ayrılıq” və “Sizə salam gətirmişəm” mahnılarını repertuarına daxil etmiş, radio fonduna yazdırmış və canlı konsertlərdə oxumuşdur.

R.Behbudovun ifasında yazılışa götürülmüş “Ayrılıq” mahnısı çox gözəldir, təsirlidir. Ustad müğənni mahnını vokal sənətinin qaydası, xüsusiyyətləri nöqteyi-nəzərdən əla ifa edib və yaşayaraq oxuyub  

Bu populyar mahnını Rəşid Behbudovdan başqa müğənnilər də oxuyublar 

R.Behbudov mahnını canlandırıb, obrazı, duyğuları verə bilib, öz səsinin, vokal sənətinin imkanlarından istifadə edərək oxuyub və təbii ki, milli oxuma vasitələrindən bacarıqla yararlanaraq nəfəslər, xırdalıqlar da işlədib.

“Ayrılıq” mahnısının ən yaxşı ifaçısı İran müğənnisi əslən Azərbaycan türkü Ququşdur. Ququş bu mahnıya ürək qoyub, həzinlik qatıb, bər-bəzək, yaraşıq verib, xüsusi gözəllik bəxş edib və həddən artıq təsirli oxuyaraq “melizim”lərlə unikal sənət sərgiləyib.

Qeyd: “Ququş-əsl adı Faiqə Atəşin, atası-Sabir. Faiqə uşaqlıqda ağappaq olub, lap Ququ quşu kimi. Bax, buna görə ona Qu quşu deyilib, dialektdə, deyilişdə, sözü tez-tez işlədəndə Ququş adlanıb. Atası Faiqəni əzizləyərək deyərmiş, bu mənim Qu quşumdur. Bütün doğmalar üçün də Faiqə Qu quşu, Ququş idi.”

Bu, danılmaz bir faktdır hər hansı musiqi əsərində, həmçinin mahnıda obrazı vermək çox çətindir. “Ayrılıq”da şair də, bəstəkar da obrazı veriblər. Rəşid Behbudov və Faiqə Atəşin oxuduqları mahnı ilə obraz yaradıblar. Böyük sənətkarlıq budur.

Yaqub Zurufçu “Ayrılıq” mahnısını adı çəkilən müğənnilər səviyyəsində təqdim edə bilməsə də, bu onun sənət taleyini həll edib, ona böyük uğurlar gətirib, ad-san, şan-şöhrət qazandırıb, sadə dildə desək bəxti açılıb. Bunlar öz yerində, müğənni Almaniyadan, daha sonra Amerikadan Bakıya gələrək solo konsertlərə nail olub, fəxri ad alıb və başqa imtiyazlar da əldə edib. Hətta böyük məbləğdə maddi vəsait də qazanıb, lakin bunun bu mövzuya aidiyyatı yoxdur.

Azərbaycanın ikiyə bölünərək sinəsinə dağ çəkilməsinə, Şimal-Cənub ayrılığına, tarixin amansızlığına, qohum-qardaşın, doğmaların, şəcərə nümayəndələrinin bir-birindən ayrı düşməsinə aid Qüzeyli-Güneyli şair və yazıçılar o qədər əsərlər yazıblar ki... Bəziləri bizə tanışdır, illərlə oxumuşuq. Hətta elə yazılar var ki, oxuyanda az qalırdı adamın ürəyi dayansın, göz yaşları bizi boğurdu.

Əslində "Ayrılıq" mahnısının Güzey-Güney məsələsinə aid edilməsi Əli Səliminin də ürəyincə idi, ona sərf edirdi. Axı belə olması ona da şan-şöhrət, nüfuz, hörmət gətirərək böyük məhəbbət qazandırırdı. Yəni, görün, bəstəkar ən aktual bir məsələyə toxunub, böyük bir  xalqın dərdindən yazıb. Bəstəkar kimi onu məşhurlaşdıran "Ayrılıq" mahnısı olub.

Böyük, Ulu şairimiz Məhəmməd Hüseyn Şəhriyarın da bu mövzunu özündə əks etdirən məşhur “Aman ayrılıq” şeiri var. Bəzi bəndlərlə kifayətlənəcəyəm.

 

Bizi yandırır yaman, ayrılıq,

Bu darıxdıran duman, ayrılıq,

Gözə sovrulan saman, ayrılıq,

 Aman ayrılıq, aman ayrılıq.

 

Bir gözün açar, bir gözün yumar,

Arazı sərin gördükcə umar,

Xəzəri dərin gördükcə cumar,

Qəm dəryasına cuman ayrılıq.

Aman ayrılıq, aman ayrılıq.

 

Arazım dəysin baş daşdan-daşa,

Göz yaşı gərək başlardan aşa,

Necə yad olsun qardaş-qardaşa,

Nə din qanır, nə iman, ayrılıq,

Aman ayrlıq, aman ayrılıq.

Sonda deməliyik ki, “Ayrılıq” mahnısında siyasi motivlər deyil, dərin məhəbbət mövzusu var.

Əhsən RƏHMANLI

Tədqiqatçı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190914