Aydın Xırdalanlının ad günü qeyd olundu

2022-08-01 11:20:00

Aydın Xırdalanlının ad günü qeyd olundu

Dünən meyxana ustadı, şair, qəzəlxan Aydın Xırdalanlının doğum günü idi. Yaşasaydı 45 yaşını qeyd edəcəkdi.

Aydın Xırdalanlı (Aydın Hacı oğlu Quliyev) 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşaq idi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri Xalq artisti, aktrisa Amaliya Pənahova olub.

Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi din və qəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. Xırdalanda Cümə məscidinə azan verib.

1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Sənətkar həyatının son dövründə depressiyada olmuşdur. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb.

Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filminə baxaraq vəfat edib.

Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına dəfn olunub.

Allah rəhmət eləsin!

Şairin doğum günü münasibəti ilə onu sevənlər üçün gözəl bir qəzəlini paylaşırıq..

Bayramda bir ünvana ümidnən papaq atdım,

Puç oldu ümidim sonra gördüm nahaq atdım.

Asqırdım önə düşməyə ancaq dala düşdüm,

Çox addımı çox yerdə çoxundan qabaq atdım.

Düşdükcə,bulaşdıqca bataqlıqlara batdım,

Hey çırpınaraq çıxmaq üçün əl,ayaq atdım.

Qozbel ki,məsəl var düzələr öz qəbirində,

Mümkün də deyil düz ata bilsin çolaq addım.

Heç kim məni ram eləyə bilməzdi əzəldən,

Bir sevgili cananın önündə farağatdım.

Bəxş eləmişdi mənə Allah yetərincə,

Öz bəxtimə öz ruzimə durdum çanaq atdım.

Çoxdan xəbərim yox mənə çoxdandır atıblar,

Mənsə elə zənn eləmişəm mən qoçaq atdım.

Olsaydı cavan vaxtı olan indiki ağlım,

Yəqin ki, atardım düşünülmüş uzaq atdım.

Sənsiz ötüşən günləri xatırlamamaqçün,

Ömrün kitabından cırıb üç dörd farağ atdım.

Hər dəfə deyirlər mənə Aydın daha tərgiz,

Hər dəfə cavabım bu olur ki, bayaq atdım.

Dünən Aydın Xırdalanlının 45 yaşı olması, doğum günü münasibətilə “Xırdalan” qəzetinin təşkilatçılığı ilə Xırdalan şəhərində anım mərasimi keçirilib.

Aydınsevərlər, yaxınları, ailə üzvləri, meyxanaçılar, qəzəlxanlar, şair, yazıçı, jurnalistlər  və Xırdalan ictimayyətinin  iştirakı ilə əvvəlcə meyxanaçının Xırdalan qəbirstanlığında olan məzarı ziyarət edilərək, qəzəlxanın qəbri üzərinə tər qərənfillər düzülərək, ruhu ehtiramla yad olunub.

“Xırdalan” informasiya agentliyinin təşkil etdiyi Aydın-45 adlı anım mərasim Xırdalan şəhərində Heydər Əliyev parkında “Qağayı” kafesinin zalında davam edib. Aydın Xırdalanlının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib. Şairin qəzəlləri dinlənilib. “Xırdalan” informasiya agentliyinin rəhbəri Anar Nağıyev Aydın Xırdalanlı barədə geniş məlumat verdikdən sonra  tanınmış meyxanaçılar Hacı Mehman Əhmədli, Hacı Aydın Sanı, Elxan Xırdalanlı, Kamran Xırdalanlı, Cavanşir Əsgər, Qarabağ müharibəsi şəhid ailələri və Milli Qərəmanların cəmiyyətinin sədri Tərlan  Mahmudov, “Xırdalan” qəzetinin redaktoru Tələt Talıbov, Şairin qonşusu ağsaqqal Mutafa Abdullov, İdmançı, güləm müəllimi, Azərbaycan çempionu  Hamlet  Səmədov və digərləri Aydın haqqında yadda qalan xatirələrini mərasim iştirakçıları ilə bölüşdülər.

Natiqlər tərəfindən qəzələr deyilib, şerlər səslənib.

Sonda Aydının yaşadığı məhəllədə meyxanaçının xatirə lövhəsinin açlışı olub.

Aydın Xırdalanlının qardaşı Ziya Quliyev qardaşının ad günündə onu yada salan və bu günkü tədbirin təşkilatçılarına ailəsi adından öz təşəkkürünü bildirib.

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051615