Saat:21:09
Haqqımızda

Ayıbdı, cənablar! – ELDƏNİZ QULİYEV YAZIR

2023-02-03 14:58:00

Ayıbdı, cənablar! – ELDƏNİZ QULİYEV YAZIR

Bu, həqiqətən utanc gətirən işdi!..

Yenə dirijor çubuğu, yenə xor, yenə təşkil olunmuş kampaniya...

Bu dəfə hədəfdə Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqı və onun rəhbərliyidir... KİV səhifələrində qərəzli, bir çox hallarda isə alabəzək yalan və iftiraya bükülmüş məlumatlar yayılır. Ki, İttifaqın sədri Şəfiqə Məmmədova təşkilata ayrılan maliyyə vəsaitini mənimsəyir, qohum-əqrabasına paylayır, özünə 18 yerdə mənzil alıb və sairə və ilaxır.

Guya İttifaqdan kütləvi istefa verən kino xadimlərinin sayı artıq 20 nəfərə çatıb. Aktyorlardan biri deyir ki, mənə soyuq dəyəndə burnum axırdı, asqırıb-öskürürdüm və o vaxt İttifaq mənə pul vermədi...

Digəri deyir ki, mən Özbəkistan səhralarında 59 dərəcə istidə düz 17 filmə çəkilmişəm, Şəfiqə Məmmədova məni görəndə baş əyib reverans eləmir... Başqa birisi ərz eləyir ki, İttifaq gərək təcili surətdə 16 mərtəbəli bina, 82 bağ evi tikdirsin, üstəlik, hökumətdən 77 dənə maşın alsın və bütün bunları kamali-ədəblə padnosa qoyub öz üzvlərinə pay-puş eləsin...

Başdan ayağa saxta olan, yəni ölkədə keçirilən bütün saxta seçkilərin iştirakçısı və körükçülərindən olan başqa birisi ərz edir ki, ARKİ sədr seçkilərində dəhşətli-bombalı saxtkarlığa yol verib...

Eldəniz Quliyev dünyanın və özünüdərkin 68-ci ilində – AKI

Əlqərəz,  Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqı barədə tirjlanıb yayılan bu tipli məlumatların "qəhrəmanları", (20 nəfər deyilsə də, onlardan cəmi  beş nəfəri canfəşanlıq göstərir), əsasən çəyirtkə kimi küləkdən qorxub, bir İttifaqdan digərinə atlananlardı...  Düşünürəm ki, bu sayaq ittihamlar səsləndirənlə, əsasən öz şəxsi mənfəətlərini və komformist maraqlarını güdənlərdi.

Ş.Məmmədovanın rəhbərlik etdiyi İttifaqda bir çox tanınmış incəsənət xadimləri də var. Amma nədənsə (bunu təəssüf hissi ilə qeyd edirəm), onlar bir heykəl soyuqqanlığı və "müdrükcəsinə" susub da bu "stəkan fırtınasının" nə ilə bitəcəyini gözləyirlər.

Şəxsən mən, xor kollektivinə və xor  oxunuşuna heç də pis baxmıram, amma...

Amma xorda bu qədər xaric oxuyanları görəndə ətim tökülür.

Əlbəttə, sənətkar (teatr səhnəsində, yaxud kinoda) müxtəlif xarakterli, müxtəlif taleyli, o cümlədən müxtəlif simalı obrazlar yaradır, buna baxmayaraq, onun özünün bir siması, bir üzü olması və həyatda bu "üzü" qoruması vacibdir. Bu, şərəf və ləyaqət məsələsidir.

P.S. Qeyd edim ki, mən tərəf tutmuram və adı çəkilən ARKİ-nın də üzvü deyiləm, son dəfə Şəfiqə xanımı da keçən əsrin sonlarında görmüşəm. Sadəcə, haqqın bu sayaq nazilməsinə biganə qala bilmədim...

Eldaniz QULİYEV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR