Saat:20:05
Haqqımızda

“Ayaz Mütəllibovun bəyənmədiyim cəhəti o idi ki...” – Araz Əlizadə ilə MÜSAHİBƏ

2022-03-28 20:32:00

“Ayaz Mütəllibovun bəyənmədiyim cəhəti o idi ki...” – Araz Əlizadə ilə MÜSAHİBƏ

Gundem.az-ın suallarını Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə cavablandırıb. 

Müsahibəni təqdim edirik.

- Araz müəllim, uzun müddət eyni düşərgədə təmsil olunduğunuz eks-prezident Ayaz Mütəllibov bu gün dəfn olundu. Dəfn mərasimində iştirak etdinizmi?

- Bəli, iştirak etdim. 

- Sabiq prezident kimi Ayaz Mütəllibovun son mənzilə yola salınmasında insanların iştirak səviyyəsi sizi qane etdimi?

- Mən bu mərasimə daha böyük izdihamın qatılacağını gözləyirdim. Əsasən yaşlı nəsil iştirak edirdi. Əsas odur ki, keyfiyyət vardı. 

- Ayaz Mütəllibovun siyasətçi kimi xarakterini necə qiymətləndirirsiniz?

- Ayaz Mütəllibovun adı savadlı, mülayim, demokrat insan kimi Azərbaycanın siyasi tarixinə düşəcək. O, vaxtından tez hakimiyyətə gəldi. Qaragüruhçuların vaxtında hakimiyyətə gəldi və onların vaxtında da getdi. 1990-cı illərin əvvəllərində kim daha odlu-alovlu danışırdısa, xalq da onun arxasınca gedirdi. Ayaz Mütəllibovun bu cür natiqlik qabiliyyəti yox idi. Əlindəki imkanlardan, güc strukturlarından da qaragüruhçulara qarşı istifadə etmədi ki, ölkədə qardaş qanı tökülməsin. İstəmədi ki, bir adamın burnu qanasın. Özü deyirdi ki, hakimiyyət bir adamın qanına dəyməz. Ona görə də ölkədən getmək məcburiyyətində qaldı. Uzun müddət Moskvada yaşadı. Özünü əziyyətə verdi. Düşünürəm ki, Ayaz Mütəllibov Azərbaycan xalqının xatirəsində ziyalı, humanist insan kimi qalacaq. 

-  Bəs, Ayaz Mütəllibovun bir siyasətçi kimi zəif cəhəti nə idi?

- Kifayət qədər qətiyyətli deyildi. Mən o zaman deyirdim ki, qanuni iqtidar qanuni yollarla öz hakimiyyətini qorumalıdır. O isə belə bir addım atmadı. Qaragüruhçulara qarşı güc istifadə etmək istəmirdi. Bu onun zəif cəhətidir. 

- Ayaz Mütəllibova qarşı ən böyük ittihamlardan biri Xocalı soyqırımının qarşısını ala bilməməsi ilə bağlıdır...

- Ayaz Mütəllibov o zaman Xocalı faciəsinin qarşısını almaq üçün öz məhdud imkanlarından tam istifadə etdi. Tamerlan Qarayevi Ağdama göndərmişdi. Ermənilərlə danışıqlar aparılmışdı ki, insanlara toxunmasınlar. Onun ayrı imkanı yox idi. Ordumuz yox idi. Nə 1918-ci il rus imperiyası dağılanda, nə də 1990-cı ildə sovet imperiyası dağılanda Azərbaycanın ordusu olmayıb. Hər dəfə də torpaqlarımızı itirmişik. Ayaz Mütəllibov vətənpərvər insan idi və ən böyük arzusu Qarabağın Azərbaycana qaytarılması idi. Cənab İlham Əliyev sağ olsun ki, torpaqlarımızı azad etdi və Ayaz Mütəllibov bu dünyadan nakam getmədi. 

-  Onu həm də Rusiyanın adamı kimi qymətləndirirlər...

- Ona görə ki, Ayaz Mütəllibov hakimiyyətdən istefa verib birbaşa Moskvaya getdi. Onun ayrı yolu yox idi. 

- Ayaz Mütəllibovun komanda üzvləri necə, onu kifayət qədər müdafiə edə bildilərmi, fəaliyyətləri qənaətbəxş idimi?

- Xeyir. Ayaz Mütəllibovun komanda üzvlərinin çoxu ona xəyanət etdi və fəaliyyətləri də yarıtmaz idi.

- Onlar kimlər idi?

- Onların bir çoxu dünyalarını dəyişiblər. Rəhmətə gedən haqqında ya yaxşı danışmaq lazımdır, ya da susmaq. 

- Ayaz Mütəllibovla ondan sonra hakimiyyətə gəlmiş Əbülfəz Elçibəy arasında nə kimi fərqlər vardı?

- Əbülfəz Elçibəy cəsarətli idi, amma siyasətdə naşıydı. Ayaz müəllim savadlı və ziyalı idi. Aralarında böyük fərq vardı. 

- Siz Ayaz Mütəllibovla uzun müddət eyni siyasi partiyada təmsil olunmusuz. Amma son illər münasibətlərinizdə soyuqluq yaranmışdı...

- Xeyir soyuqlu deyildi bu. O, Bakıya gələndən sonra siyasətlə məşğul olmadı. Buna görə də biz artıq birgə fəaliyyət göstərəsi olmadıq. 

- Nəyə görə, Azərbaycanda Rusiyanın siyasətini dəstəkləyən adamları sevmirlər?

- Allah Qorboçova lənət eləsin. O, 20 yanvar faciəsini törətməklə Azərbaycan cəmiyyətində Rusiyaya qarşı o qədər nifrət yaratdı ki, hələ də onu aradan qaldırmaq mümkün olmayıb. 20 yanvarda hamı rusları lənətlədi. Halbuki lənətlənməliydi Kommunist Partiyası və onun rəhbərləri. 

- Amma sonrakı illərdə də Rusiyanın apardığı siyasət Azərbaycan cəmiyyətində narazılıq doğurub. Götürək Rusiya Müdafiə Nazirliyinin sonuncu açıqlamasını. Siz bu açıqlamanı ədalətli sayırsız?

- Əlbəttə, Rusiya Müdafiə Nazirliyinin sonuncu açıqlamasını ədalətli saymıram və haqlı olaraq cəmiyyətdə narazılıq yaradıb.  Bizim rəsmi qurumlar onların cavablarını verib. Rusiya Azərbaycana qarşı siyasətində ağıllı olmalıdır. Yaddan çıxarmalı deyillər ki, onlar Ukraynaya qarşı savaşa başlayanda Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzaladı. 

- Siz Rusiyanın Ukraynaya hücumuna haqq qazandırmısınız. Buna görə ictimaiyyətdə sizə qarşı kütləvi qınaq oldu. Həmin mövqedə qalırsınızmı?

- Bəli, mövqeyim dəyişməyib. Hesab edirəm ki, Rusiyanın Ukraynaya hücum etməkdən başqa yolu qalmamışdı. Qərb Ukraynada hakimiyyətə gəlmiş faşistlərdən istifadə edib Rusiyanı müharibəyə sövq etdilər. 

- Prezidenti və müdafiə naziri yəhudi əsilli olan bir ölkəyə faşizm damğası vurmaq nə dərəcədə məntiqlidir?

- Yəhudi əsilli birinin prezident olması o demək deyil ki, onlar faşist ola bilməz. Orduda salamı dəyişdirdilər.  "Salam, yoldaşlar!” əvəzinə "Yaşasın Ukrayna!”,  "Sağ olun!” əvəzinə isə "Qəhrəmanlara salam olsun!” ifadəsi işlədildi. Banderanı, faşizm cəbhəsində döyüşmüş ukraynalıları milli qəhrəman adlandırdılar. Bunlar hamısı göstərir ki, Ukrayna faşist ölkəsidir. Faşistlər orada azlıqdadırlar, amma hakimiyyətdədirlər. 

- Sizin Ukraynada baş verənlərlə bağlı proqnozlarınız necədir?

-  Ukrayna məğlub olacaq və hakimiyyət dəyişikliyi baş verəcək. Putinin bütün şərtləri qəbul olunacaq. 

Söhbətləşdi: Nurlan