“AXC-də dedim ki, ordu xalqı qıracaq, Pənah Hüseynov mənə gülürdü” — Zərdüşt Əlizadə 20 yanvardan danışdı

2022-01-14 23:53:00

“AXC-də dedim ki, ordu xalqı qıracaq, Pənah Hüseynov mənə gülürdü” — Zərdüşt Əlizadə 20 yanvardan danışdı

“20 yanvar hadisəsi SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) xalq hərəkatına yerləşdirdiyi agentlərin əli ilə törədilən bir təxribat idi. Hərəkatı məhv etmək, xalqı boğmaq üçün törədilmişdi”.

Hurriyyet.az bildirir ki, bu sözləri “Şərq” qəzetinə müsahibəsində Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadə deyib.

“20 yanvarda nə baş verdi? Bakıya sovet qoşunu yeridildi və camaatı buna qarşı qaldırdılar. Sovet qoşunları Bakıya yerləşdiriləndə Azərbaycan müstəqil olacaqdı? Əlbəttə, xeyr! Bakıda 4-cü ordunun komandanlığı yerləşirdi. Niyyət  demokratik hərəkatı boğmaq, xalqı qorxutmaq idi. Bakıda camaatı qaldırmışdılar. Bu, qanunu idi?”-deyə politoloq sual verib.

Z.Əlizadənin sözlərinə görə, paytaxtda əvvəldən 11 min 200 nəfər sovet qoşunu var idi: “Bakıda Hava Qüvvələri Diviziyasının qərargahı yerləşdirilmişdi. Hərb işindən, siyasətdən başı çıxmayan dayaz adamlar ağızlarına gələni danışırlar. Camaat da buna inanır. 20 yanvar xalqımıza qarşı bir təxribat idi. Bu təxribatı Dövlət Təhlükəsizliyi Komitəsi hərəkata salınmış casusların əli ilə həyata keçirdi. Sonradan hərəkata yerləşdirilmiş casusların adları açıqlanmadı”.

Z.Əlizadə deyib ki, bu agentlərin ifşasını tələb edib: “Həmin casuslar zərbə altından çıxarıldı və adları gizlədildi. Arxivlərin açılmasını tələb etdim, açmadılar. Mənə dedilər ki, bunun başına hava gəlib. Seçkiləri sentyabr ayına saxladılar. O vaxt müxalifət 60-70 faiz səs toplamaq əvəzinə, 25 faiz səslə kifayətləndi. Bu idi mahiyyət. Hakimiyyət uğrunda dava gedirdi. Hakimiyyətin yuxarı eşalonunda çat var idi.  Vəzirova qarşı partokratlar Xalq Cəbhəsindən istifadə edib mübarizə aparırdı, özləri isə rahat oturmuşdular.

1989-ci ildə Xalq Cəbhəsi idarə heyətində üç dəfə məruzə etmişəm ki, xalqı orduya qarşı qoymayın. Ordu gəlib xalqı məhv edəcək. Pənah onda mənə gülürdü.
Camaatı küçəyə çıxarıb qırdırdılar, özləri də evlərində gizləndilər. Yazıq camaatın xəbəri yox idi ki, ordu gələcək. Xalqa demişdilər, çıx, onlar da çıxmışdı”.