AXCP-nin fəaliyyətində DƏYİŞƏN BİR ŞEY OLDUMU?

2023-09-19 12:40:43

AXCP-nin fəaliyyətində DƏYİŞƏN BİR ŞEY OLDUMU?

Fuad Qəhrəmanlı: "Hökumət anladı ki, Qubad İbadoğlu məsələsində buraxdığı səhvə bənzər yeni bir yanlışa yol verib AXCP-nin qeydiyyatını ləğv edərsə, bu, əlavə bir gərginliyin, problemin yaranması demək olacaq"

"Təqribən bir ay öncə, partiyaların qeydiyyatı ilə bağlı üzvlərin reyster siyahısına təqdim edilməsi ərəfəsində heç vaxt radikal ampluasında danışmayan, yazmayan bir neçə ekspert, jurnalist birdən-birə radikallaşıb müxalifətin bu prosesdən imtina etməli olduğunu yazmağa, danışmağa başladılar. Və hər dəfə də sözü gətirib çıxarırdılar AXCP-nin üstünə ki, bəs reyestrə siyahı təqdim etmək, partiyanın mövcud qeydiyyatının saxlanılmasını üçün lazım olan prosedur gərəyini yerinə yetirmək, sən demə hökumətin qılıncının altından keçmək, hansısa razılaşmalara, şərtlərin qəbul edilməsinə açıq olmaq demək imiş". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib.

Siyasi şərhçinin qənaətincə, "Roma papasından artıq katolik olmaq" misalı gərək ki, belə situasiyalara dənk gəlir: "Bir çoxu ömrü boyu bir partiya dayaq dəstəsinə belə, rəhbərlik etməmiş, çıxışlarında isə hər zaman balans gözləyən bu "siyasət çoxbilmişləri" feysbuk səhifələrindən, kiçik auditoriyalı efirlərindən AXCP-yə necə müxalifətçilik etmək, mübarizə aparmaq və siyasət yürütməklə bağlı ağıl verməyə, yol göstərməyə çalışırdılar. Ciddi cəhdlə belə təəssürat yaradılırdı ki, sən demə, AXCP reysterə siyahı təqdim etmiş olsa, bununla da prinsipial müxalifətçilik də əldən getmiş olacaq. Bəs həmin vaxt AXCP nə edirdi? Bu ərəfədə Ədliyyə Nazirliyinə siyahı verməyə hazırlaşan bütün partiyaların rəhbərləri öz ənənələrinə uyğun olaraq daha "bərkdən" susmuşdular. Yeganə AXCP idi ki, həmin ərəfədə iqtidarın ölkədə çox partiyalılığı ləğv etməyə çalışması ilə bağlı bir neçə dəfə kəskin məzmunlu bəyanatlar verib, sonra da bu bəyanatları ingilis dilində beynəlxalq təşkilatlara göndərməklə məşğul idi. Yeganə AXCP idi ki, Ədliyyə Nazirliyi əsassız yerə partiyanı qeydə almazsa, yenə də fəaliyyətini davam etdirəcəyini bildirirdi. Yenə də yeganə AXCP idi ki, "bizim təqdim etdiyimiz siyahı şübhə altına alınsa, 5 min üzvün şəxsiyyət vəsiqələrini Ədliyyə Nazirliyinə verməyə və lazım gəlsə, bu şəxslərin məhkəmədə də iştirakını təmin etməyə hazırıq" deyirdi".

Fuad Qəhrəmanlı qeyd edib ki, AXCP-nin bu hakimiyyətə münasibətdə ritorikası əvvəllər necə idisə, naziriyə siyahı təqdim olunduğu dövrdə eyni qaydada dəyişməz olaraq qaldı: "AXCP elə bir mükəmməl iş ortaya qoydu ki, hazırkı repressiv şərtlərdə partiyanın 5 min nəfər üzv təqdim edə bilməyəcəyi və bununla da heç bir zorakılıq edilmədən qanundankənar qalacağı ilə bağlı hökumətin ümidləri boşa çıxdı. Məlum beynəlxalq şərait üzündən hökumət anladı ki, Qubad İbadoğlu məsələsində buraxdığı səhvə bənzər yeni bir yanlışa yol verib AXCP-nin qeydiyyatını ləğv edərsə, bu, əlavə bir gərginliyin, problemin yaranması demək olacaq. Ancaq iqtidar görəndə ki, ən azı bu mərhələdə AXCP-nin qeydiyyatına əngəl yaratmaq olmur, o zaman ucadantutma heç 5-10 nəfər üzvü olmayan partiyaları da qeydə aldılar ki, bu prosesdə Xalq Cəbhəsi güclü görünməsin, yeganə kütləvi təşkilat kimi fərqlənməsin və prosesin ictimai təsir effekti aşağı düşsün. Bəs nə oldu, AXCP-nin fəaliyyətində dəyişən bir şey oldumu? Yox, bəs, o zaman yuxarıda haqqında danışdığımız, AXCP-yə "reyster müxalifəti" yarlığı yapışdırmaq üçün dil boğaza qoymayan o ekspertlər hardadır indi? Siz niyə yanlış ictimai rəy yaradıb ölkənin ana müxalifətini öz əli ilə qanundankənar vəziyyətə salmaq istəyirdiniz? Məqsəd nə idi? Əgər cəmiyyətimiz birdən siyasi səhv edib sizə inansaydı və AXCP də bu ictimai rəyə görə sizin dediklərinizə uyğun davranıb qeydiyyatsız qalsaydı, indi hökumət AXCP-ni qanundankənar elan edib onun fəaliyyətinin qarşısını almağa çalışmazdımı? Bu vəziyyətdə isə siz hakimiyyətin ana müxalifəti məhv etmək istəyinə qarşı onu müdafiə etmək yerinə durub "5 min üzvləri belə tapa bilmədilər", "bunu ona görə etdilər ki, seçkilərdə iştirak potensialları yoxdur" və. s deyərək hökumətin siyasətinə lazım olan fon yaratmaqla məşğul olacaqdınız. Açıq- aşkar dəyişən geosiyasi reallıqların ölkə siyasətinə təsirini və bu üzdən gələcəkdə meydana çıxa biləcək əlverişli situasiyaları nəzərə almadan, AXCP-nin özünü qanundankənar vəziyyətə salıb seçkilərdə iştirak imkanlarından məhrum etməsi əsil ağılsızlıq olmazdımı? Budurmu sizin siyasi "çoxbilmişliyiniz" və strateji uzaqgörənliyiniz? Siz bu ağıllamı AXCP kimi uzun illər ərzində ən kritik situasiyalarda, məhz, verdiyi doğru qərarlar hesabına ayaqda qala bilmiş və güclənərək ölkənin ana müxalifətinə çevrilmiş bir siyasi təşkilata ağıl vermək, yol göstərmək iddiasına düşmüsdünüz? Bunları ona görə yazıram ki, yanlışlarınızı yadda saxlayın ki, bir də gələcəkdə də hər hansı situasiyada növbəti dəfə qalxıb AXCP-yə məsləhət verməyə çalışmayın. Yox, əgər siz bundan sonra da özünüzü çox ağıllı hesab etməkdə davam edib yenə məsləhət vermək həvəsinizi cilovlaya bilməyəcəksinizsə, o zaman hər biriniz vaxtı ilə fəaliyyət göstərdiyiniz və indi AXCP-nin bir rayon təşkilatı gücündə belə olmayan keçmiş partiyalarınıza, təşkilatlarınıza bu məsləhətdən verin ki, onlar da keçmiş partiya yoldaşlarının müdrik tövsiyələrindən faydalanıb bərxudar olsunlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135153